İlin ən irimiqyaslı hadisə barədə hesabat verildi

İlin ən irimiqyaslı hadisə barədə hesabat verildi

Tədbirdə milli parkların fəaliyyətində innovasiyaların tətbiqi, milli parklar haqqında çap olunmuş yeni kitab da təqdim olunub

 

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) media nümayəndələri ilə görüş keçirilib. AYNA xəbər verir ki, görüş ETSN tərəfindən 2019-cu il ərzində ekologiya sahəsində görülmüş işlərlə həsr olunub.

 

Tədbirdə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə, Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva, YAP-ın Gənclər Şurasının sədri Seymur Orucov çıxış edərək görülən işlər barədə danışıblar.

 

Nazir müavini Firdovsi Əliyev bildirib ki, 2019-cu ilin ən böyük hadisəsi ağac əkimi oldu: “2019-cu ilin yaz və payız ağacəkmə mövsümlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, rayon icra hakimiyyətlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə ölkənin meşə və qeyri meşə sahələrində, ümumilikdə 1 mln 764 min 356 ağac əkilib. Eyni zamanda, 2019-cu ilin yaz və payız ağacəkmə mövsümlərində ayrı-ayrı vətəndaşlara, icra hakimiyyətlərinə, məktəblərə, bağçalara və digər təşkilatlara ümumilikdə 1 322 649 müxtəlif cinsli ağac tingi paylanılıb. On minlərlə vətəndaş agacəkmə aksiyasında iştirak etdi. Təkcə Şamaxıda 50 min ağac əkildi. Həmçinin Jurnalistlər Parkı salındı. İl ərzində aqrobağların salınmasına üstünlük verdik. Çünki məhsul verən ağacların əkilməsi daha məqsədəuyğundur".

 

YAP Gənclər birliyinin sədri Seymur Orucov isə bildirib ki, Yeni Azərbaycan Partiyası və Ekologiya Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından ibarət monitorinq qrupu Azərbaycanda bir gündə 650 min ağacın əkildiyi ərazilərin birinci monitorinqini başa çatdırıb: "Keçirilən monitorinqlərin nəticələrinə görə Şamaxı, Sabirabad, Saatlı, Gəncə və Bakı şəhərinin Nərimanov, Səbail, Xəzər, Xətai, Nizami rayonlarının ərazilərində əkilmiş ağaclara vaxtlı-vaxtında qulluq olunduğu, damcılı suvarma sistemi ilə təmin edildiyi və mütəmadi suvarıldığı müəyyən olunub. Bir sıra rayonların ərazilərində isə əkilən ağacların, bəzi yerlərdə bərkidici dayaq olmadığından əyilməsi, dayaqların küləkdən sonra aşması müşahidə edilib. Lakin çatışmazlıqlar tez bir zamanda aradan qaldırılıb. Hesab edirik ki, ağaclara ən yaxşı qulluq göstərildiyi ərazilər may-iyun ayında keçiriləcək ikinci monitorinqlərdən sonra məlum olacaq. İkinci monitorinq zamanı ağacların bitiş faizi müəyyənləşəcək, suvarma təminatının nəticələri görünəcək. Ümumiyyətlə isə əkilmiş ağaclara göstərilən qulluq səviyyəsinə, suvarma şəraitinə daimi nəzarət olunması barədə YAP gənclər təşkilatının yerlərdəki nümayəndələrinə tövsiyələr verilib və bu iş mütəmadi olaraq davam etdiriləcək".

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə məlumat verib ki, 545 nəfər ovçuluq bileti almaq üçün müraciət edib: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən göstərilən bir sıra xidmətlər, o cümlədən ovçuluq biletinin alınması, dəyişdirilməsi bu ilin sentyabr ayından başlayaraq ASAN xidmət vasitəsi ilə həyata keçirilir. Bununla vətəndaş müraciətlərinin daha operativ və asan şəkildə həll edilməsinə, şəffaflığın artırılmasına, göstərilən xidmətlərin təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun təmin edilməsinə nail olunur. Ötən müddət ərzində 5 saylı ASAN xidmət vasitəsilə ovçuluq biletinin alınması üçün 545 müraciət olunub. 294 müraciət ovçuluq biletinin istifadə müddətinin artırılması, 251 müraciət isə ovçuluq biletinin alınması üçün imtahanda iştirak etmək məqsədi daşıyıb".

 

Tədbirdə milli parkların fəaliyyətində innovasiyaların tətbiqi, milli parklar haqqında çap olunmuş yeni kitab da təqdim olunub. Azərbaycanın milli parklarının ekoturizm marşrutlarını və nadir təbiət mənzərələrini əks etdirən kitab Azərbaycan və ingilis dillərində nəşr edilib. Kitabda ilk dəfə olaraq Azərbaycanın milli parklarındakı 110 ekoturizm marşrutu xəritələşdirilib və ətraflı sxemi verilib. Turistlər üçün yol göstəricisi sayılan və ərazi haqqında əvvəlcədən məlumatlanmaq imkanı yaradan kitabda ekoturizm marşrutlarının məsafəsi, marşrut üzərindəki xidmət məntəqələri və yaxınlıqdakı müxtəlif obyektlər barədə məlumat verilib.

Müəllif: Raminə Eyvazqızı      30 Dekabr 2019 13:51
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin