İki görkəmli şəxsin yubileyi qeyd olunacaq - SƏRƏNCAM

İki görkəmli şəxsin yubileyi qeyd olunacaq -         SƏRƏNCAM

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb

 

Prezident İlham Əliyev görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Əhəd oğlu Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 

 

AYNA Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sərəncam gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində xüsusi əhəmiyyətini nəzərə alaraq, Azərbaycan xalqının cəsur övladı Həzi Aslanovun anadan olmasının 110-cu ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədilə imzalanıb: 

 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində xüsusi əhəmiyyətini nəzərə alaraq, Azərbaycan xalqının cəsur övladı Həzi Aslanovun anadan olmasının 110-cu ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun 110 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

 

Dövlət başçısı, həmçinin Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, xalq artisti Leyla Ağalar qızı Bədirbəylinin (Cavanşirovanın) 100 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan mədəniyyətinin inkişafına töhfələrini nəzərə alaraq, görkəmli sənətkar Leyla Bədirbəylinin anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi xalq artisti Leyla Bədirbəylinin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

Müəllif: Ayna.az      29 Dekabr 2019 19:57
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin