Yenə ilə köhnə qayğılarla: Kim, harada, necə dincələcək?

Yenə ilə köhnə qayğılarla: Kim, harada, necə dincələcək?

Ən yaxşısı köhnə ildə evində yatıb, yeni ildə evində oyanmaqdır

 

Yeni ili qarşılamaq üçün hər kəsin arzuladığı, düşündüyü bir məkan var. Bəziləri də köhnə illə vidalaşmaq üçün heç xüsusi istirahət planı da qurmur, öz evində, ailəsinin içində qeyd etməyə üstünlük verir.

 

AYNA vətəndaşlarımızın budəfəki Yeni il planlarını öyrənmək məqsədilə sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. Nəticələri təqdim edirik:

 

Mərahim Nəsib: “Ümumiyyətlə, son bir neçə ildir ki, bayram ab-havasını hiss edə bilmirəm. Təbii ki, bu, sosial-iqtisadi problemlərlə daha çox bağlıdır. Lakin doğulduğum və böyüdüyüm Ağdaşın Ləki kəndi bayram ab-havasının heç olmadığı zamanlarda belə, bayram sevincini mənə yaşada bilir. Heç bir restoran, xarici ölkə və böyük şəhər insanın böyüyüb boya-başa çatdığı yurdun yerini verə bilməz”. 

 

Cavid Abbaslı: “Doğma diyarım, cənnətməkan Gədəbəyimdə”.

 

Səbuhi Qafarov: “Həmişəki kimi, evdə”.

 

Əhməd Rəhmanov: “Ailəmizdə 2 əlil var: Mən və övladım. Nəzərə alsaq ki, bu gün əlil uşaqlara və valideyninə verilən müavinət yaşayış minimumundan 2 dəfə aşağıdır, deməli, əlilliyi olan ailə kimi evdə bir qazan yeməklə yola verəcəyik bayramı”.

 

Həmidə Rüstəmova: “Evimizdə. Səbəb isə cox sadədir: özümüzə zaman ayırıb birlikdə əylənmək. Sonra da yuyub, yığışdırmaq (gülür – müəll.)”.

Aynur Əhməd: “Yeni il mənə görə, daha gözəl gələcək. Qızım ali məktəbdən ailəsinin yanına, evə gələcək, bu da mənə olacaq yeni il. Öz evində yeni ili qarşılamaq qədər gözəl şey yoxdur”.

 

Elgün Səfərov: “Həmişə olduğu kimi, evdə, ailəmlə”.

 

Afət İslamqızı: “Həmişəki kimi, anamın yanında”.

 

Samirə Səfərova: “Ən yaxşısı evdir”.

 

Oxşar fikirlər olduğu üçün, bəzi respondetlərin fikirlərini və adlarını qeyd etmədik. Amma çoxluğun cavabından belə nəticə çıxır ki, bayram günlərində ailə ilə ev şəraitində yeni ili qarşılamaq adəti hələ də yaşayır. İnsanlar ailəsi ilə doğma evini heç bir məkana dəyişmək istəmirlər. Bu, sevindiricidir.

 

Məlumat üçün deyək ki, bayram günlərində ölkədə yerləşən otellərdə də artıq yer qalmayıb. Bakıda qarlı qışı gözləməkdən bezənlər paytaxtı tərk edəcəklər. Bayramı qar olan bölgələrdə keçirmək istəyənlər həmin ərzidəki otel yerlərini artıq noyabr ayından etibarən bron ediblər. Əlamətdar günlərlə əlaqədar otel qiymətlərində əvvəlki tarixlərlə müqayisədə 60-70 manat, hətta 100 manat fərq də müşahidə olunur.

 

Bölgələrdə bayram günlərində beşulduzlu otel qiymətləri bir nəfər üçün bir günlük orta məbləğ olaraq 150 manatdan hesablanır. Həmin məbləğə oteldə gecələmə, səhər yeməyi, bəzi xidmətlər daxildir.

 

Bayram süfrəsi daxil, tanınmış müğənnilərin iştirakı ilə keçirilən bayram konsertlərini təşkil edən otellərdə isə bu qiymət daha artıq hesablanır. Nəzərə alsaq ki, bir ailə istirahətə gedirsə, bu hesab, təqribən orta statistik ailə büdcəsini aşır. Baxmayaraq ki, otellərdə 5 yaşdan aşağı uşaqların xərci hesablanmır.

 

Dağ kəndlərində bayram günlərində kirayə qiymətlərində də artım var. Misal üçün, Qusarda sadə hostel tipli istirahət evləri və kirayə evlərində qiymət bir nəfər üçün orta rəqəmlə, təqribən 40-50 manat arasında dəyişir.

 

Qeyd olunan rəqəmlər internetdəki elanlara əsasən yazılıb. Daha da münasib kənd, rayon evlərini bayram günlərində kirayə götürmək olar.

 

AYNA-nın əldə etdiyi məlumata görə, tur şirkətlərinin bayram günləri üçün daha çox Türkiyəyə, Gürcüstana olan bayramlıq səyahət paketləri də artıq oktyabrdan satılıb. Bu istiqamətə olan turların qiyməti marşruta, fərdi və kollektiv səyahətə görə dəyişir.

Müəllif: Raminə Eyvazqızı      29 Dekabr 2019 19:28
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin