Dövlət İmtahan Mərkəzi yeniliyə aydınlıq gətirib

Dövlət İmtahan Mərkəzi yeniliyə aydınlıq gətirib

Bakalavr müsabiqədə imtahanda topladığı bal əsasında iştirak edəcək

 

Magistraturaya qəbul bakalavrın birmərhələli qəbul imtahanından topladığı bal əsasında aparılacaq. Bu barədə AYNA-ya Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, bakalavr müsabiqədə imtahanda topladığı bal əsasında iştirak edəcək. Ümumi orta müvəffəqiyyət göstəricisindən (ÜOMG) isə müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox bakalavrı fərqləndirmək üçün əlavə göstəricilərdən biri kimi istifadə edilir.

 

“Bir daha qeyd edək ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmaları və jurnalistika üzrə magistratura ixtisaslaşmalarından başqa qalan bütün ixtisaslaşmalara qəbul imtahanı bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsi nəzərdə tutulub”, - deyə Mərkəzdən qeyd olunub.

 

DİM diqqətə çatdırır ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı (məntiq, informatika, xarici dil) nəticələri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar isə qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar ixtisas seçiminə buraxılacaqlar.

Müəllif: Ayna.az      14 Yanvar 2020 15:09
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin