Nərmin Quliyeva cinayəti ilə bağlı Baş prokurora müraciət olundu

Nərmin Quliyeva cinayəti ilə bağlı Baş prokurora müraciət olundu

“Narahatlığın da aradan qaldırılması üçün istintaqın gedişi ilə bağlı mütəmadi olaraq ictimaiyyətin məlumatlandırılmasını vacib hesab edirik”

 

Cəmiyyətdə Tovuz cinayəti və qurban Nərmin Quliyeva ilə bağlı müzakirələr davam edir. Hər kəs cinayətin tezliklə açılmasını tələb edir.

 

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məsələ ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova müraciət ünvanlayıb. AYNA xəbər verir ki, müraciətdə deyilir:

 

“Cənab Baş prokuror!

 

Məlum olduğu kimi, 2019-cu ilin noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyiti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb. Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

Hadisənin mənəvi və ictimai yükünün böyük olduğu nəzərə alınaraq, cəmiyyətdə ciddi narahatlıq və geniş müzakirə doğruması anlaşılandır.

 

İndi Azərbaycan cəmiyyətini bu cinayətin kim və ya kimlər tərəfindən törədilməsinin aşkarlanması, günahkarların tezliklə müəyyənləşdirilərək cəzalandırılması düşündürür, müzakirələr də məhz bu istiqamətdə gedir. Digər tərəfdən, cəmiyyətdə bu məsələ ilə bağlı informasiya azlığının yarada biləcəyi anlaşılmazlıqları nəzərə alaraq, ictimai müzakirələrin yanlış istiqamətə yönləndirilməsi narahatlığı var.

 

Cənab Baş prokuror!

 

Azərbaycanın hüquq sisteminin ədalət və aliliyinə inamımızı ifadə etməklə, istintaqın qısa zaman kəsimində yekunlaşdırılacağı, cinayəti törədən şəxs və ya şəxslərin müəyyənləşdirilərək məhkəmə qarşısında cavab verəcəyini gözləyirik. Bu, bütün Azərbaycan cəmiyyətinin gözləntisidir.

İstintaqın indiki mərhələsində ən yaxşı ekspertlərin prosesə cəlb olunması cinayəti törədənin qısa zamanda aşkarlanacağına inamımızı artırır. Bununla belə, cəmiyyətdə yaranan narahatlığın da aradan qaldırılması üçün istintaqın gedişi ilə bağlı mütəmadi olaraq ictimaiyyətin məlumatlandırılmasını vacib hesab edirik.

 

Cənab baş prokuror!

 

Yaranmış indiki şəraitdə zorakılıqla mübarizədə ixtisaslaşmış qeyri-hökumət təşkilatı olaraq, ailəyə profilimiz daxilində dəstəyin verilməsi, ailədəki azyaşlının “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilməsi kimi dəstəyə hazır olduğumuzu bəyan edirik”.

Müəllif: Ayna.az      9 Yanvar 2020 15:54
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin