Məmurların analoqsuz dövlətçilik sevgisi – AXI NİYƏ?!

Məmurların analoqsuz dövlətçilik sevgisi –     AXI NİYƏ?!

Vətəndaşlarının maraqlarına ziyan vurduğun dövlətin möhkəmlənməsinə necə xidmət etmək olar?

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək, imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Azərbaycanda kadr islahatların gurhagur vaxtı bir xəbər oxudum. Xəbərin vacibliyi barədə bir az sonra danışacam, amma bu xəbəri oxuyan kimi, adamda elə bir təəssürat yaranır ki, sanki, bu ölkədə işləyən bəzi məmurlar and içiblər. And içiblər ki, elə qərarlar qəbul etsinlər, elə işlər görsünlər ki, insanlar bu addımın qanuni olması qarşısında heç nə edə bilməsin, amma bu əməl onların güzaranına, maddi rifahına daha da ziyan vursun.

 

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş rəhbəri Hacıbala Abutalıbovun dövründə tez-tez yolkənarı arakəsmələr sökülür, mərmərlər döşənir, bər-bəzəkli, Hacıbala müəllimin başa düşdüyü qədər kreativ formada olan yeni işıq dirəkləri qoyulurdu. Kim də sual verəndə ki, “ay müəllim, axı şəhərin bu qədər problemi ola-ola, işləyən işıqlandırma sistemini, mərkəzi küçələrin onsuz da parıldayan bordyurlarını niyə sökürsən”, bacardıqca ciddi sifət alaraq, mütləq Prezidentdən bir sitat gətirir, Bakını necə sevdiyini göstərir, axırını isə mütləq “şəhərimizin işıqlı gələcəyi” ilə bitirirdi.

Bu ciddi sifətin nəticəsini isə biz hələ də görürük. Bir az qar-yağış olan kimi, mərmər bordyurlar “ölüm silahına” çevrilir, küləklər şəhərində “təsadüfən” külək olan kimi Hacıbala müəllimin kreativ işıq dirəkləri kibrit çöpü kimi yellənir, adi günlərdə isə hətta şəhərimizin mərkəzi küçələri belə, dirəklərdə işıqlar yana-yana qapqaranlıqdır.

 

Mənim dediklərimdə qərəz yoxdur. Hacıbala müəllim inanmırsa, özü gedib axşamüstü Neft Akademiyasının qarşısındakı yolda, Səməd Vurğun bağının ətrafındakı yolda maşınla bir “kruq atsın”. Və onu da bilsin ki, mən qətiyyən bəzi gözügötürməyənlərin dediyi “bu işıq dirəkləri Abutalıbovun qardaşının sexində düzəldilib” tipli dedi-qoduları qəbul etmirəm. Xalq üçün çalışıblar da, özləri üçün yox ki...

 

Əziz oxucu, deyəcəksən ki, “Nə istəyirsən bu ömrü boyu xalqa xidmət etmiş məmurdan? Axı niyə vəzifədə olanda yazmırdın?!” İzahı çox sadədir. Azərbaycanda Hacıbala müəllim də daxil olmaqla, məmurların “ancaq və ancaq xalqın rifahını və dövlətçiliyi düşünərək” atdığı addımlar o qədərdir ki, yəqin şəxsən mənim üçün bu mövzunun növbəsi indi gəlib çatıb. O ki, qaldı vəzifədə olan zaman yazmaq məsələsinə, narahat olmayın, bu məmurlar ordusu ki var bizdə, onlar biz qələm əhlini çörəksiz qoymayacaqlar. Çox keçməz, yenə də bir məmur çıxar ciddi sifətlə və “xalq üçün, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün” elə bir addım atar ki, bunun ziyanını çəkən sıravi vətəndaş belə, görülən işin necə fərəhlə qələmə verilməsi qarşısında, yalnız barmağını dişləyər...

 

Bu sətirləri yazan zaman, heç özüm də bilmirdim, dediklərim cəmi bir neçə dəqiqədən sonra reallığa çevriləcək: Azərbaycana xaricdən gətirilən avtomobillərə tətbiq olunan gömrük rüsumlarının artırılması təklif edilib. Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. Onun sözlərinə görə, ekoloji tələbləri nəzərə alaraq təklif edilib ki, 7 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsi zamanı onlara daha yüksək rüsumlar tətbiq edilsin. Komitə sədri bildirib ki, 7 illik müddət dedikdə avtomobilin istehsalından ötən 7 il nəzərdə tutulur, yəni bu müddətin təsiri ilə, illər dəyişdikcə, rüsuma cəlb edilən avomoibllərin illi də yüksələcək.

 

İlk baxışdan dövlətçiliyimizi öz sələfindən daha çox sevdiyini nümayiş etdirmək həvəsində olan Səfər müəllimin, nəinki öz sahəsinin problemlərini həll edib, hətta ölkənin ekoloji vəziyyətinin də düzəlməsinə çalışdığını yalnız təqdir etmək olar. Adamı, taftalogiya olsa da deyim ki, ancaq ölkənin maraqları maraqlandırır, və bu sevginin arxasında heç bir maddiyyat-filan dayanmır. Ancaq dövlətin maraqları.

 

Bundan sonra kim ölkəyə 7 ildən qoca maşın gətirsə, el dilində desək, elə o maşının özü qədər də pul verəcək ki, o avtomobili Azərbaycan yollarında sürə bilər. Düzdür, ölkədə ekoloji vəziyyət pisləşir, qayğısına qalmaq lazımdır. Amma Səfər müəllimin bu addımının sıravi azərbaycanlıya necə təsir edəcəyi hörmətli Komitə sədrinin özünü maraqlandırırmı? Ya o bilmir ki, dövlətə və dövlətçiliyə xidmət, burada yaşayan insanlara xidmət deməkdir? Vətəndaşlarının maraqlarına ziyan vurduğun dövlətin möhkəmlənməsinə necə xidmət etmək olar?

Səfər müəllim, onsuz da azərbaycanlı sürücülər Gürcüstan, Rusiya və digər qonşularımızdakı gömrük qiymətlərinə həsədlə baxırlar. 7 ildən aşağı maşınların ölkəyə gətirilməsinin azalması, daxildə köhnə avtomobillərin qiymətini qaldıracaq – bunu siz dəqiq bilirsiniz. Ölkə avtosalonlarında satılan maşınların qiymətinin isə sizin qoyduğunuz postlardan sonra “ceyranın belinə” qalxdığından da xəbərdarsınız. Bəs, salonların həndəvərindən keçməyə də imkanı olmayan və çoxluq təşkil edən vətəndaşlar nə etsinlər? Sizin xidmət etdiyiniz, dövlətçiliyinin möhkəmlənməsi üçün durmadan çalışdığınız dövlətdə maşın sürməsinlər? Axı möhkəm dövlətin əsas göstəricisi orada yaşayan əhalinin maddi rifah halının yaxşılaşdırılması, yaxşı yaşamasıdır - bunu biz yox, Prezident İlham Əliyev deyir.

 

Belə ekologiya həvəskarısınızsa, təklif edin ki, distribyutorlar tərəfindən ölkəyə gətirilən yeni maşınlar üçün vergi minimuma endirilsin. Əvəzində həmin şirkətlərdən tələb edilsin ki, utilizasiya proqramına başlasınlar. Bizim kimi dövlətçiliyin necə möhkəmləndirilıməsini qanmayan yetimlər də köhnə maşınlarımızı aparaq verək onlara metallom kimi, yeni maşını da aşağı faizlə alaq. Həm biz razı qalaq, həm də az müddətdə ölkənin ekoloji vəziyyəti düzəlsin. Ekologiyanın qorunması adı altında insanların cibinə və dolanmasına ziyan vuran qərarlarla ekologiyanı düzəltmək olmaz. Mən hələ dövlətçiliyi demirəm. Bəyəm, “eqologiya budur?”

 

P.S. Mənə elə gəlir ki, Azərbaycanda məmurların çatışmayan cəhətlərindən biri onların çox az gülümsəmələri, çox zaman ciddi sifət almalarıdır. Yadıma dahi Oleq Yankovskinin qəhərmanı Baron Münhayzenin sözləri düşdü: “Mən bilirəm sizin bəlanız nədir. Siz çox ciddisiniz. Sifətin ciddiliyi hələ onun ağıllılıq əlaməti deyil. Dünyada bir çox sərsəm işlər ciddi sifətlə edilir. Odur ki, gülümsəyin, cənablar, gülümsəyin”.

Müəllif: Yoldaş Mircəfər      16 Dekabr 2019 10:18
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin