“Azərbaycan Rusiya ilə Belarusa barışıq platforması təqdim edə bilər”

“Azərbaycan Rusiya ilə Belarusa barışıq platforması təqdim edə bilər”

Tofiq Abbasov: “NATO-nun Moskva-Minsk qarşıdurmasına müdaxilə etməsi inandırıcı deyil”

 

Belarus ilə Rusiya arasında gərginlik artmaqda davam edir. Belarus Prezidenti Aleksandr Lukaşenkonun bu günlərdə Rusiyanın “Exo Moskva” radiosuna verdiyi müsahibə gərginliyi daha da artırıb.

 

Lukaşenkonun Rusiyanı müharibə ilə hədələməsi, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dimitri Peskovun isə Belarusu enerji təchizatının kəsilməsi ilə təhdid etməsi iki ölkə arasındakı münasibətlərin daha da kəskinləşməsinə səbəb olub. 

 

Politoloq Tofiq Abbasov mövzu ətrafında AYNA-nın suallarını cavablandırıb:

 

- Tofiq müəllim, Rusiya və Belarus arasındakı münasibətlər çox yaxşı idi. Nə baş verdi ki, qarşıdurma meydana çıxdı?

 

- Rusiya Federasiyası Belarusda hərbi baza yaratmaq istəyirdi. Düzdür, Lukaşenko əvvəlcə bu təklifə razılıq vermişdi, lakin daha sonra bundan imtina etdi və Rusiya öz istəyinə çata bilmədi. Ölkələr arasındakı həmin barışmaz mövqe münasibətləri bu vəziyyətə gətirib çıxardı. Əlbəttə ki, Ukrayna-Rusiya münaqişəsi öz həllini tapmamış belə bir konfliktin başlaması potsovet məkanında yerləşən ölkələrin heç birinə sərf edə bilməz. Amma ola bilsin, bu hadisələrin fonunda 3-cü tərəf olan qüvvələr bu münaqişənin alovlanmasında maraqlıdır.

 

- Belarus Prezidenti “Rusiya sərhədlərimizi pozarsa, iki ölkə arasında müharibə ola bilər” bəyanatı nəyə gətirib çıxara bilər?

 

- Konfliktin dərinləşməsi real görünür. Lukaşenko, müttəfiq dövlətin rəhbəri olaraq Rusiyaya bildirmək istəyir ki, onların münasibətləri bərabərhüquqlu prinsiplər əsasında davam etməlidir. Amma Rusiya bu məsələyə başqa mövqedən yanaşır və üstünlüyün Moskvada olmasını istəyir. Məhz bu baxımdan, artıq uzun müddətdir ki, iki ölkə arasındakı diplomatik çəkişmələr davam edir. Belarus milli müstəqilliyini həm qorumaq, həm də Rusiyanın qarşısında bərabərhüquqlu bir müttəfiq kimi mövqeyini qoruyub saxlamaq istəyir. Rusiya isə tamamilə fərqli bir siyasət yürütməyə çalışır. Amma siyasət elə bir şeydir ki, bəzən münaqişələr gözlənilməz istiqamətlərdə formalaşır və ölkələr arasındakı gərginliklər aradan qalxmaq əvəzinə, daha da şiddətlənir.

- Belarus rəhbəri, Moskvanın Minskə yönəlmiş təhdidlərinə Qərb və NATO-nun cavabsız qalmayacağını bildirib. Lakin Rusiya Krımı ilhaq edəndə, dünya Qərbin əməli addımına şahid olmadı. Rusiya Qərbin susqunluğuna arxayınlaşıb, Belarusa qarşı da öz planını həyata keçirə bilər?

 

- Dünyada gedişat belədir ki, bütün güclü dövlətlər öz hüdudlarından kənarda da əməliyyatlar həyata keçirir. Lakin inanmıram ki, NATO bu proseslərə münasibət bildirsin. Çünki NATO-nun bu proseslərə, ümumiyyətlə dəxli yoxdur. Belarusun NATO ilə münasibətləri olmayıb.  Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və əslində Rusiya ilə müttəfiqdir.

 

- Rusiya ilə Belarus arasında 1997-ci ildə “Birlik” sazişi imzalanıb. O da məlumdur ki, Lukaşenko 25 illik iqtidarı dövründə daha çox Qərbə soyuqluğu” ilə seçilib və Rusiyadan aldığı kreditlərlə ölkəsini saxlamağa çalışan rəhbər statusu ilə yadda qalıb. Belə olan halda Qərbin, daha doğrusu NATO-nun Rusiya ilə müharibə etməsi nə qədər inandırıcıdır?

 

- Təbii ki, Rusiyanın sərhədlərində münaqişələrin artması NATO-ya sərf edir. Hətta ABŞ-şın siyasi insitutları belə, bu istiqamətdə məqsədyönlü fəaliyyət göstərir ki, Rusiyanın ərazisini maksimal dərəcədə gərginlik ocaqları ilə əhatə etsinlər. Lakin Belarusun Qərblə yaxınlaşması və müttəfiqlik qurması indiki şəraitdə inandırıcı deyil. Bu baxımdan da, istər ABŞ, istərsə də Rusiya vəziyyətə görə konkret mövqelər sərgiləyə bilər. 

 

- Hadisələrin daha da gərginləşəcəyi təqdirdə, rəsmi Bakı hansı mövqedən çıxış edəcək?

 

- Azərbaycanın həm Rusiya, həm də Belarus ilə yaxşı münasibətləri var. Azərbaycan daha çox barışıq platforması təqdim edə bilər. Çünki Türkiyə ilə Rusiya arasında münasibətlər pozulanda da, Azərbaycan ilk olaraq Ankara ilə Moskva arasındakı münaqişəni aradan qaldırmaq üçün özünün vasitəçi rolunu təklif etmişdi. Bunun nəticəsində də hər iki dövlətin rəhbərləri açıq-aşkar bəyan etmişdilər ki, onların barışmasında İlham Əliyevin böyük rolu olub. Yəni Azərbaycanın belə məsələlərdə xüsusi təcrübəsi var. Hətta bu yaxınlarda Vladimir Putin İlham Əliyevi ad günü münasibəti ilə təbrik edəndə, Azərbaycan ilə Rusiyanın starateji tərəfdaş olduğunu xüsusilə vurğulamışdı. Bu da o deməkdir ki, iki dövlət arasında həlli mümkün olmayan məsələlər yoxdur və münasibətlər müsbət istiqamətdə inkişaf edir və bu münasibətlər Rusiya ilə yanaşı, Belarus ilə də ürəkaçan yöndə cərəyan edir. Buna görə də, Azərbaycan iki dövlət arasında ştatdankənar münasibətlərin formalaşmasını heç vaxt istəməz.

Müəllif: Mərahim Nəsib      31 Dekabr 2019 15:10
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin