Dövlət başçısı qanuna dəyişikliyi təsdiqləyib

Dövlət başçısı qanuna dəyişikliyi təsdiqləyib

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə sərəncam imzalanıb

 

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 noyabr tarixli 1693-VQD nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalayıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 noyabr tarixli 1693-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

1.2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

 

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda deyilir:

 

“Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

 

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 23, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381 və 1383; Azərbaycan Respublikasının 2019-cu il 8 oktyabr tarixli 1677-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

 

1.1. 43.1-ci maddədə “388-1” rəqəmləri “388-2” rəqəmləri ilə əvəz edilsin;

 

1.2. 384.0.1-ci maddə ləğv edilsin;

 

1.3. aşağıdakı məzmunda 388-2-ci maddə əlavə edilsin:

 

“Maddə 388-2. Uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması

 

388-2.0. Uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına, yəni:

 

388-2.0.1. uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələri tətbiq edilmədən yayılmasına;

 

388-2.0.2. informasiya məhsulunun “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən, o cümlədən həmin Qanunla müəyyən edilmiş hallar istisna olmaqla informasiya məhsulunu müvafiq yaş kateqoriyasına uyğun işarələmədən ölkə ərazisində yayılmasına;

 

388-2.0.3. informasiya məhsulunun yayımçıları tərəfindən televiziya yayımı, kino və video xidmətlərinin göstərilməsi zamanı hər bir informasiya məhsulunun nümayişindən əvvəl xüsusi kadrda (səhifədə) informasiya məhsulunun yaş kateqoriyasına uyğun işarəsinin və yaş məhdudiyyəti barədə, o cümlədən internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlığa dair mətnin yerləşdirilməməsinə;

 

388-2.0.4. “18+” yaş kateqoriyasına aid informasiya məhsulu teleradio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlığı televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilməməsinə;

 

388-2.0.5. uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarında (telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi vasitəsilə yayılan informasiya məhsulları və sellülar (mobil) rabitə şəbəkəsi də daxil olmaqla) onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi barədə elanların yerləşdirilməsinə;

 

388-2.0.6. məhdud şəxslər dairəsində yayılması nəzərdə tutulan mətbu nəşrin birinci və sonuncu səhifəsində, çap məhsulunun və digər poliqrafik məhsulun üz və arxa qabığında uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın əks olunmasına və ya həmin informasiya məhsulunun qablaşdırmadan yayılmasına;

 

388-2.0.7. uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhədindən yüz əlli metrdən az olan məsafədə yayılmasına görə -

 

fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.”.

 

Maddə 2. Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir”.

Müəllif: Ayna.az      19 Dekabr 2019 18:32
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin