Millət vəkili sürpriz həbslər barədə: “Davamı olacaq”

Millət vəkili sürpriz həbslər barədə:     “Davamı olacaq”

Fazil Mustafa: “Baş verənlərin seçki ilə bağlılığının olması mümkün deyil”

 

Dünən ölkədə sürpriz həbslər baş verib. Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Nizaməddin Quliyev və Yevlax RİH-in sabiq başçısı Qoca Səmədovun tutulması gündəmi silkələdi. Hadisələrin ölkədə keçiriləcək 2 seçki (bələdiyyə və parlament) seçki ərəfəsində yaşanması da xüsusi diqqət çəkib.

 

Baş verənlər ətrafında AYNA-nın suallarını millət vəkili, hüquqşünas Fazil Mustafa cavablandırıb.

- Fazil bəy, nə baş verir və bu, sıradan bir prosesdirmi?

 

- Əlbəttə ki, bu hadisələr adi və sıradan hadisələr deyil. Çünki ilk dəfə olaraq bir icra başçısının həbs olunmasına adi məsələ kimi yanaşa bilmərik. Eyni zamanda bu, gözlənilən bir hadisə idi. Çünki ölkə Prezidenti prinsipial kurs elan edərək bildirdi ki, vəzifəyə təyin etdiyi insanlar heç nəyə arxayın olmasınlar, çünki korrupsiya və rüşvətxorluğa görə çox ciddi tədbirlər görüləcək. Bu hadisə də həmin prinsipial mövqeyin davamı, daha qabarıq xətt kimi özünü göstərməsidir. Bu, həm də digər məmurlara nümunə olsun deyə atılan bir addımdır. Ümid edirəm ki, bu məsələ digər məmurlar üçün də bir ibrət dərsi olacaq və insanlar çalışacaqlar ki, ilk növbədə təyin olunduqları bölgənin problemləri ilə məşğul olsunlar və insanlara problem yaratmasınlar. Əsas məsələ budur. Ona görə hesab edirəm ki, bu proseslərin çox ibrətamiz nəticələri olacaq.

 

- Yaşananlar bir neçə nüans baxımından cəmiyyətin diqqətini çəkdi. Məsələn, iki seçki ərəfəsində belə bir halın baş verməsi cəmiyyət ehtimal formalaşdırdı ki, proses seçkilərlə, daha çox parlament seçkiləri ilə bağlı ola bilər...

 

- Cinayət törədən şəxs vaxta baxmır. Əgər insanlar məsuliyyyətə cəlb olunmalıdırlarsa, bu, baş verir. Əslində adətən icra başçıları seçkilərdən sonra işdən uzaqlaşdırılırlar ki, əvvəllər də belə hadisələr baş vermişdi. Yəni bu hadisə seçkidən sonrakı dövrə təsadüf etsəydi, əlaqələndirmək mümkün olardı. Lakin indiki məqamda seçki ilə bağlı hansısa proses yoxdur deyə, belə neqativ qiymətləndirmənin seçki ilə bağlı olması da mümkün deyil.

- İcra başçılarının seçkilərə müdaxilə etmələri heç kimə sirr deyil. Bu dəfə kimlərsə seçkilərə müdaxilə etməsinlər deyə, belə bir addımın atılması mümkündür?

 

- Bu, onunla bağlı deyil. Mahiyyət budur ki, Prezident büdcədən vəsait ayrır ki, yoxsulluq və işsizlik şəraitində olan insanlara dəstək verilsin, iş yerləri yaradılsın və onlar bu istiqamətdə işlə təmin olunsunlar, maaş ala bilsinlər. Həbs olunan şəxslər isə süni adlarla kartlar təsis ediblər və iş yerləri açmayıblar, nəticədə dövlət büdcəsinin vəsaitini mənimsəyiblər. Yəni bu hadisə seçki ilə bağlı oslaydı, ən azından buna bir işarə vurulardı. 

 

- Digər məsələ də ondan ibarətdir ki, saxlanılan şəxslər rüşvətdə, korrupsiyada ittiham olunurlar. Maraqlıdır, nə üçün əməliyyatları Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yox, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) keçirdi?

 

- Mövzu konkret həbsdən gedir və həbsin həyata keçirilməsi də hansısa bir quruma tapşırıla bilər. Prokurorluq da birbaşa həbs etmir deyə, bu işi ya polis, ya da DTX görməli idi. Yəni ki, cinayət hadisəsi ilə bağlı prokurorluq sanksiya verir, sanksiya əsasında da əhəmiyyətinə görə və qanunvericilkdə nəzərdə tuulan formada ya DİN, ya da DTX işə müdaxilə edir. Görünür, bu hadisə də icra başçısı ilə bağlı olduğu üçün tapşırıq DİN-ə yox, DTX-ya həvalə olunub.

- Hadisədən sonra DTX tərəfindən kamera görüntüləri yayıldı. Tutaq ki, bizdə narahatlıq yarandı ki, gizli çəkilişin yayılması, eyni əməli törətmiş və törətməyə davam edən məmurların daha ehtiyatla davranmalarına, kabinetlərini “təmizləmələrinə”, daha “qaranlığa” çəkilmələrinə səbəb olacaq. Belə bir narahatlığı bölüşürsünüz?

 

- İndiki məqamda gizli iş görmək imkanları mümkünsüzdür. Çünki müəyyən texniki vasitələrlə istənilən vaxt kim hansı cinayəti törədibsə, aydınlaşdırmaq olur. Ona görə dediyiniz ehtimal inandırıcı deyil. Bu, əvvəlki dövrlərdə belə ola bilərdi. Çünki, o zaman texniki vasitələrin məhdudluğu vardı. Amma müasir dövrdə belə bir narahatlıq yoxdur. Sadəcə, hər kəs öz işinə daha çox diqqət göstərib doğru işləməyə çalışmalıdır.

 

- Fikrinizcə, proses davam edəcək?

 

- Hesab edirəm ki, davam edəcək.

 

- Əsasən hansı sahələri əhatə edəcək?

 

- Düşünürəm ki, daha çox əhali ilə işləyən vəzifəli şəxslərə aid olacaq. Çünki burada əsas hədəf, həm də əhalinin narazılığına səbəb olan halları ortadan qaldırmaq və əhaliyə normal xidmət etmə məsələsində vəzifəli şəxsləri ayıq-sayıq olmağa çağırmaqdır. 

 

- Proses nazirlik və komitələr səviyyəsinə qədər qalxa bilər?

 

- Əlbəttə ki, mümkündür. Çünki elə məsələlər var ki, daha çox yüksək vəzifəli məmurlarla əlaqəli olur. Bu baxımdan da istisnalar yoxdur.

 

- Prosesin yekununu necə görürsünüz, təsirləri hansı formada hiss olunacaq?

 

- Bunun dəqiq təsirlərini söyləmək çətindir. Cəmiyyətdə kimlərinsə həbsi ilə cinayət yoxa çıxmır, yaxud da yüzlərlə adam həbsdə yatır, amma bu, başqaları üçün örnək olmur. Lakin bütün hallarda bu məslədən ibrət dərsi götürməyin xeyri olacaq. Ən azı, bu, qeyri-qanuni fəaliyyətlərlə əhalinin incidilməsi prosesinin azaldılamsına kömək olacaq.

Müəllif: Tural Talehoğlu      20 Dekabr 2019 18:50
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin