Cəmiyyətdən nəyi və niyə gizlədirlər - Jurnalistlərə həmrəylik çağırışı

Cəmiyyətdən nəyi və niyə gizlədirlər -               Jurnalistlərə həmrəylik çağırışı

Mətbuata qarşı çəpər çəkən bütün dövlət qurumlarının mətbuat azadlığı prinsiplərinə riayət etməsinə çalışmaq və bunu təmin etmək lazımdır

 

Dünya səhiyyəsi xərçəngin, diabetin, İİV-in müalicəsini tapmaq üçün səy göstərərkən, Azərbaycan səhiyyəsi yerli media nümayəndələrindən necə gizlənə biləcəyini tapmaq üçün səy göstərir. Bu səylərin nəticəsi olaraq, hazırda Səhiyyə Nazirliyinin tabeliyində olan bütün klinika, xəstəxana, disspanser və digər qurumlardan lazımi mövzularla bağlı rəy almaq qəlizləşdirilib.

 

İnsan İmmun Virusu dünya mediasının gündəmindədir. Müxtəlif ölkələrdən bu virusun məhv edilməsi ilə bağlı yeni metodların tapılması xəbəri yayımlanır. İİV-li xəstələrin Azərbaycanda son statistik göstəriciləri, yeni müalicə metodları ilə nə dərəcədə təmin olunmalarına dair Respublika QİÇS-lə Mübarizə Mərkəzinə zəng edib həkim rəyi almaq istədim. Lakin ilk zəngimdə həkimlərin iclasda olduğunu deyib, bir müddət sonra zəng etməyimi istədilər.

 

Bir müddət sonra yenidən zəng etdim və cavab verən şəxs mediadan olduğumu öyrənən kimi sual etdi: “Səhiyyə Nazirliyinin mətbuat xidmətindən icazə almısınız?” Belə bir qaydadan xəbərsiz olduğumu deyib, ümumiyyətlə, bu qaydanın nə əsasla qoyulduğunu soruşdum. Qarşı tərəf sualımı cavablandırmadan “Nazirlikdən icazə alın, onlar bizə məlumat versinlər, sonra həkimlərdən biri ilə danışa bilərsiz” deyib dəstəyi asdı.

 

Səhiyyə Nazirliyinə zəng etməli oldum. Bir neçə dəfə zənglərim cavabsız qalsa da, nəhayət, bir xanım zəngimə cavab verdi. İstəyimi və QİÇS-lə Mübarizə Mərkəzinin mənə dediyi o absurd qaydanı nəql etdim. Məni mətbuat xidməti ilə əlaqələndirməsini istəsəm də, bu qaydaya absurd deməyim Səhiyyə Nazirliyinin xanım operatorunun xətrinə dəydi və “Qaydalar hamı üçündür, bir qayda varsa, bütün vətəndaşlar əməl etməlidir” dedi.

 

Xanıma izah etməyə çalışdım ki, qaydalar hüquqi normalara görə tənzimlənir. Media mənsublarının hansısa dövlət qurumundan rəy alması üçün qapı-qapı gəzib icazə almağı lazımdırsa, bəs mətbuat azadlığı anlayışı nə deməkdir? Xanım operator mənim nə demək istədiyimi anlamadan, mətbuat xidmətinin əlaqə nömrəsini verdi. Növbəti zəngim zamanı mətbuat xidmətinin qəbuluna düşmək olmadı. Zənglər gah cavabsız qaldı, gah da imtina edildi.

 

Beləliklə, bütün dünya üçün kifayət qədər ciddi və əhəmiyyətli mövzu olan İİV-li xəstələrin taleyinə dair bir media araşdırması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mediaya qarşı çəkdiyi görünməz çəpər sayəsində nəticəsiz qaldı.

 

Lakin bu məsələ özü ilə araşdırılması lazım olan növbəti bir problemi doğurdu: Səhiyyə Nazirliyinə mətbuat azadlığının prinsiplərini çeynəməyə, medianın sərbəst fəaliyyət hüquqlarını tapdalamağa kim icazə verir? Səhiyyə Nazirliyi öz arzu və istəklərinə dair qaydaları hansı ixtiyarla ölkənin media qurumlarına qarşı tətbiq edə bilir?

 

Məsələ ilə bağlı Prezident Adminstrasiyasına və Milli Məclisə müraciət edəcəyimi bildirir, bütün media mənsublarını da bu işdə mənimlə həmrəy olmağa səsləyirəm. Ölkədə çoxsaylı media qurumları və jurnalistlər fəaliyyət göstərir. Hərəsi bu mözvuda bir yazı yazsa, Milli Məclisə və Prezident Adminstrasiyasına müraciətlər ünvanlasa, cəmiyyət də səhiyyənin fəaliyyətini daha aydın izləmək üçün medianın yanında olsa, məsələnin çözüləcəyinə arxayınam.

 

Dəyərli mətbuat orqanları və çox hörmətli jurnalistlər, Səhiyyə Nazirliyi başda olmaqla, öz fəaliyyətini mediadan gizlədən, mətbuata qarşı çəpər çəkən bütün dövlət qurumlarının mətbuat azadlığı prinsiplərinə riayət etməsinə çalışmaq və bunu təmin etmək lazımdır. Onların sizin peşənizə hörmətsiz, azadlığınıza laqeyd yanaşmasına icazə verməyin.

Müəllif: Orxan Bahadırsoy      10 İyul 2019 10:08
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin