Bu şəkillərə diqqətlə baxaq və düşünək: Biz doğru yoldayıqmı – FOTOLAR

Bu şəkillərə diqqətlə baxaq və düşünək: Biz doğru yoldayıqmı –     FOTOLAR

“Tarlada işləyən uşaqlar arasında arıq, kasıb, qayğıdan kənar olanlar vardı, onların halına ürəyim ağrıdı”

 

Azərbaycanda uşaq əməyi varmı? BMT-yə təqdim olunan hesabatlara görə, ölkədə uşaq əməyindən istifadə olunmur, istismar faktından söhbət gedə bilməz.

 

Amma bu günlərdə, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun pambıq plantasiyalarında çəkdiyi paylaşdığı fotolor diqqəti çəlb edib. Həmin şəkillərlə bağlı AYNA-ya danışan ekspert vəziyyətə belə izah verib: “Bu il də ənənəvi olaraq bölgələrdə pambıq tarlalarını gəzirdik,  hamısında uşaqlar işləyirdilər. Maraqlandıq, dedilər, “sosial imkanları zəif olan uşaqlardır, bəziləri kimsəsizdir, bəzilərinin atası yoxdur, anası xəstədir” və s. Belə uşaqlar arasında məktəb üzü görməyənlər də vardı. Faktiki tarlada onların əməyi istismar olunurdu”.

“Bəzi sahibkarlar 1 kq pambıq yığılması müqabilində 15-20 qəpik ödəniləcəyini vəd etsələr də, nəticədə az məbləğ pul veriblər. Gün ərzində o uşaqlar 30 kiloqramdan çox pambıq yığmalı idilər ki, bir az pul qazansınlar. Salyan, Sabirabad, İmişli, Saatlı, Hacıqabul rayonlarındakı səfərlərimizdə məqsəd uşaqları çəkib göstərmək deyildi. Əsla! Sadəcə onlar arasında ürəyimi ağrıdan arıq, kasıb, qayğıdan kənar uşaqlar vardı, onların halına təəssüfləndim. Qərara gəldim ki, onların şəkilini çəkib paylaşım, ictimailəşdirim. Burada məqsəd pambıqdan çox vacib məsələ, uşaq müdafiəsi problemi ilə qarşı-qarşıya olduğumuzu göstərməkdir. Bölgələrdə uşaq müdafiəsi, uşaqların təhsilə cəlb olunması acınacaqlı haldadır. Bu real faktı danmaq olmaz! 8-9 yaşında hələ də məktəbə getməyən uşaqlar var”, - Məhərrəmov bildirib.

 

O, əlavə edib ki, Özbəkistanda keçən il hakimiyyət dəyişəndən sonra uşaq müdafiəsi daha da gücləndirilib, uşaqların icbari təhsili əsas diqqət mərkəzindədir: “Uşaqların tarlaya çıxarılması birmənalı şəkildə qadağan edilib. Hərdən Sovet vaxtı ilə müqayisə aparırlar. O vaxt kollektiv təsərrüfat idi, hamı birgə ailəsi üçün çalışırdı, onda uşaqlar da ailələri ilə bigə işləyirdilər. Həm də bu, əməyə sevgi yaratmaq məqsədi ilə edilirdi ki, uşaqlar əməyə alışsınlar. İndi vəziyyət başqadır, indi pambıq sahələri ayrı-ayrı sahibkarlara məxsusdur, onların uşaqlardan istifadəsi tam səhv, qanunu, uşaq hüquqlarını pozmaqdır”.

 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) rəhbəri, hüquqşünas Sahib Məmmədov məsələ ilə bağlı AYNA-ya açıqlamasında deyib ki, Azərbaycanda uşaqların icbari əməyə cəlb olunması qadağandır: “Sovet vaxtında, xüsusən orta məktəblər təkcə pambıq deyil, başqa sahələr üzrə becərmə və yığım işlərinə cəlb olunurdu və bunun üçün təhsil müəssisələri fəaliyyətini müvəqqəti dayandırırdı. İndi belə təhsil müəssisəsinin bağlanması faktı heç cür ola bilməz. İndi pambıqçılıq artıq özəl sektordur. Ailə, kəndli təsərrüfatları var, burada uşaqların cəlb olunması faktı varsa, burada dövlət nə edə bilər?!”

“Əmək Məcəlləsi bu məqamda hər hansı çıxış yolu tapa bilmir, əgər ailə təsərrüfatında uşaq işlədilirsə, qanun hər hansı qadağa qoya bilmir. Bu gün hələ də yol kənarında salfet satan, ya da rayonlara gedəndə yol kənarlarında vedrə ilə meyvə-tərəvəz satan uşaqlar da görürük. Yaxud uşaqlar pul qarşılığında meyvə yığımına cəlb olunur. Buna kimsə nəsə deyə bilmir. Biz bu gün kiminsə həyətinə daxil olsaq, buna etiraz etsək, uşağın əməyinin istismarını sübut edə bilmərik. Deyəcəklər ki, qohumun, qonşunun uşağıdır, qarşılıqlı köməyə gəlib”, - Məmmədov vurğulayıb.

 

Həmsöhbətimizin dediyinə görə, ailə, kəndli münasibətlərində bu məsələnin tənzimlənməsi mümkün deyil: “Uşaqlar ailəsinə dəstək verib, əmək vərdişlərinə yiyələnməlidir, necə ki, çoxumuz da vaxtı ilə kənd-rayon yerində ailəmizə dəstək  vermişik. Amma pul qarşılığında əməyə cəlb olunmasına yol vermək olmaz. Uşaqların təhsildən yayınaraq işləməsi isə ailə başçılarının məsuliyyətsizliyidir. Bu, cərimə ilə də düzələn iş deyil. Sadəcə kiminsə əlində belə faktlar varsa, mütləq ictimailəşdirməli, müvafiq qurumlar ölçü götürməlidir”.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Sahib Məmmədov, bir vaxtlar ABŞ-ın Azərbaycandakı səfiri olmuş Riçard Kozlariçin “Twitter”də yazdığı fikirinə rəyini bildirmişdi. Səfir paylaşdığı statusunda Azərbaycanda pambıq yığımına insanların və uşaqların icbari cəlb olunduğunu, uşaq əməyinin istismar edildiyini yazmışdır. Sahib Məmmədov isə keçmiş səfirin fikirlərinə etiraz edərək, onun Sovet Azərbaycanı ilə müstəqil Azərbaycan arasındakı fərqi görmədiyini və fikirlərində qərəzli olduğunu vurğulamışdı.

Fotoları təqdim edirik
Müəllif: Raminə Eyvazqızı      22 Dekabr 2019 10:44
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin