“Osmanlıda baş verənlərə görə Türkiyə necə məsuliyyət daşıya bilər?!”

“Osmanlıda baş verənlərə görə Türkiyə necə məsuliyyət daşıya bilər?!”

Toğrul İsmayıl: “Türkiyənin öz ərazisində yerləşən hərbi bazanı ABŞ-ın üzünə bağlamağa tam haqqı çatır”

 

ABŞ Senatı bu günə qədər qondarma “erməni soyqırımı”nı rəsmi olaraq tanıyan qanun layihəsini qəbul etmək istəsə də, respublikaçı senatorların qərarın əleyhinə səsverməsi nəticəsində qərar üç dəfə bloklanmışdı. Sonuncu səsvermədə isə ABŞ Nümayəndələr Palatası "erməni soyqırımının rəsmi tanınmasını" nəzərdə tutan qətnaməni qəbul edib. Lakin qanun layihəsi ABŞ Prezidenti Donald Tramp tərəfindən hələlik öz təsdiqini tapmayıb.

 

Kahramanmaraş Sütçü İmam Universitetinin (KSİU) professoru, politoloq Toğrul İsmayıl mövzu ətrafında AYNA-nın suallarını cavablandırıb.

 

- Toğrul müəllim, ABŞ Senatının qondarma erməni soyqrımı”nı qəbul etməsi, onsuz da soyuq olan ABŞ-Türkiyə münasibətlərinə necə təsir edəcək?

 

- Əslində, bu, gözlənilən bir qərar idi. Bilirsiz ki, bu məsələ ABŞ-da davamlı olaraq gündəmdə idi. Ələlxüsus da son illərdə bu münasibətlər daha da kəskinləşməyə başladı. Hətta, hər iki ölkə liderlərinin görüşməsinə baxmayaraq, ABŞ Senatı yenə də öz istədiyini etdi. Diqqətlə baxsaq, görərik ki, qondarma “erməni soyqrımı” məsələsi, Türkiyəyə qarşı tətbiq edilən sanksiyalarla eyni vaxta təsadüf edir. Lakin əsas məsələ ondan ibarətdir ki, ABŞ Senatının bu qərarı “tarixi gerçəklik”dən daha çox, “ipə-sapa” yatmayan Türkiyəni cəzalandırmaqdan ibarətdir. Belə ki, Türkiyənin Rusiya ilə isti münasibətləri, Rusiyadan S-400 havadan müdafiə sistemlərinin alınması, eyni zamanda Türkiyənin Suriyanın şimalında apardığı antiterror əməliyyatları ABŞ-ın xoşuna gəlmirdi. Elə bu səbəbdən də ABŞ Türkiyəni cəzalandırmağa çalışır.

Bildiyiniz kimi, soyqrımı ilə bağlı beynəlxalq hüquq normalarında bir ölkəni bütövlükdə ittiham etmək kimi bir yanaşma yoxdur. Yəni, soyqrımı qanunlarına əsasən, məhkəmə soyqrımına bais olan şəxslər üzərində aparılır və həmin şəxslərin cəzalandırılması tələb olunur. Üstəgəl, 1915-ci ilin Osmanlı İmperiyasında baş verən hadisələrə görə, 2019-cu ilin Türkiyə Cümhuriyyəti necə məsuliyyət daşıya bilər ki, bunu da anlamaq çox çətindir. Yəni ABŞ Senatının bu qərarı nə tarixi, nə də beynəlxalq hüquq normalarına uyğundur və əsası olmayan bir hadisəni bu gün parlamentlər özbaşına qərar verərək, hadisəni sadəcə siyasiləşdirməyə çalışırlar. Hətta HDP-dən başqa (bu partiya Türkiyənin mənfəətlərindən daha çox xarici ölkələrin istəyi ilə hərəkət edir), Türkiyə Böyük Millət Məclisində (TBMM) yer alan partiyaların hər biri bu qərara etiraz etdi. Çünki düşünə bilən istənilən şəxs, bu məsələnin siyasi oyun olduğunu yaxşı başa düşür. Bu isə Türkiyənin nə ermənilərlə yaxınlaşmasına xidmət edir, nə də Azərbaycanla Ermənistan arasındakı münasibətlərin yaxşılaşmasına. Bu, sadəcə siyasi təzyiq vasitəsidir ki, ABŞ da bunu açıq-aşkar göstərir.

 

- Ərdoğan bəyan edib ki, əgər rəsmi Vaşinqton Ankaraya qarşı sanksiyaları davam etdirsə, Türkiyə İncirlik hərbi bazasını ABŞ-ın üzünə bağlayacaq. Bu addım tərəflərə nə vəd edir?

 

- Onsuz da kəsikin olan münasibətlər, əlbəttə ki, belə məqamda daha da kəskinləşə bilər. Münasibətləri kəskinləşndirən isə birmənalı olaraq Amerika Birləşmiş Ştatlarıdır. Lakin Amerika son illərdə sadəcə Türkiyəyə qarşı deyil, istənilən dövlətə qarşı, haqlı olub-olmamasından asılı olmayaraq, sanksiyalar tətbiq etməyə çalışır. Bir növ, dünyaya iqtisadi müharibə elan edir. Dolayısı ilə, işin arxasında sadəcə ABŞ-ın mənfəətləri dayanır. Yəni Türkiyəyə istiqamətlənən bu sanksiyalar tamamilə əsassızdır. Çünki ABŞ beynəlxalq hüquq normalarına zidd olan davranışlar sərgiləyir. Təbii ki, belə olan məqamda Türkiyənin də öz ərazisində yerləşən hərbi bazanı ABŞ-ın üzünə bağlamağa tam haqqı çatır. Belə ki, ABŞ İncirlik hərbi bazasını Yaxın Şərqdəki əməliyyatları üçün istifadə edir. Yəni bu baza ABŞ üçün böyük əhəmiyyət kəsb edir. Təbii ki, bu bazanın bağlanması da ABŞ-ın bölgədəki əməliyyatlarına ciddi zərbə deməkdir. 

- ABŞ-Türkiyə münasibətlərini yenidən gerçək strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq mümkündürmü?

 

- Əlbəttə ki, mümkündür. Dövlətlər zaman-zaman belə böhranlarla üz-üzə qalır. Diqqət yetirsək, görərik ki, ABŞ hazırda istənilən dövlətlə problem yaşayır. Hətta NATO daxilində belə, müttəfiqləri ilə anlaşmaqda çətinlik çəkir. Lakin bu gedişatın zamanla yumşalacağını düşünürəm. Çünki ABŞ-ın xarici siyasətdəki uğursuzluğunu başqa dövlətlərə zərbə vuraraq həll etməyə çalışması, təbii ki, uzun müddət davam edə bilməz. Belə ki, ABŞ-ın bölgədə Türkiyəyə, Türkiyəynin də tərəfdaşlıq baxımından ABŞ-a ehtiyacı var. Çünki Türkiyə illərlə davam edən siyasətindən, ABŞ-ın “kapriz”lərinə görə əl çəkə bilməz. ABŞ-ın yeganə strateji müttəfiqi İsraildir ki, bunu da hər kəs bilir. İngilislərin də dediyi kimi, “daimi düşmənlər və daimi müttəfiqlər yoxdur, daimi mənfəətlər var”. Təəssüf ki, yeni dövrün siyasəti də bu prinsip üzərində işləyir.

 

- Bildiyiniz kimi, ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsinin səbəblərindən biri də Türkiyənin Rusiya ilə yaxınlaşmasıdır. O zaman ABŞ-ın Türkiyə əleyhinə atdığı addımlar, Türkiyə ilə Rusiyanın daha da yaxınlaşmasına səbəb ola bilər?

 

- Təbii ki, ABŞ-ın həm Türkiyə, həm də Rusiya əleyhinə istiqamətlənən siyasəti iki ölkənin yaxınlaşmasına səbəb olur. Amma ABŞ-ın təzyiqlərinə görə bu iki ölkənin münasibətlərinin formalaşması düzgün deyil. Düzgün olan iki ölkənin bölgədə öz mənfəətlərini əsas götürüb, ortaq bir siyasət meydana gətirərək hərəkət etməsidir. Çünki təzyiq nəticəsində yaranan tərəfdaşlıq heç vaxt davamlı ola bilməz. Buna baxmayaraq, biz Türkiyə-Rusiya münasibətlərinin gerçək mənada bir tərəfdaşlıq olmasını istəyirik. Çünki güclü olan iki qonşu ölkə tərəfdaşlıq etsə, bu, bölgədə sülhün yaranmasına da vasitə olacaq. Əks halda hər iki ölkə ortaq mənfəət sahələrində davamlı olaraq müharibə şəraitində olacaq. Ən əsası isə, Türkiyə ilə Rusiyanın sıx tərəfdaşlığı, həm Türkiyə, həm də Rusiya ilə yaxın münasibətləri olan Azərbaycana da müsbət mənada təsir göstərəcək.

Müəllif: Mərahim Nəsib      17 Dekabr 2019 20:18
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin