Milli Qəhrəmanımızın xatirəsi yad olunub

Milli Qəhrəmanımızın xatirəsi yad olunub

2018-ci ildə AzTU-nun Elmi Şurasının qərarı ilə Milli Qəhrəman Çingiz Qurbanovun adına təqaüd təsis olunub

 

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Milli Qəhrəman Çingiz Qurbanovun şəhidlik zirvəsinə ucalmasının ildönümüdür. AYNA xəbər verir ki, bu münasibətlə AzTU-nun kollektivi Qusarın Şəhidlər xiyabanında Milli Qəhrəmanın məzarını ziyarət edib.

 

Anım tədbirində Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətinin və Veteran təşkilatının rəsmiləri, Milli Qəhrəmanın ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak edib.

AzTU-nun rektoru Vilayət Vəliyev Milli Qəhrəmanın qısa, lakin şərəfli ömür yoluna nəzər salıb. Bildirib ki, Azərbaycan Ordusunun əsgəri Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən şəhid olub. Bununla Çingiz Qurbanov yeni tarix yazmağı bacarıb. Rektor Çingizin qəhrəmanlığının Azərbaycan gəncliyinə, xüsusilə də AzTU tələbələrinə hər zaman örnək olacağını da qeyd edib.

Silahlı Qüvvələrin ehtiyatda olan polkovniki Şair Ramaldanov bildirib ki, Çingiz Qurbanovun qəhrəmanlığı Azərbaycan xalqının işğalla heç bir zaman barışmayacağını bir daha sübüt edib.

 

Çıxış edənlər Milli Qəhrəman Çingiz Qurbanovun əziz xatirəsinin hər zaman yad ediləcəyini, onun Vətən uğrunda göstərdiyi şücaətin isə nəsildən-nəslə ötürüləcəyini qeyd ediblər.

Xatırladaq ki, bütün beynəlxalq normaları pozan erməni tərəfi şəhidin nəşini verməkdən boyun qaçırsa da, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin gərgin səyləri nəticəsində 2017-ci il fevralın 5-i Çingiz Qurbanovun nəşi geri qaytarılıb və ona ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. 2018-ci ildə AzTU-nun Elmi Şurasının qərarı ilə Milli Qəhrəman Çingiz Qurbanovun adına təqaüd təsis olunub.

Müəllif: Ayna.az      29 Dekabr 2019 18:30
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin