“Ukraynaya sərmayə yatıra bilərik, amma bəlli sərhədlər çərçivəsində”

“Ukraynaya sərmayə yatıra bilərik, amma bəlli sərhədlər çərçivəsində”

Vüqar Bayramov: “Vladimir Zelenski iki ölkə arasındakı əlaqələrin genişlənməsi üçün baza yaratmağa çalışır”

 

Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycanda rəsmi səfərdə oldu. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı bir sıra məsələlər müzakirə edildi. Xüsusilə iqtisadi-ticari əməkdaşlıq məsələləri ön plana çəkildi.

 

Ukrayna Prezidenti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ölkəsindəki fəaliyyətindən danışıb: “SOCAR artıq uzun illərdir ki, Ukraynada fəaliyyət göstərir, altmışdan çox yanacaqdoldurma məntəqəsi, dörd neft bazası var. Bu gün biz bir daha bu məsələni müzakirə edərkən razılığa gəldik ki, SOCAR Ukraynadakı fəaliyyətini genişləndirəcək və konkret addımlar atılacaq”.

 

Zelenski onu da əlavə edib ki, Azərbaycanın "Bakcell" mobil operatoru Ukrayna bazarına daxil olub və onun investisiyaları 700 milyon dollara yaxındır: “Ukrayna dövləti olaraq bizim vəzifəmiz bu investisiyaları qorumaqdır. Əlbəttə, bütün bunlar qarşılıqlı etimad səviyyəsində həyata keçirilir. Biz çox istəyirik ki, Azərbaycan Ukraynaya əlavə sərmayə yatırsın”.

 

Görüşün iqtisadi yekunlarını AYNA-ya şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov Ukraynanın Azərbaycan üçün vacib tərəfdaş olduğunu deyib: “Nəzərə almaq lazımdır ki, Azərbaycan Ukraynada ticarət dövriyyəsini artrmaqda davam edir. Son iki ildə Azərbaycanın Ukraynadakı iqtisadi dövriyyəsi 860 milyon dollara yaxınlaşıb. Bu illərdə ticarət dövriyyəsinin dəyişməsinə fikir versək, təxminən 3 dəfəyə yaxın artım müşahidə olunur. Bu isə ondan xəbər verir ki, ölkələr arasında ticarət dövriyyəsinin ümumi həcmində artım var”.

“İqtdisadiyyat dövriyyəsindəki artımlar həm də iki ölkə arasındakı iqtisadi əlaqələrin səviyyəsini göstərən faktorlardan biridir. Eyni zamanda, Azərbaycan və Ukrayna Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramına üzv olan ölkələrdir. Bu proqram çərçivəsində Azərbaycan Ukrayna ilə əməkdaşlıq edir. Bu kontekstən baxsaq, Ukrayna iqtisadi baxımdan Azərbaycan üçün vacib ölkədir”, - Bayramov bildirib.

 

O, Azərbaycanın yerli neft məhsullarının Ukrayna bazarlarına çıxarıldığına da diqqət çəkib: “Eyni zamanda, Ukraynada Azərbaycan enerji resurslarının alınması hər zaman müazakirə edilən məsələlərdəndir. Bundan əlavə, Ukraynanın enerji təhlükəsizliyinə Azərbaycanın potensial töhfəsinin müzakirələri də gedir. Ona görə də, Ukrayna Azərbaycan üçün həm enerji, həm də qeyri-neft sektorunda vacib tərəfdaşdır. Sözsüz ki, Vladimir Zelenski bu konteksdən yanaşaraq, iki ölkə arasındakı əlaqələrin genişlənməsi üçün baza yaratmağa çalışır”.

 

Ekspert düşünür ki, Ukraynada neft sektoruna yatırılacaq vəsait SOCAR-ın öz hesabına olmalıdır: “SOCAR Ukrayna bazarında fəaliyyət göstərir və neft, enerji məhsullarının satışını həyata keçirir. Düşünürəm ki, yerli neftin fərqli ölkə və fərqli bazaralara çıxışı məqsədəuyğundur. Buna baxmayaraq, SOCAR-ın artıq Ukraynada bəlli bir infrastukturu var. Burada həmin infrastrukturların genişləndirilməsi və Ukrayna bazarlarına çıxarılmasından söhbət gedir. Çünki Ukrayna region üçün böyük bazarlardan biridir. Bu baxımdan da bazarın ölçüsünü və istehlakçıların sayını nəzərə alsaq, SOCAR-ın rentabel çərçivəsində öz fəaliyyətini genişləndirməsi məqsədəuyğundur. Lakin bu sahəyə vəsaitlərin yatırılması, daha çox SOCAR-ın öz vəsaitləri hesabına olmalıdır”.

 

“Şübhəsiz ki, Ukraynanın hazırda sərmayəyə ehtiyacı var və Ukraynanın sərmayə götürəcəyi ölkələrdən biri də Azərbaycandır. Amma Ukraynaya Azərbaycanın nə qədər sərmayə cəlb etməsinin bəlli sərhədləri var. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan son dövrlər, xüsusən də Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdəndir. Dövlət Neft Şirkəti Türkiyə iqtisadiyyatına ən çox investisiya yatıran xarici şirkətdir. Azərbaycan son illər Türkiyə iqtisadiyyatına 15 milyard dollar investisyasiya qoyuluşu həyata keçirib”, - V.Bayramov vurğulayıb.

 

“Buna görə də, Ukrayna Prezidentinin Azərbaycana gəlişinin əsas məqsədlərindən biri iqtisadi əlaqələrin genişləndirilməsi və Azərbaycandan Ukraynaya potensial sərmayənin cəlb olunması ola bilər. Sözsüz ki, Ukraynanın dəstəyə ehtiyacı olduğu indiki dövrədə bəlli bir iqtisadi maraqları var və o maraqların həyata keçirilməsində Azərbaycanı Ukrayna üçün vacib tərəfdaşlardan biri hesab etmək olar”, - deyə ekspert əlavə edib.

Müəllif: Mərahim Nəsib      18 Dekabr 2019 18:59
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin