Prezident yanında Komissiyanın şöbə müdiri: “Özümüzü dünyaya güldürürük”

Prezident yanında Komissiyanın şöbə müdiri: “Özümüzü dünyaya güldürürük”

Oktay Səmədov: “Azərbaycan imtahanların sayına görə, az qala “Ginnesin rekordlar kitabı”na düşəcək”

 

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Analitik təhlil və elektron xidmətlər şöbəsinin müdiri Oktay Səmədov AYNA-nın həmsöhbəti olub. Müsahibəni təqdim edirik:

 

- Oktay müəllim, ali məktəbi bitirən məzunların təkrar imtahana çəkilməsi və imtahanın Dövlət İmtahan Mərkəzinə (DİM) həvalə olunması təklifi verilib. Bu təklifə münasibətiniz?

 

- Orta məktəblərə qəbulda azyaşlı uşaqlar imtahan verirlər, 3 nəfər yaşlı adam qarşısında uşaqları imtahana çəkmək nə qədər doğrudur? Axı bu uşaqlarda məktəbə sevgi yaratmaq əvəzinə sorğu-sual etmək nə deməkdir. Uşaqlar psixoloji sarsıntı keçirirlər. Ümumiyyətlə, ildən-ilə imtahananların sayını artırmağın məqsədi nədir? Azərbaycan az qala imtahan sayına görə “Ginnesin rekordlar kitabı”na düşəcək. Hələ də bu sualın cavabını tapmıram. Nə qədər uşaq, yeniyetmə, gənc imtahan barədə düşünməlidir? Bakalavr, magistr bitirən şəxs mütəxəssis kimi yetişdirilibsə, yenidən imtana çəkmək qəribə gəlir, təəssüf edirəm. Bu, əslində ağrılı məsələdir. İslahatlar gedir, təhsil islahatları təhsilin keyfiyyətini yüksəltmək, insanların həyatını yüngülləşdirmək üçündür. Bizdə isə, aparılan islahatlar həyatı qəlizləşdirir, konkret təhsildə gərginliyi artırır. Olmazmı ki, bu, elə bir formada aparılsın ki, problemlərin həllinə yönəldilsin?!

- Bu qədər imtahanların mənəvi, zehni, fiziki yükü, yorğunluğu ilə yanaşı, maddi tərəfləri də var, hər yerdə pul tələb olunur, pulsuz təhsil olsa, belə…

 

- Bəli, valideynlərin üzərinə yük düşür. Əlavə xərcləri qeyri-rəsmi maddi vəsait kimi başa düşürük, çəkilən xərclər, bunun da mental tərəfləri var. Hər imtahana hazırlıq əlavə maddiyyat, dərs vəsaitləri alınması faktı var. Hər il dərs vəsaitlərinin məzmunu dəyişir. Bəyənməyədiyimiz Sovet vaxtında bir ailənin uşaqları hər il sinfinə görə eyni dərslikdən istifadə edirdilər. Bu il hansısa sinfi bitirən şagirdin kitabını gələn il qardaşı, bacısı istifadə edirdi. İndi isə gündə bir dərslik çıxır, həm məzmunu, həm müəllifi fərqli olan. Amma bu gün kitabların heç birində mən nədənsə dil-ədbiyyat kompüter anlayışları ilə bağlı sözlər görmürəm. Amma hörmətli dilçilər yaratdıqları “Orfoqrafiya lügəti”ndə vaxt tapıb “gey parad” sözünü yerləşdiriblər, sevinərək 20 ildən çoxdur tətbiq olunan “magistratura” sözünü də lüğətə salıblar. Biz  özümüzü dünyaya güldürürük.

 

- Məktəblilər aşağı siniflərdən repititor yanına gedirlər. Misal üçün, buraxılış imtahanına məktəblini hazırlayan repetitor 2010-cu ilin dərsliyini axtarır və bu üzrə proqram işləyir. Səbəb nədir?

 

- Bilirsiz də, Avropada çox ölkə, konkret olaraq Böyük Britaniya Sovet təhsil sisteminə keçib. O vaxtın müsbət çəhətlərinədən, ənənələrindən təəssüf ki, biz istifadə edə bilmədik. Dağıtmağa nə var ki. Bəlkə də bilərəkdən, ya da bilməyərəkdən bu oldu, amma biz çox gerilədik. Bu gün bizim məktəblərdə tədris lüğətləri, terminologi lüğətlər yox səviyyəsindədir. Axı hər sahədə, fəndə yeniliklər olur, inkişaf etmək istəyiriksə, zamanla ayaqlaşmalıyıq.

- Test üsulunun ləğv edilməsi təklifi də var, dövlət illərlə bu metodun tətbiqi üçün nə qədər pul xərcləyib. Doğrudurmu ləğv etmək?

 

- Test üsulunun ləğvi yalnış addım olar. Dünyada test sistemi hər zaman olub. İşə qəbulda, psixoloji müayinələrdə testdən istifadə vacibdir. Test üsulu tək imtahan üçün yox, sosioloji sorğuların keçirilməsi üçün gərəklidir. Məhz dövlət tədbirlərinin, islahatların həyata keçirilməsi sosioloji araşdırmaların nəticəsindən sonra baş verir. Bizdə hər il yüzlərlə sosioloq ixtisasına yiyələnən olur, amma çoxu işsizdir. Misal üçün, indiyədək eşitməmişəm ki, elə siz jurnalistlər arasında ciddi sosioloji araşdırma, sorğu aparılsın. Digər məsələ, bu gün məktəblərdə psixoloqla yanaşı, sosioloq ştatı olmalıdır. O da menecer, menecment işini bilməlidir, daim axtarışda olmalıdır, təhsil müəsisəsinin uğurlarının artırılması üçün çalışmalıdır. Baxın, Nazirlikdə Təhsil Şurası yarandı. Necə yarandı, necə qeydiyyatdan keçdi, bilən varmı? Niyə valideynlər arasında sorğu keçirilmir? Təhsildə yeni addım atılanda, yeniliklər olanda ictimaiyyətin də fikirləri nəzərə alınmalıdır. Yeniliklərlə bağlı nə vaxtsa valideynləri, şagirdləri yığıb məktəb barədə fikir öyrənilibmi? Xeyr. Sorğulara əhali cəlb olunmalıdır. Bu sorğu olsa, ictimai qınaq məsələsi də həll olar.

 

- Deputatlardan biri təkidlə məktəblərdə mobil telefonun - “iPhone”un  qadağasını tələb edir...

 

- Təəssüf ki, bir çoxumuz hələ də hansı əsrdə yaşadığımızı bilmirik. Müasir dünyada növbəti texnoloji sıçrayış baş verir: yeni texnologiyalar insan həyatının ayrılmaz tərkib hissəsinə çevrilir. Biz isə bu texnologiyalardan istifadəni qadağan etmək barədə düşünürük. Özü də harada - gələcəyimizi formalaşdıran məktəb məkanında. Müasir kommunikasiya və informasiya vasitələrinin tədris prosesində nə cür tətbiq edilməsi yollarını araşdırmaq əvəzinə, onların qadağan edilməsi kimi absurd və gülünc təkliflə çıxış edirik. Bu günün 7 yaşlı məktəblisi "iPhone" vasitəsilə informasiya əldə etmək üsullarını vurma cədvəlindən yaxşı bilir. İstədik-istəmədik, uşaqlar yeni texnologiyalara tez alışırlar. Əksinə, bu texnologiyaların tədris prosesində tətbiqi barədə düşünmək daha vacibdir.

Müəllif: Raminə Eyvazqızı      4 Yanvar 2020 10:45
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin