“Parlament seçkilərinə qədər heç kəs cərimə olunmayacaq”

“Parlament seçkilərinə qədər heç kəs cərimə olunmayacaq”

Əkrəm Həsənov: “Daşınmaz əmlak sığortası məcburi deyil, könüllü olmalıdır”

 

Daşınmaz əmlakın icbari sığortası məsələsi ətrafında mübahisələr davam edir. Vətəndaşlar cərimələnməmək üçün evini sığorta etdirir, sığorta şirkətləri isə qazancına qazanc qatır. Məsələnin icbari tərəfindən narazı olan ekspertlər, vətəndaşlar isə susmurlar.

 

Ekspertlər israrla icbari əmlak sığortasının Konstitusiyaya zidd olduğunu deyirlər. Bəs tanınmış hüquqşünas, maliyyəçi Əkrəm Həsənov nə düşünür? AYNA əməkdaşı mövzu ətrafında onunla həmsöhbət olub.

 

- Əkrəm bəy, aylardır, sizin də bu sığorta növü ilə bağlı fikirlərinizi eşidirik. Sözügedən qanun və onun tətbiqi, həqiqətən Konstitusiyaya ziddirmi?

 

- Bilmirəm, nə üçün bu məsələdə mülkiyyət hüququ ilə icbari əmlak sığortası məsələsi Konstitusiyaya nəzərən şərh olunur. Bunu qarışdırmaq olmaz. Bu məsələdə Konstitusiyaya zidd nəsə görmürəm. Konstitusiyada qeyd olunan mülkiyyət məsələsi, həm də məsuliyyət hüququnu yaradır. Çox ölkələrdə bu sığorta növü icbari deyil. Daşınmaz əmlakdan istismar zamanı 3-cü şəxsə dəyən zərərin icbari sığortası olsaydı, bu, daha doğru olardı. Misal üçün, qonşu qonşunun evinə su buraxdığı halda.

 

Son bir aydır, hamı bundan danışır. Çox adam qorxuya düşüb. Azərbaycan xalqının hüquqi savadı çox aşağı, qorxu hissi isə çox yüksək səviyyədədir, bu məsələdə də bunu görmək olur. Bu qorxu hüquqşünaslarda da var. Heç sığortaçılar da bu işi bilmirlər. Xatırladım kı, müvafiq məsələ ilə bağlı qanun 2011-ci ildə qəbul olunub, qüvvəyə minib. Amma indiyədək bu qədər müddət keçməsinə baxmayaraq, hələ də heç kəs çərimələnməyib.

- Bəs, uzun illərdən sonra birdən-birə qanunun tətbiqi hardan yada düşdü?

 

- Qanunda qeyd olunur ki, icbari əmlak sığortasını etməyən cərimələnəcək. İndiyə qədər dövlət heç kəsi cərimələməyib, bu məsələdə təcrübə yoxdur. Bəs bu məsələ necə oldu ki, aktuallaşdı? İlin sonuna yaxın sığorta şirkətləri aktivləşdi, indi hamıya bildirişlər göndərirlər. Amma heç bir vətəndaş soruşmur ki, bildirişi kim göndərib. Heç bildirişdə də bu, qeyd olunmayıb. Maraqlı ondadır ki, bidiriş göndərən anonim şəxs də vətəndaşdan qorxur, onu alan vətəndaş da. Ortada isə veriləcək çox suallar var. Əhalini kim cərimələyəcək?

 

- Əkrəm bəy, icbari əmlak sığortasına məsul olan dövlət qurumu hansıdır?

 

- Bir çox qurumların əlaqələndirici missiyası var. Amma əsas məsul qurum Mərkəzi Bankdır. Bu bank sığorta bazarına nəzarət edən qurumdur. Mövzu ilə bağlı müzakirələr gedəndən Mərkəzi Bankdan nəsə bir açıqlama eşitmisinizmi? Əlbəttə ki, yox. Səsi cıxmayan MB isə əslində əhaliyə izahat verməlidir.

 

- Mərkəzi Bank niyə susur?

 

- Bunun bir cavabı var: Parlament seçkiləriöncəsi MB bunu edə bilməz. Amma istəsə, izahat verə bilər ki, qanun var, sığorta növü üzrə cərimə sanksiyaları nədir, yaxud sığorta şirkətləri özü icbari əmlak sığortasından narazıdır. Hətta deyə bilər ki, bu qanunun qüvvədə qalması sual doğurur. Amma onu da qeyd edim ki, proqnoza görə, təbliğat sayəsində sığorta şirkətlərinin gəlirləri xeyli artıb, yüzlərlə vətəndaş cərimə qorxusundan sığortaya cəlb olunub. 

 

- İcbari Sığorta Bürosu (İSB) deyilən qurum var. Bu qurum nə işə baxır?

 

- İSB əlaqələndirici qurumdur. Vətəndaş sığorta şirkəti ilə müqavilə bağlayır, öz əmlakını sığorta etdirir. Həmin büro ilə vətəndaşın hər hansı əlaqəsinə ehtiyac yoxdur. Sığorta şirkəti həmin müqavilələri İSB-yə təqdim etməlidir. Büro da qeydiyyata salmalıdır.

 

- Tutaq ki, mənzilini sığortalamayan şəxsə cərimələr gəldi, bunun nəticəsində onu nə gözləyir?

 

- Cərimələr üzt-üstə yığılsa, vətəndaş İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə (Məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmə) görə məsuldur. Bu halda pulu ola-ola ödəmə aparmayıbsa, vətəndaş 30 günə qədər həbs oluna da bilər, əgər əmlak sahibinin sosial vəziyyəti yaxşı deyilsə, ondan pulun tələbi mümkün deyil. Əslində, bu halda o qədər mübahisəli məqamlar var ki, demək qanunun mexanizmləri hələ də tam işlənməyib.

 

Yeri gəlmişkən, deyim ki, heç kəsi növbədənkənar parlament seçkisinə qədər cərimə etməyəcəklər. Bir də ucdantutma cərimə də gözləmək olmaz, bunun bir xəbərdarlığı da olacaq. Bir vətəndaş kimi əmlakını sığorta etdirənləri təqdir edirəm. Amma icbari sığorta məsələsinə qarşı olan biri kimi, parlamentə namizədliyini verən şəxslər qarşısında tələb qoymaq istəyərdim. Parlament öz işinə yenidən başlayanda ilk müzakirəyə çıxarılan məsələnin məhz bu qanun olmasını istəyərdim.

Müəllif: Raminə Eyvazqızı      27 Dekabr 2019 13:32
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin