Təhsil naziri: “Fənlərin sayı azaldılacaq”

Təhsil naziri: “Fənlərin sayı azaldılacaq”

DİM rəhbəri: “Vaxt var idi, deputatlar bizim fəaliyyətimizi tənqid edirdilər, amma indi bizim fəaliyyətimizi təqdir edirlər”

 

Bu gün Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən “Yeni imtahan modeli, islahatlar, nəticələr və gözləntilər” mövzusunda konfras öz işinə başlayıb. AYNA xəbər verir ki, tədbirdə dövlət qurumları, Təhsil Nazirliyinin (TN), Dövlət İmtahan Mərkəzinin (DIM) rəhbərləri və nümayəndələri, ekspertlər, təhsil işçiləri, hazırlıq kursları, bir sözlə, bu sfera ilə əlaqəli olan şəxslər, o cümlədən KİV nümayəndələri iştirak edirlər.

 

STM İdarə Heyətinin sədri Zahid Oruc Azərbaycan təhsilinin keçdiyi tarixi inkişaf yolundan, rəhbərlik etdiyi qurumun təhsil sahəsində apardığı tədqiqatlardan söz açıb.

 

Daha sonra Prezident Administrasiyasının (PA) QHT-lərlə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova məruzə edib. O, təhsil sahəsində yeni metodların və innovasiya vasitələrinin tətbiqindən, yeni dövrün aktual ixtisaslarından danışıb.

 

Ardınca STM Daxili siyasətin təhlili depertamentinin müdiri Tahirə Allahyarova, ictimai rəy sorğusu əsasında hazırlanmış analitik hesabatın qısa icmalını təqdim edib. Orada qeyd edilib ki, yeni imtahan modeli ilə bağlı rəy sorğusu beynəlxaq təcrübəyə əsaslanaraq həyata keçirilib.

 

Anket sorğusu 61 sualdan ibarətdir və respondentlərin 60%-dən çoxu bu fikirdədir ki, yeni modelin hədəfi orta məktəblə ali təhsil arasındakı əlaqəni gücləndirməkdir. Respondentlərin 50%-dən çoxu isə yeni imtahan modelinin tətbiqini test üsulunun sonu kimi qəbul edir.

 

Rəyi soruşulanların 86%-i repetitor xidmətindən istifadə etdiyini deyib. Respondentlərin 62%-i üçün qəbul imtahanları, 29%-i üçünsə buraxılış imtahanları çətin olub.

 

STM-in ictimai rəy sorğusunun qısa icmalı təqdim olunandan sonra Təhsil naziri Ceyhun Bayramov çıxış edib. O, ictimai rəy sorğularının çox effektiv olacağını vurğulayıb. Qeyd edib ki, təhsilin inkişafında cəmiyyətin fəal iştirakı dövlət siyasətinin əsas hədəflərindəndir.

 

Yeni imtahan modelinin əhəmiyyətini vurğulayan nazir bildirib ki, yeni model 21-ci əsrin tələblərini ehtiva edir: “Yeni imtahan modelində fənlərin sayı azaldılıb. İmtahanların ikinci mərhələsində fənlər daha da azalacaq”.

 

Konfransda DİM sədri Məleykə Abbaszadə də məruzə edib. O, Azərbaycanda təhsilin keyfiyyətinin artırılması məqsədilə həyata keçirilən islahatlardan danışıb, aparılan milli qiymətləndirmə sisteminin əhəmiyyətini vurğulayıb: “Burada millət vəkillərini görürəm, vaxt var idi ki, onlar Milli Məclisdə bizim fəaliyyətimizi tənqid edirdilər. Ancaq sevindiricidir ki, indi onlar bizim fəaliyyətimizi təqdir edirlər”.

 

“600 mindən çox insan milli qiymətləndirmədə iştirak edib, 57 min insan bizimlə əməkdaşlıq edir, əməkhaqqı alır. Belə fokus qrupların arasında sorğu keçirilməsi daha əhəmiyyətli olur. Tədqiqatlar daha da dərinləşdirilməli, tək abituriyentlər yox, müəllimlər arasında da aparılmalıdır”, - Abbaszadə vurğulayıb.

Müəllif: Rumiyyə Miraslan      18 Dekabr 2019 13:53
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin