Dünyanı Yaxın Şərq narahatlığı bürüyüb

Dünyanı Yaxın Şərq narahatlığı bürüyüb

“Regional münaqişələri ancaq diplomatik yollarla həll etmək lazımdır”

 

“Biz təhlükəli eskalasiyasının nöqtəsindəyik. Bizim indi hədəfimiz bunu aşmaqdır. Regional münaqişələri ancaq diplomatik yollarla həll etmək lazımdır. Biz öz müttəfiqlərimizlə daim əlaqədəyik”.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bunu Almaniya Nazirlər Kabinetinin rəsmisi Ulrik Demmer, ötən gün İraqda ABŞ tərəfindən İran generalı Qasım Süleymaninin və bir qrup hərbçinin öldürülməsinə münasibət bildirərkən deyib.

 

O, əlavə edib ki, Fransa və Britaniya məlum hadisə ilə bağlı Yaxın Şərqdə stabilliyin qorunması üçün tərəfləri deeskalasiyaya çağırıb: “Rusiya da ABŞ-ın hərəkətinin beynəlxalq hüquq normalarına zidd olduğunu bəyan edib”.

 

Qətərin Xarici İşlər Nazirliyi də hadisə barədə bəyanat yayaraq bildirib ki, bütün tərəflər təcili İraq əhalisi və xalqının təhlükəsizliyi üçün hərbi münaqişələri dayandırmalıdır.

 

Xatırladaq ki, yanvarın 3-ü gecə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Quds” qanadının komandanı, general Qasım Süleymani Bağdad hava limanındakı bombardıman zamanı həlak olub. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) baş verənlərin məsuliyyətini üzərinə götürüb. Hadisənin Prezident Trampın təlimatı ilə törədildiyi bəyan edilib.

 

Hadisə ilə əlaqədar İranda 3 günlük mətam elan edilib.

Müəllif: Ayna.az      4 Yanvar 2020 14:57
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin