İran İraqdakı 2 hərbi bazanı bombalayıb

İran İraqdakı 2 hərbi bazanı bombalayıb

Bütün raketlər koalisiya qüvvələrinin obyektlərinə düşüb

 

İraq hərbi hava qüvvələri İranın raket hücumlarına məruz qalıb. Bombardman nəticəsində ölən və xəsarət alanların olmadığı bildirilir. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə İraq ordusunun mətbuat xidməti açıqlama verib.

 

Açıqlamada bildirilir ki, yanvarın 8-də yerli vaxtla saat 1.45-dən 2.15-dək İraq ərazisinə 22 raket atılıb. 17 mərmi Ayn-Əsəd hərbi bazasına düşüb. Raketlərdən ikisi partlamayıb. Ərbil bölgəsinə isə 5 raket düşüb.

 

"Bütün raketlər koalisiya qüvvələrinin obyektlərinə düşüb. İraq Silahlı Qüvvələri arasında itki qeydə alınmayıb”, – deyə məlumatda qeyd olunur.

 

Qeyd edək ki, rəsmi Tehran, İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Qüds" qanadının komandanı general Qasım Süleymaninin öldürülməsinə görə qisas əməliyyatının başladığını elan edib. İrandan İraqın qərbindəki Ayn-Əsəd hərbi bazasına və ABŞ ordusunun Ərbildə yerləşən bazasına qurudan raket zərbələri endirilib.

 

Xatırladaq ki, yanvarın 3-ü gecə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Quds” qanadının komandanı, general Qasım Süleymani Bağdad hava limanındakı bombardıman zamanı həlak olub. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) baş verənlərin məsuliyyətini üzərinə götürüb. Hadisənin Prezident Trampın təlimatı ilə törədildiyi bəyan edilib.

 

Bu hadisə iki dövlət arasındakı gərginliyi pik həddə çatdırıb. İranın Ali dini rəhbəri Əli Xameneyi Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib. ABŞ Prezidenti Donald Tramp isə amerikalılara hücum ediləcəyi təqdirdə İrana aid 52 hədəfə "sürətli və güclü zərbə" endiriləcəyini bildirib.

 

Dünya birliyi isə ABŞ və İranı təmkinli olmağa çağırıb.

Müəllif: Ayna.az      8 Yanvar 2020 11:08
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin