“Azərbaycanda investisiyalar üçün cəlbedici mühit var”

“Azərbaycanda investisiyalar üçün cəlbedici mühit var”

İlham Əliyev Qazaxıstan Parlament Məclisinin Sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Qazaxıstan Parlament Məclisinin Sədri Nurlan Niqmatulinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Nurlan Niqmatulin Qazaxıstanın birinci Prezidenti-Elbası Nursultan Nazarbayevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin salamlarını Prezident İlham Əliyevə çatdırıb.

 

O, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevə Türk Şurasının üzv ölkələrinin prezidentlərinin birgə qərarı ilə Türk Şurasının fəxri sədri adının verilməsinə görə qazax xalqı adından səmimi minnətdarlığını bildirib. Qonaq Bakıda gedən böyük inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını deyib.

 

Prezident İlham Əliyev Qazaxıstanın birinci Prezidenti-Elbası Nursultan Nazarbayevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qazaxıstanın birinci Prezidenti-Elbası Nursultan Nazarbayevə və Qazaxıstan dövlətinin başçısına çatdırmağı xahiş edib.

 

Görüşdə Qazaxıstanın birinci Prezidenti-Elbası Nursultan Nazarbayevlə Azərbaycanın ümummilli lideri Heydər Əliyev arasında şəxsi dostluğun xalqlarımız arasında münasibətlərin inkişafında böyük rol oynadığı vurğulanıb, Prezident İlham Əliyevin ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsi işinə verdiyi töhfələr xüsusi qeyd olunub.

 

Söhbət zamanı Azərbaycanla Qazaxıstan arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat, energetika və iqtisadi sahələrdə uğurla inkişaf etdiyi bildirilib, dövlət başçıları arasında görüşlərin bu münasibətlərin möhkəmləndirilməsi baxımından önəmi vurğulanıb.

 

Görüşdə, həmçinin Azərbaycanda yaxşı investisiya mühitinin olduğu, ölkəmizin investisiyalar üçün cəlbediciliyinin beynəlxalq qurumlar tərəfindən də təsdiq edildiyi bildirilib. Söhbət zamanı parlamentlərarası əlaqələrin əhəmiyyətinə toxunulub, TÜRKPA-nın Azərbaycanda keçirilən IX plenar iclasında Qazaxıstanın da yüksək səviyyədə təmsil olunduğu və bu tədbirin münasibətlərimizin inkişafına töhfə verdiyi qeyd edilib.

Müəllif: Ayna.az      18 Dekabr 2019 16:24
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin