Vladimir Zelenski: “İlham Əliyevlə razılığa gəldik ki...”

Vladimir Zelenski: “İlham Əliyevlə razılığa gəldik ki...”

Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olub

 

Dekabrın 17-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olub. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Gəncə şəhəri və Odessa şəhəri arasında Niyyət Protokolunu, Quba şəhəri ilə Truskavets şəhəri arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Müqaviləni Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski imzalayıblar.

 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Ukraynanın Dövlət Tənzimləmə Xidməti arasında biznesin aparılması şəraitinin tənzimlənməsi sahəsində əməkdaşlıq haqqında Sazişi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə Ukraynanın Dövlət Xüsusi Rabitə və Məlumatın Mühafizəsi Xidməti Administrasiyası arasında Bakı-Kiyev dövlətlərarası hökumət rabitə xəttinin təşkil edilməsi haqqında Sazişi Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov və Ukraynanın Xarici İşlər naziri Vadim Pristayko imzalayıblar.

 

Qeyd edək ki, sənədlərinin imzalanması mərasimindən əvvəl İlham Əliyevin və Vladimir Zelenskinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib. Görüşdə çıxış edən İlham Əliyev deyib:

 

“Hörmətli cənab Prezident, hörmətli qonaqlar. Mən sizi bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

 

Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz iki ölkə arasındakı əlaqələrə çox güclü təkan verəcək. Biz artıq təkbətək görüşdə bir çox məsələləri müzakirə etdik və bir daha gördük ki, ikitərəfli gündəlik kifayət qədər genişdir. İndi geniş tərkibdə danışıqlarda biz məsələləri ətraflı müzakirə edəcəyik. Əminəm ki, səfərin çox gözəl nəticələri olacaqdır. Bir çox önəmli məsələlər müzakirə olundu, o cümlədən ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlər. Ənənəvi olaraq energetika, nəqliyyat sahələrində əməkdaşlıq uğurla davam etdirilir. Təkbətək görüşdə biz bu əlaqələrin gələcək inkişafı ilə bağlı geniş fikir mübadiləsi apardıq. Bir önəmli sahə də kənd təsərrüfatıdır. Biz əvvəlki illərdə Ukraynadan bir çox kənd təsərrüfatı texnikası almışıq. Əlbəttə ki, qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı məsələlər böyük maraq doğurur. Əminəm ki, bu gün keçiriləcək Ukrayna-Azərbaycan biznes forumu biznes dairələri arasındakı əlaqələrə də müsbət təsir göstərəcəkdir. Bir daha xoş gəlmisiniz”.

 

Vladimir Zelenski deyib:

 

“Möhtərəm cənab Prezident, hörmətli nümayəndə heyəti. Bir daha hamınıza təşəkkürümü bildirirəm. Bu gün Azərbaycanda ilk rəsmi səfərdə olmağım çox böyük məmnunluq doğurur. Xüsusilə ona görə ki, Azərbaycan bizim üçün çox qonaqpərvər və dost ölkədir.

 

Cənab Prezident, biz müzakirələrdə münasibətlərimizin yaxşı səviyyədə olduğunu qeyd etdik. Ancaq düşünürəm ki, Azərbaycan-Ukrayna münasibətlərini növbəti daha yüksək mərhələyə qaldırmağa böyük imkanlar var. Cənab Prezidentlə razılığa gəldik ki, yaxın zamanda Azərbaycandan bir işçi heyət Ukraynaya səfər edəcək və orada bizim bütün şirkət və müəssisələrdə olub imkanları yerində araşdıracaq. Energetika, kənd təsərrüfatı, turizm, infrastrukturun inkişafı sahələri bizim üçün böyük maraq kəsb edir”.

 

Prezident İlham Əliyev: “Sağ olun”.

Müəllif: Ayna.az      17 Dekabr 2019 15:23
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin