“Azərbaycan Rusiya ilə strateji müttəfiqlik statusuna qədəm qoymaq üzrədir”

“Azərbaycan Rusiya ilə strateji müttəfiqlik statusuna qədəm qoymaq üzrədir”

Politoloq: “Yaxın dövrlərdə Azərbaycanla Avropa arasında yaxınlaşma olmayacaq”

 

Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də yerli televiziya kanallarına geniş müsahibə verib və bir çox məsələlərə aydınlıq gətirib. Prezidentin müsahibəsində toxunduğu məsələrlədən biri də Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” proqramı ilə bağlı olub.

 

Belə ki, ölkə başçısı proqramın perspektivinə inanmadığını deyib. Bildirib ki, “Şərq Tərəfdaşlığı” irəli sürüləndə dünyada və bölgədə şərtlər başqa idi, indi isə fərqlidir.

 

Mövzunu AYNA-ya şərh edən politoloq Nəzakət Məmmədovanın sözlərinə görə, dövlət başçısı Azərbaycanın Avropaya inteqrasiya etməsinə o qədər də “isti” yanaşmır: “Ölkə başçısı bundan əvvəl də, Bakı Dövlət Universitetinin 100 illik yubileyində Avropa dəyərlərinin tənəzzülə uğradığını tənqid edərək, Azərbaycanın Avropaya inteqrasiya etməyəcəyini vurğulamışdı. Prezident, Avroatlantik məkana inteqrasiyanın bitdiyini çıxışlarında dəfələrlə qeyd eləyib. Bununla da fikirlərini bir daha təsdiqləyib”.

“Bu baxımdan da, düşünürəm ki, Azərbaycanın Avropa strukturları ilə əməkdaşlığında bir müddət ləngimələr meydana gələcək. Çünki hazırda ABŞ, Avropa İttifaqı, Rusiya, Çin və Türkiyə kimi güc mərkəzləri siyasi arenada böyük rol oynayır, hansı ki, Azərbaycanın da bu ökələrlə yaxın münasibətləri var. Ona görə də, dövlət başçısı balansı qorumaq üçün bu ölkələrin xeyrinə və zərərinə seçim etmək istəmir və gedişatın fonunda daha çox gözləmə mövqeyinə üstünlük verir”, - siyasi şərhçi deyib.

 

O, son aylarda Azərbaycanla Rusiya arasında xeyli yaxınlaşma olduğunu diqqətə çatdırıb: “Hətta Azərbaycan Rusiya ilə müttəfiqlik statusuna qədəm qoymaq üzrədir. Bunun da ilkin nümunələrindən biri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyasına səfəri zamanı baş verdi. Belə ki, bu səfər çərçivəsində Azərbaycan və Rusiya təhlükəsizlik şuraları arasında 2021-ci ilə qədər məsləhətləşmə sənədi imzalanıb. Belə bir sənəd Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycana səfəri zamanı, iki ölkənin XİN rəhbərləri arasında da imzalanmışdı. Bu da o deməkdir ki, xarici siyasət məsələlərində Azərbaycan ilə Rusiya arasında məsləhətləşmələr olacaq. Təbii ki, Azərbaycan Rusiyanın iradəsinə zidd olaraq, bu razılaşmanı pozub Avropaya yaxınlaşa bilməz”.

 

N.Məmmədova onu da əlavə edib ki, Azərbaycan “Şərq Tərəfdaşlığı” proqramından imtina edə bilməz: “Bu proqramı Azərbaycana bir sıra üstünlüklər qazandırıb deyə, ondan tam olaraq imtina etmək olmaz. Lakin proqram çərçivəsində gözlənilən əsas məsələ, assosiativ sazişin imzalanması idi ki, Prezidentin fikirləri assosiativ sazişin təxirə düşəcəyindən xəbər verir. Çünki bu sazişin imzalanması “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsindədir, Prezident də “Şərq Tərəfdaşlığı” ilə münasibətlərə “isti” yanaşmır. Deməli, sazişin imzalanması bir müddət təxirə salınacaq. Bu da o deməkdir ki, Azərbaycanla Avropa arasında yaxın dövrlərdə yaxınlaşma olmayacaq”.

Müəllif: Mərahim Nəsib      25 Dekabr 2019 16:02
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin