Azərbaycan 2 ölkənin vətəndaşları üçün viza rüsumunu azaldıb

Azərbaycan 2 ölkənin vətəndaşları üçün viza rüsumunu azaldıb

Rüsumun məbləği “Dövlət rüsumu haqqında” qanunla ilə eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqlidir

 

“Azərbaycan Respublikasına səfər edən əcnəbilərə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsinin həmin əcnəbilərin vətəndaşı olduğu ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində müəyyən olunduğu ölkələrin Siyahısı” təsdiqlənib.

 

AYNA xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb. Siyahıda nəzərdə tutulan ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği müəyyənləşib.

 

Bildirilib ki, bu rüsumun məbləği “Dövlət rüsumu haqqında” qanunla ilə eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqlidir.

 

Buna görə də qərara alınıb ki, “Dövlət rüsumu haqqında qanunun 17.6-1-ci maddəsinə uyğun olaraq dövlət rüsumunun dərəcəsi həmin ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində müəyyən edilsin.

 

Qeyd edək ki, siyahıya ABŞ və Koreya Respublikası (Cənubi Koreya) daxildir.

 

Trend-in məlumatına görə, hazırda Azərbaycana çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği 350 ABŞ dolları müəyyən edilib. Ümumilikdə, Azərbaycan Respublikasına səfər edən əcnəbilərə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsinin müəyyən olunması zamanı qarşılılıq prinsipinin nəzər alınması vacib hesab olunur.

 

Belə ki, ABŞ tərəfi Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsinə görə - turist, tələbə və mübadilə vizaları üçün 160 ABŞ dolları, habelə əmək, şirkətlərarası transfer və din xadimləri vizaları üçün 190 ABŞ dolları məbləğində dövlət rüsumu tutur.

 

Həmçinin ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyi qarşılılıq prinsipinə uyğun olaraq Azərbaycan tərəfindən ABŞ vətəndaşlarına daha uzunmüddətli vizaların rəsmiləşdirilməsini və çoxdəfəlik vizaların rəsmiləşdirilməsinə görə tutulan dövlət rüsumunun azaldılmasını xahiş edib.

 

Koreya tərəfi Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizaların rəsmiləşdirilməsinə görə 150 ABŞ dolları məbləğində dövlət rüsumu tutur.

 

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasına səfər etmək istəyən ABŞ və Koreya Republikası vətəndaşları üçün çoxdəfəlik vizaların rəsmiləşdirilməsinə görə dövlət rüsumunun azaldılması məqsədəuyğun hesab olunur.

 

Proqnozlaşdırmaq mümkündür ki, bu layihənin qəbul edilməsi nəticəsində Azərbaycan Respublikası ilə ABŞ və Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında ikitərəfli siyasi, iqtisadi və sosial əməkdaşlıq əlaqələrinin inkişafına, ikitərəfli ticarət dövriyyəsinin artmasına, o cümlədən ölkəmizə xarici investisiya qoyuluşu prosesinə müsbət təsir göstərə və həmin ölkələrdən Azərbaycan Respublikasına müxtəlif məqsədlərlə səfər edən şəxslərin sayının artmasına səbəb ola bilər.

Müəllif: Ayna.az      25 Dekabr 2019 15:01
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin