ABŞ-da “çevrilişin” ayaq səsləri...

ABŞ-da “çevrilişin” ayaq səsləri...

Politoloq: “Respublikaçıların üstünlük təşkil etdiyi Senatda impiçmentin təsdiqlənməsi qətiyyən mümkün deyil”

 

ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampın impiçmenti üzrə iki maddəyə (“Səlahiyyətləri aşma” və “Konqresin işinə mane olma”) səs verib. Ağ Ev rəhbəri isə ona qarşı elan edilən impiçmenti qəbul etməyərək, bunun çevrilişə cəhd olduğunu və heç bir qayda pozuntusuna yol vermədiyini bildirib.

 

Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin (AMSTM) sədri, politoloq Natiq Miri baş verənlərlə bağlı fikirlərini AYNA-ya açıqlayıb. Bildirib ki, impiçment Nümayəndələr Palatasında qəbul olunmasına baxmayaraq, Senatda öz təsdiqini tapmayacaq.

“ABŞ Konqresinin aşağı - Nümayəndələr Palatasında impiçment barədə konkret qərar qəbul olunub. Ancaq Palatanın qəbul etdiyi qərar ABŞ üçün həlledici deyil. Bunun üçün Konqresin digər üç qanadının da impiçmenti təsdiq etməsinə ehtiyac var. Lakin Respublikaçıların üstünlük təşkil etdiyi Senatda impiçmentin təsdiqlənməsi qətiyyən mümkün deyil”, - politoloq deyib.

 

“2020-ci ildə ABŞ-da prezident seçkiləri keçirələcək. Bu xüsusdan baxsaq, Nümayəndələr Palatasında Demokratların böyük üstünlüyü olduğu bir şəraitdə, Senat Respublikaçıların təmsilçisi olan Trampın impiçmentinə imkan verə bilməz. Bu baxımdan da düşünürəm ki, impiçmentin Senatda təsdiqlənməsi inandırıcı deyil. Hətta Trampın 2020-ci il prezident seçkilərində qalib gəlməsi ehtimalı daha yüksəkdir. Çünki Tramp, bir biznesmen kimi həm amerikalılara, həm də xaricdən gələn investorlara ABŞ-a investisiya qoymaq və bu investisiyaların inkişafına şərait yaratmaq üçün çox böyük şərait yaradıb. Belə olduğu təqdirdə, bu investisiyaların inkişaf etməsi və gəlir gətirə bilməsi üçün, həmin investorlar çalışacaqlar ki, prezident seçkilərində Tramp qələbə qazansın. Ona görə də düşünürəm ki, Trampın impiçmentinin təsdiqlənməsi qeyri-mümkündür”, - siyasi şərhçi vurğulayıb.

 

N.Miri hesab edir ki, impiçment prezident məsələsi seçkilərində Trampın qələbə qazanmasına şərait yaradacaq: “Nümayəndələr Palatası bu qərarı qəbul etməklə Prezidentə qarşı siyasi qərəzdə olduğunu ortaya qoydu. Bu isə cəmiyyətdə Trampın məzlum və haqsız yerə əzilən obrazının formalaşmasına şərait yaratdı. Bunun nəticəsində də, Tramp və komandası ictima rəydə daha çox xal qazandı. Düşünürəm ki, bu situatsiya prezident seçkilərində Trampın qələbə qazanmasına yardım edəcək. Demokratların Nümayəndələr Palatasında impiçment məsləsini qəbul etməsi, əslində, gələcəkdə özlərinin əleyhinə işləyən faktor olacaq”.

 

Müsahibimiz impiçmentin Türkiyə-ABŞ münasibətlərinə göstərəcəyi təsirlərdən də danışıb: “Türkiyə-ABŞ münasibətləri prezidentlərin siyasi iradəsindən asılı olacaq bir məsələ deyil. ABŞ kimi ölkələrdə dövlətin həm daxili, həm də geosiyasi maraqlarını təmin edəcək daimi qüvvələr var. Bu qüvvələr hansısa məqamda prosesə müdaxilə edəcək və ABŞ-Türkiyə münasibətlərinin tamamilə məhv olmasına imkan verməyəcək. Çünki bu məsələ təkcə ABŞ-Türkiyə münasibətləri kontekstində olan məsələ deyil, bu, həm də riçaqları ABŞ-ın əlində olan NATO-nun darmadağın olması prosesinin başlanğıcı deməkdir”.

 

“Çünki bu gün Türkiyədə NATO-nun bəzi hərbi bazaları var ki, ABŞ bu bazalara öz radarlarını yerləşdirib və bunun nəticəsində də Yaxın Şərqdə gedən proseslərin məlumatları NATO-dan əvvəl ABŞ və İsrailə ötürülür. Bu gün İsrailin təhlüksizliyi dolayısı ilə Türkiyədə yerləşən “kürəcik” radarlarından asılıdır. Ona görə də Türkiyəni asanlıqla gözardı etmək asan məsələ deyil. Buna görə də ABŞ-da Prezidentin kim olmasından asılı olmayaraq, ABŞ-Türkiyə münasibətlərini yox etmək mümkün olmayacaq”, - Miri vurğulayıb.

Müəllif: Mərahim Nəsib      20 Dekabr 2019 16:00
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin