“Uçurumun dibindəyik, bundan o tərəfi yoxdur”

“Uçurumun dibindəyik, bundan o tərəfi yoxdur”

Psixoloji diaqnoz: Pislikləri adiləşdirdirmək cəmiyyətin sonudur

 

Yola saldığımız il bəzilərimizin həyatında xoş, bəzilərimizin həyatında isə uğursuz izlər buraxdı. İnsanları həm işdə, həm ailədə, həm də şəxsi həyatda idarə edən onların psixoloji hallarıdır. Bu vəziyyət insanı uğura da apara bilər, uğursuzluğa da.

 

Psixoloq, psixoanalitik Ramil Nəcəfli 2019-cu illə bağlı düşüncələrini, gəldiyi nəticələri AYNA ilə bölüşüb.

 

- Ramil bəy, vətəndaşlarımızın 2019-cu ildəki psixoloji vəziyyətini necə qiymətləndirirsiniz?

 

- Vəziyyətin yaxşı olduğunu deyə bilmərəm. Bir neçə il əvvələ dönmək istəyirəm. Bəlli dövrlər var idi ki, insanlar hansısa məişət, ailə problemi ilə bağlı həll yolunu axtarırdılar. 2015-ci ildən - məlum devalvasiyadan sonra elə bil insanların da psixoloji vəziyyəti daha çox sosial yönümlü dəyişdi. Bunu məhz devalvasiyanın nəticəsi olaraq deyirdilər. Amma bunu başqa cür qiymətləndirmək lazımdır. İnsanların getdikcə sosial problemlərə adaptasiyası, deqredasiyası (pisləşmə) baş verib. Artıq insanlar hansısa vəziyyətdən çox da psixoloji travma almırlar. Elə bil, mənəvi koordinatlar sıradan çıxıb, insanların həm cəmiyyətin eybəcərliyinə sadə baxışı, həm də öz xarakterlərinin dəyişməsi periodu baş verib və bu hal davam edir.

 

- Belə hallar cəmiyyət üçün təhlükəli hesab oluna bilər?

 

- Bəli, bunu cəmiyyət üçün SOS vəziyyəti hesab etmək olar. Misal üçün, insanlar illər əvvəl öz şəxsi problemini deyəndə maska ilə efirə çıxmağı seçirdilər, yalnız bu halda dərdlərini danışa bilərdilər. İndi isə fikir versəniz, efirlər, ekranlar utancverici, rüsvayçı əhvalatlarla, insan həyatları ilə doludur. Cəmiyyətdə, sanki pisliklərə qarşı immunitet yaranıb. Yaxud baxırsan, bir gəncdir, telekanala çıxıb səmimi hisslərindən dəm vurur, amma kulisdə danışanda dili ilə deyir ki, “məşhurlşmaq üçün edirdim”. Belə vəziyyətlərə şahidlik etmək ağırdır, üstəlik də, bu, getdikcə kütləvi hal almağa başlayır, faciə hesab olmalıdır. Yeni nəsil “həyat elə bundan ibarətdir” prinsipinə öyrəşir, onlara elə gəlir ki, eybəcərliklər də normadır. Gənc oğlanlar elə düşünürlər ki, qizlarla ciddi münasibətə dəyməz, onsuz da evlənməyin mənası yoxdur, yaxud qızlar qeyri-ciddi münasibətlərə illər əvvəldən fərqli olaraq daha çox üstünlük verirlər.

Bu cür hallara qarşı qınaq da sıfırlaşıb, adaptasiya güclənib. Ailələr var ki, boşanmadan kənardakı həyatlarına davam edirlər. Kişinin kənarda öz həyatı var, qadınlar da eyni vəziyyətdədir. Bu, onlar üçün dəhşətli günah, səhv sayılmır, hər şey adiləşib. Qızı qaçan ata artıq rüsvay olmur, vaxtilə arvadını işləməyə qoymayan kişilər indi özü arvadına iş axtarır. Baxırsan, hansısa haqsızlığa etiraz edəni haqlı ola-ola tuturlar, onun müdafiəsinə qalxmaq əvəzinə, həmin adama “sənə lazım idi bu?” deyirlər. Qeyd etdiklərim analizlərim və psixoterapiya üçün gələn müraciətlərin nəticəsidir.

 

- Cəmiyyətdə belə dəyər dəyişikliyi nə ilə bağlıdır?

 

- Bütün baş verənlər davamlı uğursuzluq, nadürüstlük və haqsızlığın hökm sürməsi ilə bağlıdır. İnsanlarda hər şeyə inam ölüb. Tək ailə-məişət problemlərində belə neqativlər hökm sürmür. İqtisadi, sosial münasibətlərdə də eyni vəziyyətdir. Bütün gənclər qısa müddətdə hər şeyə nail olmaq istəyir, ona görə ailə qurmaq üçün tələsmirlər, məsuliyyət hissindən qaçırlar. Öz haqqını tələb etməyə belə, cəhd etmirlər. Gündəlik həyat sürməyə üstünük verirlər, gələcəyə baxışları yoxdur. Söhbət cəmiyyətin əsas və böyük hissəsindən gedir. Əvvəllər yanıma gələn pasiyentlər xəyanətlə bağlı gəlirdilər, indi çox ciddi hal dəyişikliyi görmürəm. Elə bil, hamı baş verən neqativlərə hazır hiss edir özünü, az qala, travmadan özünü sığortalıyıb. Hətta müraciət edənlər çox halda psixoterapiayanı yarımçıq qoyurlar, artıq heç bir psixoloji dəstəyi istəmirlər. Hələ də psixoloq yanına getməyi lazımsız bilənlər var.

 

- Əxlaqi dəyərlər də mutasiyaya uğrayıb?

 

- Bəli, əxlaqi dəyərlər bütün sahələrdə pozulub. Bir məqamı deyim. Əvvəllər insanlar iş yerlərində qocalırdılar. İndi isə lap pulla işə düzələnlər belə, hər an işini itirməkdən qorxurlar. Çünki qəfil müdirin, rəhbərin dəyişməsi insanları işindən edə bilir. Gələn yeni rəhbər öz komandasını işlə təmin etmək üçün başqalarının çörəyinə bais olur. Əxlaq anlayışı bizim cəmiyyətdə yalnız qadın və kişi arasındakı münasibətlərə aid edilir. Amma bu, tamamilə yanlışdır. Əxlaqi dəyərlər qarşılıqlı hörmət, bütün sahələrdə və cəmiyyətdə insanlararsı münasibətlərdəki dəyərlərdir.

 

Baxın, bu gün iş yerlərində o qədər intriqalar olur ki, insanlar işindən, sevdiyi sənətindən zövq ala bilmirlər. Bu hətta azyaşlı uşaqlar arasında da baş verir. Hətta, deyərdim ki, uşaqlar böyüklərdən daha qəddardırlar. Böyüdükcə də internetdən, TV-dən, ətrafdan qidalanırlar. Psixoloji vəziyyətlərdə olan-bitənləri normal qəbul edirlər. Dostdan xəyanət görən gənclərimiz çoxalıb. Hətta bir-birindən pisliklər görə-görə əvvəldən tədbirlərini görürlər. Bütün münasibətlərdə alıb-aldatmaq, nadürüstlük normativlərə çevrilib. Hətta işgüzar münasibətlərdə də bu normalar işləyir.

 

- Dedikləriniz adamı qorxudur, bu qədərmi pis haldayıq?

 

- Təəssüf ki, təəssüratlarım reallıqlardan xəbər verir. Çoxu bunu görmək və etiraf etmək istəmir. Bütün ətrafda baş verənlər gizlincə şüuraltına keçir. İnsan davranışlarının 85-90%-i şüuraltı baş verir, qalanı ağılla, məntiqlə idarə olunur. Bəzən qəfil psixoloji problemi meydana gəlmiş adamları qəribə qarşılayırıq. Amma bu, illərlə yığılmış neqativlərin nəticəsi olaraq ortaya çıxır. Şüaraltının nəticəsi olaraq dəhşətli panik atakların (sayrışan hallar), nevrozların sayı artıb. Psixoloji pozuntunun səbəblərini də burada axtarmaq lazımdır.

 

İndi müraciət edən pasiyentlərin çoxu şəhər həyatından bezən, uzun müddət şüuraltında ola problemlərdən əziyyət çəkənlərdir. Uzun illər ərzində topladıqları gərginlikdən, neqativlərdən qurtulmaq istəyirlər. Çoxuna elə gəlir ki, bu gərginlikdən özbaşına qurtula bilər. Özünütəlqinlərə inanan insan çox halda psixoloji dəstəyi gecikdirdiyindən vəziyyəti lap pisləşir. Psixoloq yol xəritəsi verir, o, sadəcə bildiklərinizi nizamlı şəkildə göstərir. Buna görə psixoloq yardımı qaçılmazdır.

 

- Çıxış yolumuzu nədə görürsüz?

 

- İndi dövlət proqramlar həyata keçirdiyini deyir. Gənclərin, insanların inkişafı üçün edilir. Amma çox halda bu proqramlar ehtiyaclı insanlardan yan keçir. Gərginliklər də elə işsizlikdən, yalanlardan, haqsızlıqdan ortaya çıxır. Əgər cəmiyyətdə hər kəs öz işini, missiyasını bilsə, qanun-qayda ilə ölçülsə, nizam-intizam olsa, bəlkə əvvəlki dəyərlərin bərpasına ümid etmək olar. Cəmiyyət dəyərləri zəncirvaridir. İdeologiyaları dəyişmək, haqqı-ədaləti bərpa etmək zaman alsa belə, bu, baş verməlidir, əks halda uçurumun dibindəyik. Bundan o tərəfi yoxdur.

Müəllif: Raminə Eyvazqızı      12 Yanvar 2020 11:05
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin