Biz heç vaxt möcüzə görmədik, bəlkə bu dəfə...

Biz heç vaxt möcüzə görmədik, bəlkə bu dəfə...

 Fakt odur ki, bu dəfə məlumatsız olan təkcə biz deyilik

 

Azacıq fərqli düşünmək, ən azından ziyanlı deyil. Məsələn, aralıdan baxmaq - bir az sağdan, bir az soldan, qismən də öndən və arxadan. Bacarsaq, yuxarıdan da baxmaq lazımdır, amma buna resursumuz yetmir.

 

Düşünmək ki, bu qədər hadisə niyə oldu? Bu qədər (gözlənilən) gözlənilməzliklər niyə baş verdi? Niyə filankəslər uzaqlaşdırıldı (və bəzilərinin zəif yeri hələ də başlarının üstündə "Domokl qılıncı" kimi dikilib)?

 

Parlament buna ("bu" əvəzliyi şəxsi ifadə etmir) görəmi buraxıldı? Buna görəmi cəmiyyət ümidləndirildi ki, hər şey fərqli olacaq? Fərq bumu?

Gəlin, inanaq ki, deyil. İnanaq ki, heç hakim partiyanın elan etdiyi siyahı da ƏSL siyahı deyil. Bəlkə də (böyük ehtimalla) ƏSL siyahı onların özləri üçün də (ilk dəfə olaraq) mücərrəd və qapalıdır. Bu məqamda bir neçə üz ifadəsini əks etdirən “smaylik” qoymaq olar, amma nəyimizə lazımdır, özləri bilər, bir də qeyri-əsl siyahıları.

 

Bu gün, o biri günlərdə heç görünməmiş hərəkətlilik var cəmiyyətdə. İnanmağa meyilliklə tərəddüd arasında var-gəl var (əvvəllər bu da yox idi). Bir də DİLƏK var: "Bari, bu dəfə olsun" deyə...

 

Lakin ötən günlərdə hakim partiya tərəfindən açıqlanan siyahı bu dəfəki "var-gəl" tərəzisinin ikinci tərəfini ağır basdı, məyusluq ümidin yerini daraltdı, küncə sıxdı. Az qala, "yenə aldatdılar" fikri yayılacaq (AMAN!). Bilmirəm, burada gələcək zaman şəkilçisi yerinə düşür, ya yox.

 

Əslində, belə arzuolunmaz ssenarinin reallaşması ehtimalı, cücərmək istəyən ümidlərin bar verməsindən xeyli çoxdur. Əks praktika heç yaşanmadı, axı! Hər dəfə "aha, bu dəfə..." həyəcanı möcüzə ilə nəticələnmədi. Biz heç vaxt möcüzə görmədik.

 

Bu baxımdan yenidən düşünmək və bəzi sualları özün üçün aydınlaşdırmağa çalışmaq əlavə vaxt itkisi kimi görünə bilər. Məsələn: Bu dəfə də "aha, bu dəfə" desək, nə qədər günaha (özünü aldatmaq ən böyük günahlardan sayılır) batarıq, görəsən? “Bir ümid daha” fikrinə düşsək, özümüzü neçənci dəfə aldatmış olarıq, əcaba? Növbəti cəhdə dəyərmi?

 

Suallar bəlkə ritorikdir, bəlkə də yox. "Bəlkə"siz bəlli olan isə odur ki, bu dəfə məlumatsız olan təkcə biz deyilik. İndiyədək çox nəsnədən agah olanların özləri belə, hazırda PAT vəziyyətindədirlər - bizdən bir az çox bilirlər (tutalım, filankəs bəsmənkəsin qohumudur, bəsmənkəs filankəsin filan şeyi olub və s. və i.).

 

Bu tutacaqdan YAPışsaq, siyahı məsələsinin düşünüldüyü qədər qorxulu bir məhfum olmadığı qənaətinə də gəlmək olar. Olsun da siyahı(lar). Olmalıdır da! Siyahının olması yox, olmaması təəccüblü və qorxuludur. Necə ki, neçə gündür camaatın yuxusu ərşə çəkilmişdi (...) ki: "Görəsən, nolacaq"!

(Olmuş hadisədən haşiyə: Xanımı doğum otağında olan gənc bir oğlan qapının önündə həyəcanla var-gəl edir və ətrafdakıların eşidəcəyi səslə dönə-dönə təkrarlayır: "Görəsən, nolacaq? Görəsən, nolacaq?" Onu kənardan seyr edən yaşlı bir kişi yaxınlaşır oğlana və deyir: "A bala, ya oğlan olacaq, ya da qız, dovşan olmayacaq ki..."

 

Qayıdaq siyahıya. Məlum siyahıya. Necə düşünürsünüz, məsələ siyahı tutmaqdadır, yoxsa o siyahı(dakılar)ın sandıqdan çıxıb-çıxmayacağında? Üstəlik, bu dəfə sandığın açarının kimdə olacağını da bilmirik, axı.

 

Nə deyirsiniz, özümüzü növbəti dəfə ümidlənməyə məcbur edəkmi???

Müəllif: Tural Talehoğlu      29 Dekabr 2019 16:52
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin