Qurumaqda olan Hacıqabul gölü ilə bağlı yeni xəbər

Qurumaqda olan Hacıqabul gölü ilə bağlı yeni xəbər

"Bu layihəyə rəy verilməsi üçün yaxın vaxtlarda ictimai dinləmələr keçiriləcək, məsləhətləşmələr aparılacaq"

 

Xəbər verdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən "Tikinti, istehsalat və digər layihələrə ekoloji rəyin verilməsi prosedurlarında yenilik, ictimai dinləmələrin şəffaflığın təmin edilməsində və əhalinin məlumatlandırılmasında rolu" mövzusunda mətbuat konfransı keçirilib. Tədbirdə Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov jurnalistlərin suallarını cavablandırıb.

 

AYNA xəbər verir ki, M.Qəmbərov köhnə Şirvan kanalının ləğv ediləcəyini bildirib: "Ekspertiza idarəsinə rəy alınması üçün təqdim olunan dövlət əhəmiyyətli ən iri layihələrdən biri də Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən təqdim olunan Yuxarı Şirvan kanalının yenidən qurulması layihəsidir ki, bunun da icraası nəticəsində Şirvan-Muğan zonasının əkin sahələri suvarma suyu ilə tam təchiz olunacaq, bölgədə kənd təsərrüfatının daha da inkişafına nail olunacaq. Digər tərəfdən indiyədək mövcud olan köhnə kanal ləğv ediləcək".

"Betonlaşdırılmamış köhnə Şirvan kanalında sızmalar nəticəsində daimi su itkisi baş verirdi və ətraf torpaqların şoranlaşması prosesi gedirdi. Həyata keçirilən tədbirlər nəticəsində su itkisinin, ətraf bölgələrdə torpaqların şoranlaşmasının qarşısı alınacaq. Ən əsası, bütün ictimaiyyəti narahat edən Hacıqabul gölünün quruması dayandırılacaq və Hacıqabul gölünün bərpası prosesinə başlanılacaq", - deyə o bildirib.

 

İdarə rəisinin sözlərinə görə, bu layihəyə də rəy verilməsi üçün yaxın vaxtlarda ictimai dinləmələr keçiriləcək, məsləhətləşmələr aparılacaq: "Çünki birinci mərhələdə 4,7 km ərazidə qazıntı-tikinti işləri gedəcək və ətraf mühitə müəyyən təsirlər göstəriləcək. Dinləmələrdə yəqin ki, layihənin daha böyük əhəmiyyəti nəzərə alınacaq".

Müəllif: Mərahim Nəsib      20 Dekabr 2019 19:21
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin