Süleymani qətlinin izi haralara aparır – CİDDİ ŞÜBHƏLƏR

Süleymani qətlinin izi haralara aparır –         CİDDİ ŞÜBHƏLƏR

Politoloq: “Generalın öldürülməsində İran rəhbərliyinin marağının olması istisna deyil”

 

Yanvarın 3-də İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qanadının komandanı, general Qasım Süleymaninin Bağdad hava limanında, amerikalıların bombardımanı zamanı həlak olması bütün dünyada böyük rezonansa səbəb oldu. Hətta gərginlik elə həddə çatıb ki, iki ölkə arasında açıq müharibə təhlükəsi meydana çıxıb.

 

Baş verənlər Azərbaycanda da həssaslıqla izlənir, qızğın müzakirələrə səbəb olur, hətta bəzi hallarda vətəndaşlarımız iki cinaha bölünüb bir-birilərini sərt ittiham edirlər.

 

Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin professoru, politoloq Toğrul İsmayıl mövzuya dair AYNA-nın suallarını cavablandırıb:

 

- Toğrul müəllim, general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra iki ölkə arasında gərginlik şiddətlənsə də, daha çox sözdə təhdidlərin şahidi olurduq. Lakin yanvarın 8-nə keçən gecə İran ABŞ-ın İraqda yerləşən aviabazalarına raket zərbələri endirdi və bunun sadəcə kiçik bir intiqam olduğunu açıqladı. Hadisələrin bundan sonrakı məcrasını necə proqnozlaşdırırsınız?

 

- Amerika uzun illərdir ki, İrana qarşı sərt siyasi taktikalar həyata keçirir. Buna qarşılıq olaraq İran da öz mövqeyini bildirirdi. Təbii ki, bu, bir növ elan edilməmiş müharibə əlamətləri idi. Lakin indi hər iki ölkə yeni bir mərhələyə qədəm qoyub. Amerika Birləşmiş Ştatlarının Qasım Süleymanini qətlə yetirməsinin səbəblərindən biri, İranın “Haşdi-Şabi” qüvvələri ilə birlikdə ABŞ-ın İraqdakı səfirliyinə yenidən hücum etməsi oldu. Təbii ki, Amerika bunu cavabsız qoymayacaqdı və bunun nəticəsində də İranın ən çox reklam edilən, mifoloji şəxsiyyət obrazına gətirilən generalı - Qasım Süleymani aradan götürdü. Əslində, bir çox dövlətlərin Süleymani kimi nüfuzlu şəxsiyyətləri var. Amma onların şəxsiyyətləri haqqında heç kimin məlumatı yoxdur. İran tərəfi isə son illərdə şüurlu şəkildə bu adamı gündəmə gətirdi və reklam etməyə başladı. Təbii ki, bu adam populyar olduqca, onun İraqda və Suriyada həyata keçirdiyi əməliyyatlar həddindən artıq dəyərləndirilməyə başladı. Bu baxımdan da, Süleymaninin qətlə yetirilməsi dünyada böyük rezonansa səbəb oldu.

Əslində, Suriyada istər Rusiyanın, istər Amerikanın, istərsə də Britaniyanın generalları və kəşfiyyatçılarının öldürüldüyünü bilirik. Yəni bu, bir növ siyasi kəşfiyyat oyunlarıdır. Amma bu cür reklam olunan bir şəxsin öldürülməsi ilk dəfə idi və ona görə də güclü əks-səda doğurdu və İran üçün simvolik xarakter daşımağa başladı. Təbii ki, bu da İran üçün çox vacib idi. İran ona İslam şəhidi libası geyindirməklə “kafir” Amerikanın müsəlmanlara zülmünü göstərməyə başladı. Halbuki, Qasım Süleymani İran kəşfiyyatına bağlı olaraq bir çox məsum insanın öldürülməsində xüsusi rol oynamış insanlardan biridir.

 

Təbii ki, Amerikanın bu addımından sonra İran rejimi özünü güclü göstərmək üçün cavab verməli idi ki, dediyiniz gecəki raket zərbələri ilə bu cavab verildi. İran tərəfi 80 amerikalının öldürüldüyünü açıqlasa da, Amerika tərəfi heç bir itki olmadığını bildirdi. İstənilən halda, Süleymaninin öldürülməsini İranla Amerika arasında “isti” qarşıdurmanın ilk siqnalları kimi qələmə vermək olar. Əslində, bu, ABŞ üçün İranı vurmaq baxımından çox yaxşı bəhanədir. Lakin indiki vəziyyətdə ABŞ belə bir riskə gedəcəkmi, bu, artıq çox müəmmalıdır. Buna baxmayaraq, Tramp Demokrat liderlərdən fərqli olaraq qətiyyətli addımlar atmağa davam edir. Hətta, bəzən mütəxəssislərin ağlına belə, gəlməyən qərarlar verir. Yəni biz açıq şəkildə deyə bilərik ki, hər iki ölkə yeni qarşıdurma mərhələsinə artıq addım atıb. Düzdür, bu və ya digər hədəflərə hücumların, sui-qəsdlərin aktiv olacağını düşünürəm, lakin son mərhələdə gərginlik artmağa davam etsə, şiddətli qarşıdurma da qaçılmaz olacaq.

 

- Sizin də qeyd etdiyiniz kimi, qarşıdurmanın yumşaldığından daha çox şiddətləndiyini müşahidə edirik. Belə olan halda, bu gərginliyi Üçüncü Dünya Müharibəsinin əlamətləri kimi qələmə vermək olar?

 

- Amerikaya, xüsusilə də İrana bu gərginlik lazım idi. Amerikaya ona görə lazım idi ki, İsraili qoruya bilsin. Çünki İsrail üçün üç “şeytan” ölkə var ki, onlardan biri İrandır. Digərləri isə İraq və Suriyadır. Suriya və İraq aradan qaldırılıb deyə, növbə İrana çatmışdı. Amerika Birləşmiş Ştatları heç vaxt bu hədəfdən imtina etməyib. Amma İran üçün vacib olan məsələ daxildəki sosial və iqtisadi probelmlərin həllindən ibarətdir. İran ciddi şəkildə iqtisadi problemlər yaşayır və rejim üçün bu tənəzzülün səbəbkarı lazımdır. Əlbəttə ki, özlərinin pis idarəçilik siyasətini arxa plana salmaq, “kafir” və “şeytan” Amerikanın sanksiyaları və onları müharibəyə cəlb etdiyi üçün bu duruma düşdüklərini göstərmək istəyirlər. Bu səbəbdən də İran üçün belə bir propoqanda çox əhəmiyyətli idi. Diqqət etsək, İranın yumuşalmağa deyil, daha da sərtləşməyə getdiyini görərik. Əlbəttə ki, güclərin adekvat olmadığını İran bildiyi üçün, nəticənin də necə olacağını yaxşı başa düşür. Digər tərəfdən, Üçüncü Dünya Müharibəsinin başlaması da inandırıcı deyil. Çünki Suriya və İraqda olduğu kimi, heç bir böyük dövlət İrana görə, ABŞ-la qarşı-qarşıya gəlmək istəməz.

- Belə çıxır ki, Süleymaninin öldürülməsində İran rəhbərliyinin marağı olub?

 

- Ehtimallar var. Bu cür hədəflərin vurulmasında, adətən içəridən əldə olunan məlumatlar rol oynayır. Lakin bunu İran, yaxud İraq tərəfinin söylədiyini demək olduqca çətindir. Bu hadisə eyni ilə Cövhər Dudayevin öldürülməsinə bənzəyir. Ruslar Dudayevi dəfələrlə öldürməyə cəhd etsələr də, heç vaxt onun yerini müəyyənləşdirə bilmirdilər. Lakin sonda müəmmalı şəkildə onu qətlə yetirə bilmişdilər. Yəni hədəf bəlli bir istiqamət tərəfindən verilmədikcə, nəticə əldə etmək olmur. Çünki bunun üçün qarşı tərəfin dəqiq informasiyası lazmdır. Yəni Süleymani kimi ağıllı bir adamın sadəlövh şəkildə bir maşına minib və həmin maşınla ortalıqda gəzdiyi, sonra da ABŞ hücumlarına məruz qaldığı heç də inandırıcı deyil. Ancaq ehtimallar onu göstərir ki, ya İraq tərəfi, ya ABŞ kəşfiyyatının Süleymaninin yaxınlığına yerləşdirilmiş üzvləri, ya da daxili rəqabətdə Süleymaninin nüfuzunun artmasından qorxan adamlar ona “əncam” çəkiblər. İstənilən halda faktlar və sübutlar olmasa, dəqiq nəsə demək mümkün deyil. Faktların isə yaxın zamanlarda üzə çıxacağını hesab etmirəm.

 

- Qasım Süleymanin öldürülməsi Azərbaycanda da böyük rezonansa səbəb oldu. Hadisəyə dövlət səviyyəsində konkret münasibət bildirilməsə də, ictimaiyyət bir neçə cinaha parçalandı. Bəs, Türkiyədə bu hadisə necə qarşılandı?

 

- İlk növbədə onu qeyd edim ki, bu, Azərbaycanın yox, İranın məsələsidir. Süleymani İranın dövlət məmurudur və Azərbaycanla heç bir əlaqəsi yoxdur. O, İran maraqlarını qoruyan bir məmur idi. Məlum olduğu kimi, İran da Ermənistana açıq-aşkar dəstək verir və Süleymaninin də Azərbayacan qarşı ciddi fəaliyyətləri olub. Doğrudur, bir dövlət məmurunun öldürülməsinə görə, başsağlığı vermək, ən azından diplomatik etikadır. Amma unutmaq olmaz ki, Azərbaycanda İranın təsir dairəsində olan çox sayda şiə aktivistlər var. Lakin Azərbaycan cəmiyyətinin bu məsələyə görə parçalanması olduqca acınacaqlıdır və Azərbaycan cəmiyyətinin bu cür məsələlərdə nə qədər zəif və məlumatsız olduğunun göstəricisidir. Ağlı başında olan bir insan birinci öz vətənini sevməlidir. Qasım Süleymanin fəaliyyətləri Azərbaycan üçün çox neqativ olub. Dövlətinə qarşı də neqativ münasibət sərgiləyən adama həmin dövlətin vətəndaşlarının şəhid deyib göz yaşı tökməsi axmaqlıdır.

 

Türkiyə cəmiyyətinə gəlincə isə, Türkiyədə anti-Amerika psixologiyası çox yüksəkdir. ABŞ-ın bu müdaxiləsi və İranla başlayacaq qarşıdurma Türkiyəni çox narahat edir. Amma Süelymaninin şəxsiyyətinə gəlincə, Türkiyə cəmiyyəti işin içində nə olduğunu çox yaxşı başa düşür. Ona görə də Türkiyə ictimaiyyəti üçün əsas məsələlərdən biri Türkiyə dövlətinin bu qarşıdurmadan nə qədər az zərərlə çıxa bilməsidir. Məsələn, Süleymaninin öldürülməsi dünya bazarında neftin qiymətinin qalxmasına səbəb oldu. Bu da neftdən asılı olan bir ölkə kimi Türkiyə iqtisadiyyatına ciddi zərər vurdu. Digər tərəfdən, qarşıdurmanın başlayacağı təqdirdə, İrandan gələcək güc dalğasını düşünmək lazmdır. Çünki baş verəcək qarşıdurmada həm Türkiyə, həm də Azərbaycan hədəfə çevriləcək. Məlum olduğu kimi, iranlılar Azərbaycanda özlərinə şərait qurur və sərvət toplayırlar. Bu isə təsadüfi deyil. Ona görə də bizi birinci dərəcədə maraqlandıran, bu hadisənin bizə nə qədər neqativ təsir edə biləcəyini fikirləşməkdir. İstənilən halda biz müharibəyə qarşıyıq, amma İran rejiminin oyunlarına göz yummaq, yaxud Amerikanın oyunalarını dəstkələmək yol verilməzdir.

Müəllif: Mərahim Nəsib      9 Yanvar 2020 16:20
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin