Zelenskinin Bakı səfəri barədə: “Hər şey inanılmaz dərəcədə gözəl olacaq”

Zelenskinin Bakı səfəri barədə: “Hər şey inanılmaz dərəcədə gözəl olacaq”

Aleksey Voronenko: “Pyotr Poroşenkonun ölkənin maraqlarını düşünməməsi əməkdaşlığımızda boşluq yaradıb”

 

Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycanda rəsmi səfərdədir. Səfər çərçivəsində Vladimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında təkbətək və geniş tərkibdə görüş olub. Liderlər bəyanatlarla çıxış ediblər.

 

Ukrayna ilə Azərbaycan Respublikası arasında prioritet sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş bir sıra ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulur. Ukrayna və Azərbaycan prezidentləri Ukrayna-Azərbaycan biznes forumunda da iştirak edəcəklər.

 

Prezident Zelenskinin Bakıya səfərini AYNA-ya şərh edən politoloq Elxan Şahinoğlu, Ukrayna Prezidentinin daha sonra Tbilisiyə və Yerevana səfər edəcəyinə diqqət çəkib: “Ancaq əvvəlcə Bakını, sonra isə Cənubi Qafqazdakı bütün digər şəhərləri seçməsinin müəyyən bir sətiraltı mənası var. Əvvəlcə qeyd etmək lazımdır ki, Ukrayna ilə Azərbaycan arasındakı əmtəə dövriyyəsi Ukrayna-Gürcüstan və Ukrayna-Ermənistan arasındakı əmtəə dövriyyəsini üstələyir”.

“Gürcüstan və Ermənistandan fərqli olaraq, Azərbaycan Ukrayna iqtisadiyyatına sərmayə yatırıb. SOCAR-ın Ukraynada çox sayda yanacaqdoldurma məntəqələri var. Lakin buna baxmayaraq, Kiyev Azərbaycanın daha çox sərmayə yatırmasını istəyir. Ukrayna Azərbaycan üçün əlverişli bir bazardır və buna görə bu ölkəyə investisiya qoymaq həm iqtisadi baxımdan, həm də siyasi baxımdan faydalı ola bilər. Mənim fikrimcə, ümumiyyətlə Qara dənizdəki Ukrayna limanları Azərbaycan üçün faydalı ola bilər. Zelenski və onun Bakıdakı komandası, əsasən ölkələr arasında iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcəklər”, - analitik bildirib.

 

Şahinoğlu Ukraynanı Azərbaycanla eyni dərd birləşdirdiyini də qeyd edib: “Donbass probleminin Dağlıq Qarabağ problemindən köklü fərqi yoxdur. Donbasdakı separatizmin tarixi Dağlıq Qarabağın separatizm tarixindən uzun olmasa da, Ukrayna, Rusiya, Fransa və Almaniya liderlərinin son Paris görüşü göstərdi ki, Donbasda sülh əldə etmək çətin olacaq. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi kimi, Ukrayna da birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Kiyev mütəmadi olaraq erməni separatçılarının Dağlıq Qarabağda keçirdikləri “seçkiləri” pisləyən bəyanatlar yayır, rəsmi Bakı da Krımda və ya Donbasda keçirilən “seçkiləri” tanımadığını açıqlayır. Ukrayna XİN son açıqlamalarında Ermənistanın mövqeyini tənqid edən bəyanatlar da yayır. Çünki BMT-də keçirilən səsvermələrdə Ermənistan Krımı Ukrayna ərazisi kimi göstərən qətnamələrin əleyhinə səs verir”.

 

Ukraynalı siyasi analitik Aleksey Voronenko səfəri AYNA-ya şərh edərkən deyib ki, iki ölkə arasında geniş əməkdaşlıq perspektivləri var: “Mən bunu bir dəfə deyil, dəfələrlə vurğulamışam, siyasi və iqtisadi sahələrdə bütün potensialımızı dərk etsək, hər şey inanılmaz dərəcədə gözəl olacaq”.

 

“Məsələn, enerji və qida sahələrini qeyd edərdim - dərhal ağla gələn ilk şey bunlardır. Ukraynanın əvvəlki Prezidenti Poroşenkonun ölkənin maraqları barədə düşünməməsi təəssüf doğurur və əməkdaşlığımızda boşluq yaradıb. Ümid edirəm ki, indi hər şey dəyişəcək”, - politoloq bildirib.

 

Voronenko əlavə edib ki, ölkələrin kiməsə, o cümlədən Moskvaya qarşı mövqe sərgiləmədən, dürüst və açıq şəkildə əməkdaşlıq etməsi vacibdir: “Güclü Ukrayna və güclü Azərbaycanla hər kəsə - Rusiya, ABŞ-a və Avropa hörmətlə davranacaq. Birlikdə güclənsək, heç kim buna şad olmayacaq, amma bizim münasibətlərimizə hörmət ediləcək və nəzərə alınacaq”.

Müəllif: Nicat Hacıyev      17 Dekabr 2019 14:03
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin