Ölkədə 200-dən artıq uşağın həyatı təhlükə altındadır – SOS

Ölkədə 200-dən artıq uşağın həyatı təhlükə altındadır –                 SOS

“Dövlət bu uşaqlara yardım etməlidir, onlar bizim övladlarımızdır”

 

“Çox çarəsiz vəziyyətdəyik. Xəstələrin, uşaqlarımızın dərmanları təcili alınmalı və müalicələri davam etməlidir”.

 

Bunu AYNA-ya üz tutan “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin (İB) rəhbəri Mehriban Bağırova deyib. Onun sözlərinə görə, təşkilatı və “Ayan” Xeyriyyə Qrupu bir müddətdir ki, leykemiya ilə mübarizə aparan pasiyentlərin daim istifadə etdikləri “Vincristine” tərkibli “Vinkristin” adlı və “Merkaptopturin” tərkibli “Merpurin” adlı dərman preparatlarının xəstəxana tərəfindən verilişinin dayandırılmasından və apteklərdə satışının olmamasından öz narahatçılıqlarını çatdırır.

 

“Qeyd edilən tərkibdəki dərmanların hər biri kimyaterapiya müalicəsində istifadə edilir və hər biri bu qrup daxil olmaqla digər qrupdan da olan onkoloji xəstələrin müalicəsində istifadə edilən əsas dərman vasitələri siyahısına daxildir. Əgər pasiyentlər yuxarıda göstərilən dərman preparatları ilə tez bir zamanda təmin edilməzsə, həyatları üçün təhlükə yarana, xəstəliklərində qayıdış baş verə bilər. Azərbaycanda sümük iliyi ilə bağlı donor bankı olmadığı üçün pasiyentlər arasında ölümlə nəticələnən çoxsaylı itkilər baş verə bilər”, - M.Bağırova bildirib.

“Dövlət bu uşaqlara yardım etməlidir. Axı bu uşaqlar Azərbaycanın uşaqlarıdır, hamımız əlbir olub belə xəstələrin müalicəsinin davam etdirilməsinə yardım etməliyik. Bu dərman preparatları kimyaterapiyadan bahalıdır, valideynlər özbaşına ala bilmirlər, maddi vəziyyəti pis olan ailələr uşaqlarının müalicəsi üçün borca-xərcə düşməli olur. Bilmək istəyirik: Bu dərmanlar niyə verilmir? Bitibmi? Dövlətimizin almaq üçün pulumu yoxdur?”, - deyə İB sədri əlavə edib.

 

Həmsöhbətimizi maraqlandıran başqa bir məsələ də var: “Talassemiya Mərkəzində leykozların (qan xərçəngi xəstələrinin) müalicəsi pulludur. Maraqlıdır, necə olur ki, başqa qan xəstələrinə güzəştlər edilir, amma qan xərçəngi xəstələri üçün ödəniş tələb olunur? Biz uşaqların bu ağır vəziyyəti ilə əlaqədar ölkə rəhbərinə müraciət hazırlamışıq”.

 

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinə üz tutsaq da, oradan baş onkoloqla əlaqə saxlamağımızı tövsiyə etdilər. Ölkənin baş onkoloqu Azad Kərimli isə bu məsələyə dair fikir bildirməkdən çəkindi, hətta AYNA-nın sualına sərt cavab verdi: “Mən heç bilmirəm, hansı dərmanlardan söhbət gedir, mənə niyə bu sualı verirsiz, bilmirəm. Bu xəstələrlə biz yox, Qanköçürmə İnstitutu məşğul olur, zəng edib onlardan soruşun”.

 

B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun (Qanköçürmə İnstitutu kimi tanınan) həkim-hemotoloqu, professor Mireldar Babayevlə əlaqə saxladıq. O, AYNA-nın sualına belə aydınlıq gətirib: “Vaxtilə leykoz xəstələrinin və mənim məşğul olduğum belə uşaqların müalicəsinin nəticəsiz olduğunu deyirdilər. Bu gün isə bu xəstəliyin qarşısının alınması, effektiv və kompleks müalicə ilə onların vəziyyətini yaxşılaşdırmaq olur. Vacib olanı həkimin vaxtında xəstəyə müdaxiləsi, ardıcıl müalicənin təşkilidir. Müalicə üçün də dərmanların vaxtıaşırı təminatıdır. Doğrudur, İnstitutun dərman deposunda preparatlar yoxdur, bir müddətdir dərmanların verilişi ilə bağlı problemlər yaranıb, amma belə fasilələr əvvəllər də olub. Ümid edirik ki, tezliklə bu problem həllini tapar”.

“Yoxsa dərman yetərsizliyindən xəstə uşaqların (hazırda sayları 200-220 arasıdır) vəziyyəti pisləşə, səhhətlərində geriləmə ola bilər, bu da belə uşaqların həyatı üçün təhlükədir. Bu xəstələr aylardır, ağır kimyaterapiaya, çətin müalicə kursundan keçib, remissiya (xəstəliyin yüngülləşmə dövrü) dövrünə çatıblar. Bu dövr hələ sağalmaq deyil, amma sağalmağın astanasıdır. Dərmanların olmaması xəstə-həkim-valideyn əlbirliyi ilə yaranan müsbət nəticənin heç olması deməkdir. Ona görə də, həyati əhəmiyyətli preparatların tezliklə verilməsi təmin olunmalıdır”, - deyə həkim vurğulayıb.

 

Qeyd edək ki, 2017-2020-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramına əsasən, leykemiya ilə mübarizə aparan pasiyentlərin həmin dərmanlarla təminatı dövlət tərəfindən həyata keçirilməlidir.

 

P.S. Deyəsən, ölkənin baş onkoloqu Azad Kərimli unudub ki, 2012-ci ildən Milli Onkologiya Mərkəzinin nəzdində Uşaq Onkologiya Klinikası fəaliyyət göstərir. Yoxsa, ən azından, daşıdığı statusuna görə, məsələnin ciddiliyinə varar, suallara cavab verərdi.

Müəllif: Raminə Eyvazqızı      27 Dekabr 2019 10:20
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin