Əcnəbilərin yerli kadrlarımızın "çörəyinə bais olmasının" qarşısı alınacaq

Əcnəbilərin yerli kadrlarımızın "çörəyinə bais olmasının" qarşısı alınacaq

Yaxud Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya hansı zərurətdən yaranıb?

 

Xəbər veridiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında fərman imzalayıb.

 

Maraqlıdır, yeni qurumun fəaliyyəti nədən ibarət olacaq? Ümumiyyətlə, belə bir mərkəzin yaradılmasına nə kimi zərurət vardı? AYNA-nın bu sualını əmək qanunvericiliyi və sosial hüquq üzrə ekspert Ruslan Hümbətov cavablandırıb.

 

O bildirib ki, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya hələ publik hüquqi şəxs olduğuna, qurumun əsasnaməsi, nizamnaməsi tam hazır olmadığına görə konkret detalları açıqlamaq çətindir: “Ümumi olaraq demək olar ki, qurumun yaranması günün tələbi idi. Bununla bağlı Prezident İlham Əliyevin 2016-cı ilin dekabr ayında da fərmanı olmuşdu - Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi. Yeni fərmanı da həmin fərmanın davamı kimi qəbul etmək olar”.

Ekspert qeyd edib ki, yeni qurum əmək bazarının monitorinqinin, müşahidələrin aparılması, əmək resursları ilə əmək bazarı arasında əlaqələrin qurulması, məşğulluq sahələri üzrə bazanın yaradılması, kadr tələbatının ödənilməsi məqsədilə yaradılıb.

 

Müsahibimiz inanır ki, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya təkcə monitoqinqlər və müşahidələr aparmaqla kifayətlənməyəcək, eyni zamanda institutlarla, akademiyalarla da işləyəcək: “Sonuncu dəfə keçirilən Milli Marketinq Forumunda da bəzi problemlərdən danışıldı. Vurğulandı ki, əmək bazarında kadr ehtiyyatları çatışmır. Ümid edirəm ki, Milli Observatoriya institutlarla əlaqəli işləyərək gələcəkdə bizə daha çox lazım olan ixtisasları müəyyənləşdirəcək və həmin ixtisaslar üzrə kadr hazırlanmasına nail olunacaq”.

 

R.Hümbətov yeni yaradılan strukturun bir müddət əvvəl yaradılmış Sosial Tədqiqatlar Mərkəzindən fərqini də izah edib: “Məncə, hər ikisi oxşar qurumdur, hər ikisi araşdırma ilə məşğul olacaq. Ancaq yeni Milli Observatoriya araşdırma ilə yanaşı elmi yanaşma da ortaya qoyacaq. Əmək sahəsində böyük pərakəndəlik var, dövlətin bu sahədə konkret siyasəti yoxdur. Yeni yaranan qurum həmin siyasəti formalaşdıracaq. Kadr məsələsində müasir dövrün təlabatı öyrəniləcək. Belə olduqda ölkəyə kənardan işçi axını gəlməyəcək, öz kadrlarımızdan istifadə etmək mümkün olacaq”.  

 

Müsahibimizin fikrincə, yeni qurum, yəqin ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində olmuş Tədqiqat İnstitutunun bazasında yaradılır: “Sosial məşğulluq sahələrində olan məsələlərin monitorinqi aparılacaq. Əmək bazarındakı əmək münasibətlərinin inkişaf etdirilməsi öyrəniləcək və bunun da yəqin ki, əmək bazarına müsbət təsiri olacaq".  

 

“Fransada buna oxşar bir qurum var, çox güman ki, həmin qurumun təcrübəsi nəzərə alınacaq. Eyni zamanda, bildiyimə görə, Nazirlik bu istiqamətdə Avropa Təhsil Fondu ilə də əməkdaşlıq edir”- deyə ekspert əlavə edib.

Müəllif: Rumiyyə Miraslan      6 İyul 2019 10:23
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin