Gürcüstan Prezidenti dəstək istəyir

Gürcüstan Prezidenti dəstək istəyir

Geniş format yaransa belə, Gürcüstanın problemləri həll olmayacaq

 

Gürcüstan Prezidenti Salome Zurabişvili təklif edib ki, Donbass probleminin həlli ilə məşğul olan “Normand formatı” (Ukrayna, Rusiya, Fransa və Almaniya) Abxaziya və Cənubi Osetiya məsələsiylə də məşğul olsun. 2008-ci il müharibəsindən sonra Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər yoxdur. İki ölkə arasında dialoq xarici işlər nazirlərinin müavinləri səviyyəsində Cenevrə şəhərində aparılır. Diplomatlar ara-sıra görüşür, mübahisələri həll etməyə çalışırlar. Ancaq müzakirələr nəticə vermir. Salome Zurabişvili Gürcüstanın Rusiya ilə üz-üzə heç bir məsələni həll edə bilməyəcəyi qənaətindədir. Ona görə də Gürcüstan prezidenti hesab edir ki, prosesdə Almaniya və Fransa iştirak etsə, danışıqlar ölü nöqtədən tərpənə bilər.

 

Görünür, Salomze Zurabişvili hesab edir ki, danışıqlarda Fransa və Almaniya iştirak etsə, Rusiyanın Abxaziya və Cənubi Osetiya münaqişələrinin həllinə baxışı dəyişə bilər. Yanlış nəticədir.

 

Birincisi, “Normand formatı” heç Donbass problemini həll edə bilmir. Yəni Fransa və Almaniya Donbass probleminin həllini sürətləndirə bilmir. Problemi həll edə bilməyən Fransa və Almaniya üçün Donbasda atəşkəsin qorunması kifayət edir.

 

İkincisi, nə Fransa, nə də Almaniya hər hansı problemin həlli məqsədilə Rusiyaya təzyiq etmir və belə bir düşüncələri yoxdur, tam əksinə, Paris və Berlin, hətta mövcud şərtlər daxilində Moskva ilə əlaqələrin inkişafına çalışır.

 

Belə olan halda, Abxaziya və Cənubi Osetiya problemlərinin həlli ilə bağlı, hətta geniş format yaransa belə, bu, Gürcüstanın problemlərini həll etməyəcək.

Müəllif: Elxan Şahinoğlu, politoloq      26 Dekabr 2019 12:42
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin