“Səni axtarıram”a çıxmış uşaqla bağlı ziddiyyət: Qovulma, yoxsa qaçış?

“Səni axtarıram”a çıxmış uşaqla bağlı ziddiyyət: Qovulma, yoxsa qaçış?

"Hüseyni ancaq qapalı müəssisəyə yerləşdirmək lazımdır"

 

“Xəzər” telekanalında yayımlanan “Səni axtarıram” verilişi vasitəsilə Uşaq Sığınacaq Mərkəzinə yerləşdirilmiş Hüseyn adlı uşaq sığınacaqdan qovulub. AYNA-nın əldə etdiyi məlumata görə, bunu, Hüseynin sığınacağa yerləşdirilməmişdən öncə “yaşadığı” kafedə çalışan şəxslərdən biri deyib.

 

Onun sözlərinə görə, Hüseyn yenidən həmin kafeyə qayıdıb: “Hüseyn bura qayıdıb, deyir ki, onu Kəmalə qovub sığınacaqdan. Bura gələndə elə bildik ki, qucağında uşaq var, yaxınlaşanda gödük ki, paltarlarını da qoltuğuna verib göndəriblər. Uşaq yenə də burda qalmağa məcbur olacaq, stolların üstündə yatacaq. Müdirimiz Xoşqədəm Hidayət qızı ilə əlaqə saxlayacaq, soruşacaq ki, uşağı sığınacağa yerləşdirmələri nə idi, geri göndərmələri nə?”.

 

Məsələ ilə bağlı AYNA-ya açıqlama verən sözügedən sığınacağın - Uşaq Sığınacaq Mərkəzinin rəhbəri, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Hüseynin sığınacaqdan qovulması ittihamını qəbul etmədi: “Hüseyn özü qaçıb sığınacaqdan. Dünən saat 5-də qapını qonaq üçün açanda qaçıb. Bunu burda olan onlarla uşaq, böyük görüb. Artıq 3-cü dəfədir ki, çıxıb qaçır və yenə geri dönür, hər dəfə də gələndə bərbad durumda qayıdır, qəbul edirik”.

Ağazadənin sözlərinə görə, Hüseyn zərərli vərdişlər aludəçisidir: “Kəmalə xanımdan niyə 30 uşaq qaçmadı, paltarı qoltuğuna verilmədi, amma bu verildi? Uşaq qalmır burda, hər dəfə bir yolla çıxır, zərərli vərdişin vaxtı gələndə onu qızıla da tutsaq, gedəcək. Amma heç kim anlamır ki, mən uşağa nə içki, nə siqaret, nə də kley verə bilərəm”.

 

Sığınacaq rəhbəri Hüseynin bu vəziyyətə düşməsinə görə, kafeləri ittiham edib: “Həmin kafelər bu uşaqları bərbad günə qoyub. O kafe, bəyəm ürəyi yandığına görə onu yanına alır? Oğurluq edib, pul gətirir onlara, onların da alveri gedir. O kafedəkilər keçən dəfə onun kurtkasına qədər alıb, üstümüzə göndərmişdilər”.

 

“Uşaqdır, amma küçədəki bütün eybəcərlikləri görmüş, davranış pozuntusu olan biridir. Küçə vərdişlərini unutdurmaq üçün onu, ancaq qapalı müəssisəyə yerləşdirmək lazımdır. Başqa variant yoxdur”, - deyə müsahibimiz vurğulayıb.

Müəllif: Rumiyyə Miraslan      14 Yanvar 2020 15:40
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin