“Kimlərsə istəyir ki, parlament onların diktəsi ilə formalaşsın” – YAP funksioneri

“Kimlərsə istəyir ki, parlament onların diktəsi ilə formalaşsın” –     YAP funksioneri

Aydın Mirzəzadə: “Bizim irəli sürdüyümüz namizədlər kimi qane etmirsə, digər namizədlərə səs verə bilər”

 

Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar parlament seçkilərinə namizədlər siyahısı açıqlanıb. Siyahı cəmiyyətdə, ictimai-siyasi dairələrdə birmənalı qarşılanmayıb, daha çox da narazılıqlara yol açıb. Ki, bu dəfə də köhnə simalar siyahıda yer alıblar, yeni adı ilə siyahıya salınanlar isə cəmiyyətdə nüfuzu olmayan şəxslərdir.

 

AYNA cəmiyyətin suallarını YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadəyə ünvanlayıb.

 

- Aydın müəllim, təmsil olunduğunuz partiyanın deputatlığa namizədlər siyahısı açıqlandı. Siyahı nə qədər yenilənib və nə qədər gəncləşib?

 

- Hazırda YAP-ın siyahısında 75 nəfər yeni sima var. Göründüyü kimi, siyahımız 70 faiz yenilənib. Siyahımızda 27 nəfər qadın var və siyahımızın böyük əksəriyyəti gənclərdən ibarətdir. Parlamentdə fəaliyyət göstərən bir qrup şəxsin siyahımızda yer alması ilə yanaşı, cəmiyyətdə tanınan və tanınmayan partiya üzvlərinin də namizədliyi partiya tərəfindən irəli sürülüb. Belə ki, həmin şəxslər ictimaiyyət arasında bir o qədər də tanınmasalar da, partiya daxilində fəallıq göstərən, əqidəli və gələcəkdə daha yüksək siyasətçi səviyyəsinə qalxaraq ölkəni layiqincə təmsil edə biləcəklərini düşündüyümüz şəxslərdir. Onların içərisində gələcəkdə parlamentin parlaq ulduzuna çevrilə biləcək insanlar da var. Məsələn, Türk Əməkdaşlıq Şurasının keçmiş Baş Katibi Ramil Həsənov bizim namizədlər siyahısındadır. Bu da o deməkdir ki, o, parlamentin beynəlxalq əlaqələrində fəal iştirak edə biləcək. Bundan əlavə, siyahımızda Almaniyada təhsil almış və alman dilində dissertasiya yazmış, xarici ölkələrdə universitet bitirmiş və hal- hazırda elmi fəaliyyətlə məşğul olan gənclər var. Prinsip etibarı ilə, partiya öz namizədlər siyahısı üzərində çox ciddi işləyib. Ümid edirik ki, bu namizədlər vasitəsi ilə parlamentdə yenidən çoxluq qazana biləcək, göstərilən etimadı doğruldacağıq. Bununla da, parlament cəmiyyətə və beynəlxalq münasibətlərə yeni keyfiyyət gətirə biləcək.

- Yeni Azərbaycan Partiyası yenilənmə və gəncləşmə deyəndə nəyi nəzərdə tutur, bu iki anlayış arasında hansısa fərqlər varmı?

 

- Gənclik hər zaman yeni ab-hava, yeni yanaşma, yeni enerji gətirir. Nəinki YAP-ın, istənilən siyasi qüvvənin, istənilən mühitin buna ehtiyacı var. Bu, bizim kampaniyamız deyil, bu, hər zaman YAP tərəfindən aparılan bir siyasətdir. Yeniləşmə dedikdə, partiyanın potensial şəxslər vasitəsilə günün tələblərinə uyğun olaraq ideologiya siyasətini dəqiləşdirməsi, yeni istiqamətlərdə priotetlərini müəyyənləşdirməsi, günün tələblərinə uyğun fəaliyyət normaları irəli sürməsi və cəmiyyətin tələblərinə uyğun olaraq yeni yanaşma ortaya qoymasıdır. Yəni bu, heç vaxt YAP-ın kampaniyası olmayıb, YAP yarandığı 1992-ci ildən bəri bu prosesləri həyata keçirir. 

 

- Partiyanın namizədlər siyahısında YAP-ı təmsil edən əvvəlki deputatların bir çoxu yer alıb. Milli Məclis buraxılanda isə cəmiyyətdə belə bir fikir formalaşmışdı ki, o, məhz həmin deputatların fəaliyyətsizliyinə görə buraxıldı…

 

- Yeni Azərbaycan Partiyası yeni seçkiyə yeni tərkiblə gedir. Əlbəttə ki, köhnə tərkibdən də müəyyən şəxslər saxlanılıb. Ancaq təəsüf ki, cəmiyyətdə bir qrup şəxs, parlamentin şəxsən onların diktə etdiyi şəxslərdən ibarət olmasını istəyir. Həmin şəxslər hesab edirlər ki, məhz onların diktəsi ilə, bu və ya digər partiyalar öz namizədlərini irəli sürməlidirlər. Lakin onlar unudurlar ki, onların cəmi bir səsi var və cəmi bir dairədə səs verə bilərlər. Doğrudur, kiminsə kimdənsə xoşu gəlməyə bilər, ancaq onu nəzərə alamq lazımdır ki, həmin şəxslər həmin namizədlərin seçiciləri deyillər. Onların məsələsini də seçiciləri həll etməldir. Digər tərəfdən, həmin şəxslər nəzərdə tutduqları namizədlərin seçiciləri olsalar belə, onların digər namizədlərə səs vermək hüquqları var. Yəni ki, əgər YAP-ın irəli sürdüyü namizədlər onları qane etmirsə, digər namizədlərə səs verə bilərlər. Hətta irəli sürdüyümüz namizədlərə qarşı təbliğat və ya əks təbliğat da apara bilərlər. Ancaq hesab edirəm ki, demokratik düşüncə eyni zamanda partiyaların irəli sürdüyü namizədlərə hörmətlə yanaşmaqdan da ibarətdir.

- Bir az əvvəl cəmiyyətin parlamentdə təmsil olunacaq namizədlərə diktə etdiyini vurğuladız. YAP namizədlər siyahısını hazırlayanda, cəmiyyətin tələblərini və diktəsini nəzərə almır?

 

- YAP cəmiyyətin əhval-ruhiyyəsini hər zaman nəzər almağa çalışıb. Bütün seçkilərdə, bütün yanaşmalarda cəmiyyətin əhval- ruhiyyəsi nəzər alınır. Lakin yenə də təkak edirəm, kimlərinsə cəmiyyətin adından danışmasını, kimlərinsə öz fikirlərini cəmiyyətin ab-havası kimi qəbul etdirməyə çalışmasını qəbul etmirəm.

 

- Hakim partiya bu siyahı ilə uğur qazanacağına nə qədər əmindir?

 

- Hər halda biz qələbəyə inamla gedirik. Lakin nə qədər səs toplayacağımızı, hansı namizədlərimizin qələbə qazancağını seçki göstərəcək. Bununla bağlı ciddi araşdırmalar da aparılır. Namizədlərimizin hər birinin potensialını götür-qoy etmişik və belə bir optimal siyahı ilə seçkiyə hazırlaşırıq. Bununla belə, onu da qəbul edirik ki, YAP-dan başqa da seçkiyə gedən siyasi partiyalar və müstəqil namizədlər var. Təbii ki, onların da qalib gəlmək şansları var. Hər halda seçkiyə hazırlıqlı gedirik və ümid edirik ki, yenidən parlamentdə əsaslı şəkildə səs toplaya biləcəyik.

 

- Namizədlər siyahınızda 123 nəfərin adı var. Bəs qalan 2 yer?

 

- Yaxın zamanda bununla bağlı YAP-ın xüsusi açıqlaması olacaq.

Müəllif: Mərahim Nəsib      28 Dekabr 2019 14:13
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin