“Pənah Hüseyn verilişə niyə çıxmışdı, nə demək istəyirdi, anlamadım”

“Pənah Hüseyn verilişə niyə çıxmışdı, nə demək istəyirdi, anlamadım”

Elşad Miri: “Belə bir iftiranın qarşısında nə deyəcəyimi bilmədim”

 

Bu yaxınlarda “Xural TV” internet televiziyasının efirində qalmaqal yaşanıb. İlahiyyatçı Elşad Miri ilə Azərbaycan Xalq Partiyasının (AXP) sədri, sabiq Baş nazir Pənah Hüseyn arasında qarşıdurma baş verib.

 

İlahiyyatçının “İslamda yoxdur” kitabının müzakirəsi zamanı, P.Hüseynin E.Mirini sərt təndiq etməsi, ilahiyyatçının isə keçmiş Baş Naziri cəsarətsiz adlandırması vəziyyəti gərginləşdirib. Nəticədə debat baş tutmayıb.

 

Məsələni aydınlaşdırmaq üçün AYNA əməkdaşı Elşad Miri ilə əlaqə saxlayıb. O, baş verənlərə belə münasibət bildirib: “Pənah Hüseynin dindən xəbərsiz insan olduğunu bildiyim üçün, onunla debata çıxmaqdan dəfələrlə imtina etmişdim. Lakin verilişin aparıcısı Əvəz Zeynallı, Pənah Hüseynin sözügedən mözvu ilə bağlı dissertasiya yazdığını və debatın baş tutması üçün təkid etdiyini bildirdi. Dəfələrlə etiraz etsəm də, Əvəz bəyə hörmətim olduğu üçün onun təklifini qəbul etmişdim. Həqiqətən də, debat olmasa belə, ən azından normal müzakirə gedəcəyini və hər kəsin öz düşündüyünü açıqlayacağını hesab edirdim. Lakin təəssüflər olsun ki, belə bir xoşagəlməz görüntü meydana gəldi”.

İlahiyyatçı opponentinin nə demək istəyini anlamadığını deyib: “Əgər, baş verənləri kənardan müşahidə edən tamaşaçı onun nə demək istədiyini başa düşə bilməyibsə, inanın ki, mən də başa düşməmişəm. Sadəcə anlamadım ki, Pənah Hüseyn o verilişə niyə çıxmışdı, nə demək istəyirdi və məqsədi nə idi. Anlasaydım, böyük məmnuniyyətlə sizə danışardım. Kaş ki, əlində sübutları olaydı, mən də onun nə demək istədiyini öyrənmiş olaydım”.

 

“Pənah Hüseyn qışqıraraq mənim ilahiyyatçı olmadığımı iddia edirdi. Təbii ki, mənim diplomlarımın hər biri ilahiyyat sahəsi üzrədir. Sadəcə belə bir iftiranın qarşısında nə deyəcəyimi bilmədim”, - deyə E.Miri vurğulayıb.

 

P.S. Məsələ ilə bağlı gün ərzində Pənah Hüseynin münasibətini öyrənməyə çalışsaq da, telefonu bağlı olduğu üçün cəhdlərimiz baş tutmadı. Yenə də qarşı tərəfin mövqeyini öyrənməyə çalışacağıq.

Müəllif: Mərahim Nəsib      25 Dekabr 2019 17:39
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin