Millət vəkili gəncləşmə təşəbbüsləri barədə: "Parlament uşaq bağçası deyil”

Millət vəkili gəncləşmə təşəbbüsləri barədə: "Parlament uşaq bağçası deyil”

Vahid Əhmədov: “Bəzi deputatlar biznes fəaliyyəti ilə məşğul olduqları üçün dairələrdə zəif fəaliyyət göstərirdilər”

 

Məlum olduğu kimi, Prezident İlham Əliyev dekabrın 23-də bir neçə yerli telekanala müsahibə verib. Dövlət başçısı bir neçə mövzuda sualları cavablandırıb, məmnun və narazı qaldığı məqamları dilə gətirib.

 

Söhbət əsnasında İlham Əliyev “Prezident parlamenti niyə erkən buraxdı” məsələsinə də aydınlıq gətirib və erkən parlament seçkilərinin iki əsas səbəbini belə izah edib:

 

- Vaxt itirmədən yeni çağırışlara uyğun qanunvericilik bazası formalaşmalı və qanunvericilik sahəsində atılan addımlar ümumi islahatlar kursunu dəstəkləməlidir;

 

- Bəzi hallarda deputat seçilir, ondan sonra öz dairəsinə heç baş çəkmir, heç maraqlanmır. Sonra da növbəti seçkilər yaxınlaşanda başlayır ki, mənə dəstək verin. Yəni, ona xalq dəstək verməlidir.

 

Qanunvericilik fəaliyyətini dayandırmış Milli Məclisin deputatı Vahid Əhmədov mövzu ətrafında fikirlərini AYNA-ya açıqlayıb. O, Prezidentin müsahibə əsnasında ciddi mesajlar verdiyini bildirib.

“Həm müəyyən neqativ hallar, Avropaya inteqrasiya, ölkədə gedən islahatlar, həm də gələcək işlərlə bağlı Prezident ciddi fikirlər bildirdi. Qeyd etdi ki, Prezident Administrasiyasında, Nazirlər Kabinetində çox ciddi islahatlar həyata keçirilir və bu islahatlar icra hakimiyyəti orqanlarında davam etdirilir. Ona görə də bütün bunların davamı olaraq, Milli Məclis buraxıldı və müasir tələblərə cavab verən, daha çevik yeni bir parlamentin formalaşmasının vacib olması vurğulandı. Ölkədə gedən enerji, iqtisadiyyat, humanitar və ciddi kadr islahatlarına start verildiyi bir zamanda, ola bilməzdi ki, Milli Məclis bu islahatlardan kənarda qalsın. Ona görə də, Prezident hakimiyyətin bütün qollarında islahatların həyata keçirilməsi üçün bu addımı atdı”, - deputat vurğulayıb.

 

“Bəzi millət vəkilləri müəyyən işlərin çoxluğundan, yaxud əlavə olaraq müəyyən vəzifələr tutduğundan və ya biznes fəaliyyəti ilə məşğul olduqları üçün dairələrdə zəif fəaliyyət göstərirdilər. Təbii ki, ölkənin birinci şəxsi buna etiraz edirsə, deməli bunun müsbət nəticəsi olmalıdır. Çünki hər bir millət vəkili başa düşməlidir ki, onun birinci vəzifəsi dairədə seçicilərlə görüşmək, onların tələblərini yerinə yetirmək və şikayətlərinə qulaq asmaqdan ibarətdir. Geridə qalan məsələlər isə arxa planda olmalıdır”, - V.Əhmədov əlavə edib.

 

Millət vəkili parlamentin gəncləşməsi barədə də fikirlərini açıqlayıb: “Parlamentin gəncləşmə məsələsini ortaya atıblar. Lakin unutmaq olmaz ki, parlament uşaq bağçası deyil, siyasət meydanıdır. Parlamentdə əhali arasında hörməti, kifayət qədər təcrübəsi, danışıq qabiliyyəti, insanlarla təmasda olmaq bacarığı və beynəlxalq aləmdə nüfuzu olan adamlar təmsil olunmalıdır. Biz də gəncləşmənin tərəfdarıyıq, amma gəncləşməni də elə aparmaq lazımdır ki, həmin gənclər bizi, bəziləri kimi, biabır etməsinlər. Sonra deməsinlər ki, Məhəmməd Əmin Rəsulzadənin heykəlini götürmək lazımdır”.

Müəllif: Mərahim Nəsib      24 Dekabr 2019 18:54
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin