Namizədlər üçün “utanc lövhələri” və ya MSK-dan anlaşılmaz qərar

Namizədlər üçün “utanc lövhələri” və ya MSK-dan anlaşılmaz qərar

Müasir texnologiyaların mövcud olduğu zamanda bu cür qərarların məntiqini başa düşmək çətindir

 

Yanvarın 17-də Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan parlamentinə namizədlərin təbliğat-təşviqat kampaniyasına rəsmi icazə verəcək. Geridə qalan müddət ərzində namizədlər imzatoplama kampaniyasını həyata keçiriblər. Bu mərhələ üçün cəmi 21 gün vaxt ayrılmışdı.

 

2020-ci il parlament seçkiləri əvvəllər keçirilmiş bütün digər seçkilərə nisbətən fərqli bir xüsusiyyətə malikdir. Qeyd etmək lazımdır ki, Azərbaycanda həyata keçirilən islahatlar fonunda əhalinin müəyyən hissəsi, xüsusən də gənclər öz namizədliklərini irəli sürməyə təşviq edildilər. Üstəlik, əsaslı və ya əsassız - fərq etməz - əsas odur ki, çoxları özünü deputat kürsüsündə görür.

 

Demokratik Qüvvələrin Milli Şurasından savayı bütün siyasi partiyalar seçkilərdə iştirak edir. Artıq seçki intriqası mövcuddur ki, bu da demokratik bir prosedurun olduğunun göstəricisi kimi seçkilərin müsbət tərəfidir.

 

Belə bir şəraitdə hökumət və MSK üçün seçkilərin şəffaf olması və bütün siyasi qüvvələrin nəticələri tanıması vacibdir. Əks təqdirdə müsbət emosiyalar və həqiqi seçki ümidləri seçki iştirakçılarının məyusluğuna və qəzəbinə səbəb olacaq. Bu da yaxşı hal deyil, çünki dövlət üçün faydalı ola biləcəklərinə qərar verən hökumətin potensial müttəfiqləri aldanacaqlar. Hökumət və MSK bu seçkilərlə bağlı vacib qərarlar qəbul edərkən, belə incə və həssas məqamı nəzərə almalıdır.

Yuxarıda göstərilənlərin hamısı seçkidən sonrakı dövrlə bağlıdır. Lakin bu gün nəyin baş verdiyinə diqqət yetirməyə dəyər: müstəqil namizədlərin qeyd etdiyi kimi, bir çoxları gələcəkdəki problemlərlə üzləşməmək üçün adlarını açıqlamaq istəmirlər.

 

İndi isə namizədlərin təşviqat kampaniyası ilə bağlı müzakirəyə başlayaq. Dünyanın hər hansı bir ölkəsində parlament və ya prezident seçkiləri zamanı şəhərin hər yerində, ödənişli lövhələrdə, namizədlərin reklam görüntüləri nümayiş olunur. Lakin Azərbaycanda MSK seçki dairələrində namizədlərə istənilən yerdə reklam lövhələri qoymağı qadağan edir. Əks təqdirdə, MSK namizədin hüququnu ləğv edir. Afişaları yalnız MSK tərəfindən ayrılmış yerlərdə asmaq olar və bunun üçün də yalnız 4-5 yer ayrılır ki, bunlar da təbliğat banerindən daha çox "utanc lövhəsi"nə bənzəyir. Məsələn, ticarət obyektlərindən birinin qarşısında yalnız kiçik bir afişa yerləşdirə bilərlər.

 

Digər bir məsələ televiziyada seçki kampaniyası ilə bağlıdır. Burada 1 saniyənin qiyməti 65 manat müəyyən edilir ki, namizəd bir dəqiqə üçün 3900 manat ödəməlidir. Bu isə orta əmək haqqının, təxminən 500 manat olduğu bir ölkədə olan qiymətdir. Müasir texnologiyalarla müasir dünyada MSK qərarının məntiqini başa düşmək çətindir. Göründüyü kimi, onlar hələ də gecə saatlarında fəaliyyət göstərə bilən sosial şəbəkələr deyilən bir şeyin olduğunu tam başa düşməyiblər. Müəyyən namizədləri yayımlamağa hazır olan çox sayda “Youtube” kanalları mövcuddur.

 

MSK nəzarəti və səlis seçki yanaşması başa düşülə biləndir. Müstəqil namizədlərdən biri deyir: “Bəs seçkilərdə inzibati iştirakla əlaqədar nələr etmək lazımdır? Bəzi namizədlərə inzibati dəstək hansı kateqoriyaya aid edilməlidir? Üstəlik, bu dəstəyin hakim partiyanın namizədi deyil, müstəqil bir namizədə göstərildiyini qeyd etməliyik. Bu faktla nə etmək lazımdır?”.

 

Məsələn, dedikləri kimi oxşar vəziyyət, imza toplamaq üçün səy göstərməyən Qüdrət Həsənquliyevə inzibati yardımın göstərildiyi dairədə müşahidə olunub. Seçki dairələrinin heç biri öz namizədini şəxsən görməyib və namizədlərin seçicilərinə nə təklif etdiklərini də bilmirlər, lakin imzatoplama kampaniyası başa çatıb.

 

Bir sıra müstəqil namizədlərin qeyd etdiklərinə görə, Azərbaycanın hazırkı siyasi reallıqlarında namizədlərin işini çətinləşdirən amillərdən biri odur ki, seçki kampaniyasına pul ödəmək üçün iş adamları və ya maliyyəçilər tapmaq mümkün deyil. Azərbaycanda hələ parlamentdə müəyyən maraqlara dəstək verən siyasi mədəniyyət formalaşmayıb. Bütün maliyyəçilər siyasətə girməkdən çəkinirlər.

 

Hökumət bilərəkdən və ya əksinə, Azərbaycanda keçiriləcək parlament seçkilərinə cəmiyyətin gözləntilərini artırdı. Gəlirini itirməkdən qorxan narazı insanlarla namizədliklərini təqdim edən aktiv insanların sinxronlaşdırılması vəziyyətində problemlər yarana bilər. Buna görə 9 fevral seçkiləri və onların nəticələri ölkənin gələcəyi üçün siyasi atmosferi müəyyən edəcək dərəcədə həssas olacaq.

Müəllif: Nicat Hacıyev      15 Yanvar 2020 14:23
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin