Azərbaycandan Rusiyaya yeni körpü salınıb

Azərbaycandan Rusiyaya yeni körpü salınıb

Samur çayı üzərindəki 325 metrlik yeni avtomobil körpüsü istifadəyə verilib

 

Dekabrın 24-də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası sərhədindən keçən Samur çayının üzərində tikilən yeni avtomobil körpüsü istifadəyə verilib. Bu barədə AYNA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən məlumat verilib.

 

Körpünün açılış mərasimində Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbər şəxsləri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Quba, Qusar və Xaçmaz rayonlarının icra hakimiyyətlərinin rəhbərləri, Rusiya tərəfdən isə bu ölkənin İqtisadi İnkişaf naziri Maksim Oreşkin, Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov və başqaları iştirak ediblər.

Qeyd edək ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2013-cü ildə Azərbaycana rəsmi səfəri zamanı digər sənədlərlə yanaşı, Samur çayı üzərində yeni körpünün tikintisi üzrə hökumətlərarası saziş imzalanıb. İnşaat işlərinin xərclərinin 50 faizi Azərbaycan, 50 faizi isə Rusiya hökuməti tərəfindən ödənilib. Müasir standartlara cavab verən yeni körpü 1957-ci ildə inşa olunmuş köhnə tikilini əvəzləyir. Körpünün uzunluğu 325,3 metr, eni 17,3 metrdir. Körpü üç zolaqdan ibarətdir.

Xatırladaq ki, Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü il sentyabrın 13-də imzalanıb. Körpünün tikintisinə 2017-ci il oktyabrın 18-də başlanılıb və layihəyə uyğun olaraq iki il ərzində inşası başa çatdırılaraq istifadəyə verilib.

Müəllif: Ayna.az      24 Dekabr 2019 16:42
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin