“Girovların qaytarılması problemin həlli yolu deyil”

“Girovların qaytarılması problemin həlli yolu deyil”

İlham İsmayıl: “Rusiya Azərbaycan və Ermənistanda gedən siyasi prosesləri izləyərək, öz xeyrinə qərar verməyə çalışacaq”

 

Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova, Azərbaycan və Ermənistandan olan əsir-girovların dəyişdirilməsi ilə bağlı açıqlama verib. O, prosesin Rusiya tərəfindən dəstəkləndiyini və daim diqqətdə saxlanıldığını deyib.

 

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl mövzu ətrafında AYNA-nın suallarını cavablandırıb.

 

- İlham müəllim, prosesdən nə yenilik gözləyirsiniz?

 

- Əsas məsələ Azərbaycanın ərazi bütövlüyünü təmin etməkdir. Bu məsələyə böyük dövlətlər, həmçinin münaqişə tərəfləri, sanki münaqişəni həll etmiş kimi münasibət sərgiləyir və bununla da iki ölkə arasındakı gərginliyi azaltmağa çalışırlar. Yəni fəaliyyət bu istiqamətdə göstərilir. Təbii ki, hər keçən gün zaman daralır və bizim əleyhimizə işləyir. Düzdür, bu hadisə baş versə, əlbəttə ki, təqdirəlayiqdir. Amma məsələnin əsl mahiyyəti Azərbaycanın ərazi bütövlüyü ilə bağlıdır. Bu mənada Mariya Zaxarovanın dünənki çıxışı, həmişə olduğu kimi, əsas məsələdən yayınmağa hesablanıb.

 

- Belə çıxır ki, girovların dəyişdirilməsi ətrafında müzakirə aparmaq məsələni əsl mahiyyətindən uzaqlaşdırmağa hesablanıb?

 

- Bəli, əsas məsələ bundan ibarətdir. Düzdür, həmin əsirlər, girovlar bizim vətəndaşlarımızdır, onların Azərbaycana qayıtması bizi sevindirməyə bilməz. Lakin bununla xal qazanmaq olmaz. Çünki bu, məsələnin əsas həll yol deyil.

- Cari ilin iyun ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan vətəndaşları vətənlərinə geri qayıdıblar. Bu proses davam edə bilərmi?

 

- Azərbaycanın Ermənistanda daha çox əsiri-girovu var, nəinki Ermənistanın Azərbaycanda. Təbii ki, bu prosesdə biz daha çox maraqlıyıq. Bu baxımdan da məsələni zaman-zaman həyata keçirmək bizdən yox, Ermənistandan asılıdr. Biz, əlbəttə ki, bu məsələyə razıyıq. Beynəxalq Qızıl Xaç Komitəsi də bu işdə rol oynaya bilər. Lakin bunun davamlı şəkil almasına inanmıram. Çünki Ermənistan və Rusiya bu addımlardan hər dəfə mənfəət əldə etməyə çalışır. Azərbaycanın isə bu məsələdə mənfəət əldə edəcəyi heç nə yoxdur.

 

- Bəs, hazırda girov həyatı yaşayan Dilqəm Əsgərovla Şahbaz Quliyev sözügedən razılaşmadan yararlana bilər?

 

- Əgər söhbət “hamının-hamıya” prinsipindən gedirsə, bundan bütün girovlar yararlanmalıdır. Ermənilər onları cinayətkar adlandırırlar, təbii ki, bu, yalan və böhtandır. Əslində, əsir cinayətini ermənilərə aid etmək lazımdır. Çünki onlar 30 ildir, Azəbaycan vətəndaşlarını əsir-girov saxlamaqla ən böyük cinayətə imza atırlar. Əgər cinayətdən söhbət gedirsə, ən böyük cinayətkar elə ermənilərdir, nəinki Dilqəm Əsgərovla, Şahbaz Quliyev. Bu baxımdan “hamının hamıya” prinspindən onlar da yararlanmalıdır. Lakin burda bizim diplomatiyanın da rolu böyük olmalıdır. Təbii ki, Rusiyanın konkret mövqe sərgiləməsi də əhəmiyyətli mövzudur. Çünki Ruisya elə mövqe sərgiləyə bilər ki, Ermənistan məsələni birmənalı şəkildə həll edə bilər.

 

- Hazırkı gedişatı necə görürsünüz?

 

- Bu məsələ bir az da uzanacaq, yəni tezliklə həll olunmayacaq. Rusiya isə Azərbaycan və Ermənistanda gedən siyasi prosesləri izləyərək, öz xeyrinə qərar verməyə çalışacaq. Yəni Rusiya öz maraqları çərçivəsində ya Ermənistana, ya da Azərbayacana təzyiq və ya dəstək göstərərək özünə daha çox sərf edən ölkəni öz tərəfinə çəkəcək. Düşünürəm ki, məsələ yalnız bu istiqamətdə həll olunacaq.

 

- Rusiya bizi seçərsə...?

 

- Təbii ki, məsələnin hansı yollarla həll olunmasında Rusiya amili çox önəmlidir. Amma Azərbaycan diplomatiyası Rusiya ilə yaxşı işləsə, düzgün siyasət yeritsə, yəqin ki, Rusiya bu məsələdə Ermənistana kifayət qədər təzyiq göstərə biləcək.

Müəllif: Mərahim Nəsib      19 Dekabr 2019 15:54
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin