Türkiyə vətəndaşının Azərbaycan "sərgüzəşti" - Kaş, dedikləri yalan ola...

Türkiyə vətəndaşının Azərbaycan "sərgüzəşti" -   Kaş, dedikləri yalan ola...

"Susqunluğumdan istifadə edib yoldaşımı təhqir etməyə başladı, rus dilində çox ağır söyüşlər söydü, ağıza alınmayacaq ifadələr işlətdi”.

 

Türkiyə vətəndaşı Emre Yalçın Mustafa oğlunun başına Azərbaycanda xoşagəlməz hadisə gəlib. Dediyinə görə, Bakıdan Xudata gedən mikroavtobusun sahibi tərəfindən təhqir olunub. 

 

AYNA-ya müraciət edən Emrə Yalçın başına gələnlər barədə bunları deyib: “Türkiyə vətəndaşı olsam da, daim Azərbaycana böyük sevgim olum. Elə Azərbaycandan - Xaçmaz rayonundan olan bir xanımla ailə həyatı qurmuşam. Bayramlarda fürsətdən istifadə edib Azərbaycana, buradakı qohumları ziyarət etməyə gəlirik. Bu il də elə oldu, yanvar ayının 2-də Bakı Beynəlxalq Avtovağzalından Xaçmaza getmək üçün Xudata gedən avtobusa iki nəfərlik bilet aldıq. 99 JS 411 dövlət nömrə nişanlı mavi rəngdə “Hyundai” markalı mikroavtobusla saat 18:00-da Xudata yola düşdük”.

 

“Avtobus yarım saat olardı ki, hərəkətə düşmüşdü, sürücünün yanında oturan şəxs siqater çəkməyə başladı. Azərbaycan dilində yaxşı bilmədiyimə görə, həyat yoldaşıma dedim ki, ona siqaret çəkməməsini desin. Çünki avtobusda qadınlar, uşaqlar var idi, mənim həyat yoldaşım da hamilədir. Sağlamlığa zərərli olmasıyla yanaşı, qaydalara görə, avtobusda siqaret çəkmək qadağandır. Həyat yoldaşım sürücüyə bu barədə iradını bildirdi, sürücü heç nə demədi, yanında siqaret çəkən şəxs isə qayıtdı ki, “maşının sahibi mənəm, istəsəm, siqaret də çəkərəm, icazəni özüm verirəm”. Bundan sonra mübahisə etməyə başladıq, o da məcbur olub siqareti atdı”, - deyə o, qeyd edib.

 

Türkiyə vətəndaşının sözlərinə görə, bir qədər sonra isə məsələ daha da böyüyüb: “Avtobus yolda dayandı, biz aşağı düşdük, avtobusa geri qayıdanda həmin şəxs həyat yoldaşıma söz atdı ki, “özün fasilədə çıxıb gəzirsən, ancaq mənim avtobusda siqaret çəkməyimə qarışırsan”. Bundan sonra yoldaşımla dalaşmağa başladı, mən də Azərbaycan dilində danışa bilmədiyim üçün ancaq onları dinləməyə məcbur oldum. Mənim susqunluğumdan istifadə edib başladı yoldaşımı təhqir etməyə, rus dilində çox ağır söyüşlər söydü, ağıza alınmayacaq ifadələr işlətdi”.

 

“Azərbaycanı çox sevdiyim, insanlarını çox yaxşı tanıdığım, sevdiyim üçün kimsəylə polemikaya girmək istəmirəm. Elə buna görə də orada dalaşmadım. Həm də bütün mənalarda biz haqlı idik, bilet almışdıq, avtobusda rahatlığımızın təmin olunması haqqımız idi, qanunsuz hansısa əməl törətməmişdik. Haqqımızı tələb edəndə isə avtobus sahibi tərəfindən söyülürük, təhqir olunuruq. Əgər mən təmkinli davranmasaydım, orda dava çıxa bilərdi, hətta bizi döyərdilər də", - şikayətçi bildirib.

 

"Həmin vaxt üzərimizdə Azərbaycan nömrəsi olmadığına görə polisə zəng edə bilmədik. Ancaq onlara bildirdik ki, onun barəsində şikayət edəcəyik. Bunun qarşılığında isə bizi təhdid etməyə başladı. Mənə dedi ki, “əgər sən məndən şikayət edərsənsə, mən də səndən şikayət edərəm, Türkiyəyə gedə bilməzsən”. Həm suçsuz, həm də gücsüz vəziyyətə düşdük”, - deyə Türkiyə vətəndaşı vurğulayıb.

 

E.Yalçın düşünür ki, azərbaycanlı sürücülər bütün turistlərlə belə davransalar, Azərbaycan haqqında mənfi imic formalaşar: “Həmin turistlər gedib öz ölkələrində Azərbaycan haqqında  heç də yaxşı danışmazlar. Təbii ki, mən gedib öz ölkəmdə bu barədə nəsə danışmayacam, ancaq başqaları heç də mənim kimi davranmayacaq. Azərbaycanla Türkiyə iki dövlət, bir millətdir, eyni soydanıq, eyni xalqıq, bizim öz aramızda belə problemlər yaşamağımız heç də xoş deyil. Çox kiçik məsələydi, düzdür, ancaq işin içinə söyüş, təhqir girdiyinə görə çox pərişan oldum. Xahiş edirəm ki, başqa turistlərin də bu vəziyyətə düşməməsi üçün lazımi tədbirlər görülsün”.

Türkiyə vətəndaşının şikayətinə AYNA tutmaq məqsədilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sözçüsü Nuridə Allahyarova ilə əlaqə saxladıq. N.Allahyarova hadisə ilə bağlı araşdırma apardıqdan sonra bildirdi ki, sözügedən nəqliyyat vasitəsinin sürücüsü şikayətçinin ittihamlarını qəbul etmir: “Avtobusun salonunda sürücünün hər hansı kobud davranışı, həmçinin siqaret çəkməsi qadağandır. Ancaq bu, İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Yəni belə hallara yol verildikdə həmin şəxsi cəzalandırmaq başqa bir qurumun səlahiyyətindədir".

 

"Buna baxmayaraq, Dövlət Avtomobil Xidməti olaraq öz növbəmizdə turistin, sərnişinlərin rahatlığına əngəl yaradıldığına görə həmin nəqliyyat vasitəsinin sürücüsünü çağırdıq, onunla danışdıq. Ancaq o, belə bir əməl törətmədiyini, sərnişinə qarşı kobudluq etmədiyini, avtobusda siqaret çəkmədiyini iddia etdi. Şikayətçi olan Türkiyə vətəndaşı isə, təəssüf ki, zənglərimizə cavab vermədi”, - Xidmət sözçüsü qeyd etdi.

 

Sürücünün yanındakı şəxsə gəlincə, Allahyarovanın sözxlərinə görə, əgər belə bir hadisə baş vermişdisə, gərək həmin andaca polisə müraciət olunardı: "Çünki digər şəxs, özünü necə təqdim etməyindən asılı olmayaraq, nə Dövlət Avtomobil Xidmətinin, nə də daşıyıcı şirkətin əməkdaşı olub. Hadisə yolda baş verib, şikayətçi də iddia edir ki, sürücü yox, başqa şəxs törədib bu əməli. Əgər bunu sürücü törətmiş olsaydı, səlahiyyətimiz çərçivəsində olmasa belə, onun cəzaladırılması üçün daşıyıcı qarşısında tələb qoya bilərdik”.

 

Qurumun söçüsündən onu da öyrəndik ki, nəqliyyat vasitəsində videoqeydiyyat cihazı olmadığına görə hansı tərəfin haqlı olduğunu müəyyən etmək də mümkün olmayıb: “Nəqliyyat vasitəsində mütləq müşahidə kamerası olmalıdır deyə bir qayda yoxdur. Bu, sadəcə tərəfimizdən qoyulan tələbdir. Daşıyıcılar 2023-cü ilə qədər avtomobil vasitələrini dəyişdirəcəklər. Qanunla da həmin zamana qədər onlara bununla bağlı möhlət verilib. Buna görə də hər hansı cəza və ya cərimə tətbiq edilə bilməz”.

Müəllif: Rumiyyə Miraslan      12 Yanvar 2020 16:00
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin