General səfərbərlik elan etdi: “Türk ordusu ölümə göndərilir”

General səfərbərlik elan etdi: “Türk ordusu ölümə göndərilir”

Xəlifə Haftar: “Silahlar həm kişilərə, həm qadınlara, həm hərbçilərə, həm də mülki şəxslərə veriləcək”

 

Liviya Milli Ordusunun rəhbəri general Xəlifə Haftar, ölkənin xarici qüvvələrdən qorunması üçün hərbi səfərbərlik elan edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bir müddət əvvəl Tripolidəki Liviya Milli Saziş Hökuməti, Xəlifə Haftarın paytaxta hücumunu önləmək məqsədilə Türkiyədən hərbi yardım istəmişdi.

 

Burada hava, quru və dənizdən hərbi müdaxilədən və hökuməti Haftardan qorumaqdan söhbət gedir. Və Türkiyə parlamenti yanvarın 2-də ordunun Liviyaya göndərilməsinə razılıq verdi.

 

“Bu gün cihad və ümumi səfərbərlik elan edirik. Silahlar həm kişilərə, həm qadınlara, həm hərbçilərə, həm də mülki şəxslərə veriləcək”, - deyə hücuma hazırlaşan Haftar bildirib.

 

O, əlavə edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz ordusunu Liviyaya ölümə göndərir.

 

Qeyd edək ki, 2011-ci ildə Liviya lideri Müəmmar Qəddafinin öldürülməsindən sonra ölkədə ikihakimiyyətlilik hökm sürür. Şərq tərəfə xalqın seçdiyi parlament, qərb və paytaxt Tripoliyə isə BMT və Avropa İttifaqının dəstəyi ilə qurulan, Fayez Sarracın rəhbərlik etdiyi Milli Saziş Hökuməti nəzarət edir.

 

Ölkənin şərq bölgəsinin hakimiyyəti Tripolidən müstəqil fəaliyyət göstərir və bu ilin aprel ayından bəri Tripolini ələ keçirmək cəhdlərini dayandırmayan general Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu ilə əməkdaşlıq edir.

 

Dekabrın 12-də Haftar Tripoli uğrunda həlledici döyüşün başladığını elan edib. Hələlik döyüşlərdə hər hansı uğur qazanılmayıb, hər iki tərəf öz mövqelərini qoruyur.

Müəllif: Ayna.az      4 Yanvar 2020 12:24
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin