Yeyirsən bir dərd, yemirsən başqa

Yeyirsən bir dərd, yemirsən başqa

Ölkəmizdə artıq çəkiyə sahib olan insanların sayı artır

 

Ölkəmizdə qadınların 55,7%-i, kişilərinsə 54,6%-i artıq çəkiyə sahibdir. Kök insanların sayı 1990-cı illərə nisbətən xeyli artıb, o zaman qadınların 43,9%-i və kişilərin 41.6%-i artıq çəkiyə sahib idi. Artıq çəkiyə sahib olan uşaqların sayı da iki dəfə artıb (6.1%-dən 13%-ə)

 

Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı da ölkəmizin vətəndaşları arasındakı artıq çəki problemindən danışıb. Onun sözlərinə görə, ÜST bu sahədə Səhiyyə Nazirliyinə kömək etməyə hazırdır.

 

Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babək Saleh AYNA-ya açıqlamasında bildirib ki, ölkəmizdə artıq çəkidən əziyyət çəkənlərin bir xeyli hissəsi özünü tam olaraq kök hesab etmir: "Ancaq ölkədə kilolu olanların vəziyyətinin kritik olduğunu söyləyə bilmərik, burada böyüklərin 25%-i artıq kiloya sahibdir. Piylənmə ən çox aşağı gəlirli ölkələrdə olur, çünki oradakı əhali tez və daha ucuz başa gələn çörək və makaron kimi ərzaqlardan istifadə edir. Bundan əlavə, “fast food” dünyada daha çox istifadə edilən qidadır və bu da zərərli və yüksək kalorilidir”.

“Artıq çəki ilə necə mübarizə aparmaq olar” sualını cavablandıran B.Salehin sözlərinə görə, burada qeyri-adi vasitə yoxdur: "Düzgün bir pəhrizə əməl etsəniz və idmanla məşğul olsanız, artıq çəkiniz aradan qalxar. Bəziləri arıqlamaq üçün mədə kiçilmə əməliyyatına üz tuturlar, amma mən bu metodun əleyhinəyəm. Bu əməliyyatın gələcəkdə hansı fəsadlara səbəb ola biləcəyi hələ məlum deyil. Onun köməyi ilə diabet xəstəliyinin müalicəsinin mümkün olduğuna inananlar var, amma bu, əlbəttə ki, belə deyil. Arıqlamaq üçün xüsusi çay və həb içməyi də tövsiyə etmirəm, bunun da zərəri ola bilər”.

 

Endokrinoloq Vəfa Əliyeva AYNA-ya deyib ki, 1975-ci ildən bəri dünyada artıq çəkili kişilərin sayının 3, qadınların sayı isə 2 dəfə artıb: “Piylənməyə meyl yaşla əlaqədar olaraq artır. Yer kürəsinin hər üçüncü sakini bundan əziyyət çəkir. Belətrafı piylənmə qadınlarda 82 sm, kişilərdə isə 94 sm olmaqla rekord həddə çatıb. Bir çox uşaqlar da piylənmədən əziyyət çəkirlər. Hamısı oturaq həyat tərzi və yüksək kalorili yeməklər üzündən baş verir”.

 

“Ölkəmizdə heyvan yağlarından çox istifadə edirlər. Aşağı kalorili bir pəhrizə ehtiyacımız var. Fiziki məşqlər də lazımdır, gündə 5-7 km gəzmək vacibdir. Ancaq neçə nəfər bunu edir? Piylənmə nəinki diabet, həm də hipertansiyon, vuruş, öd daşı xəstəliyi və s. xəstəliklərə səbəb olur. Piylənməyə səbəb olan amillərdən - alkoqolu, siqareti, stressi də qeyd etmək olar”, - deyə ekspert bildirib.

 

Psixoloq Azad İsazadə isə, artıq çəkidən danışarkən genetik amilləri və yaşam tərzini unutmamağı məsləhət görür: “Şərq ölkələrində bəzi arıq insanların yaşla əlaqədar olaraq qarınları çıxmağa başlayır. Burada qastronomiya və mədəni xüsusiyyətlər də rol oynayır”.

 

“Ölkəmizin bir çox sakinləri üçün ideal bir əyləncə idman deyil, açıq havada gəzmək deyil, yeməklə dolu masa ətrafına toplaşmaqdır. Yeməkdən istifadə edərək insanlar dolayı yolla stressdən azad olurlar. Stress altında bəzi insanlar çox yeyirlər, digərləri isə əksinə çörək qırıntılarını yeyə bilmirlər və burada müxtəlif təsir alətlərinə ehtiyac var. Bununla bərabər qeyd etmək lazımdır ki, Azərbaycanda Qərblə müqayisədə kök insanların sayı azdır”, - deyə İsazadə vurğulayıb.

Müəllif: Elya Beliskaya      1 Yanvar 2020 11:00
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin