Paytaxt sakinləri ciddi seçim qarşısında: Başımıza necə çarə qılmalı...

Paytaxt sakinləri ciddi seçim qarşısında:   Başımıza necə çarə qılmalı...

Məsələn, evi işin, yaxud işi evin yaxınlığına “daşımaq” versiyasına müraciət edənlər varmı?

 

Paytaxt küçələrində, eləcə də şəhərə giriş-çıxışlarda yaşanan tıxaclardan yüz minlərlə insan əziyyət çəkir. Üstəlik ictimai nəqliyyat sistemimiz ürəkaçan vəziyyətdə deyil. Metroda intervallar, basabas, nasazlıqları da ümumi problemə əlavə etmək lazımdır.

 

Nəticədə, evdən-işə və əksinə hərəkət edənlər üçün ciddi problemlər yaranır. Belə olan halda, vətəndaşlar öz başlarına neçə tapırlar. İşə gecikməmək, evə vaxtında qayıtmaq üçün nə kimi variantlara əl atırlar. edirsiniz? Məsələn, evi işin, yaxud işi evin yaxınlığına “daşımaq” versiyasına müraciət edənlər varmı?

 

AYNA bu məsələ ilə bağlı sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. Cavabları təqdim edirik:

Gülşən Şərif: “Səhər evdən işə 1 saata çatıramsa, axşam işdən evə 2 saata çata bilirəm. Tıxaclarda sürünməmək üçün edə biləcəyim yeganə iş səbirli olmağı öyrənməkdir. Baş qatmaq üçün yolda sıxlıqdan kitab da oxumaq olmur”.

 

Rahil Sayadoğlu: “11 ildir televiziya sahəsində çalışıram. Yaşadığım yerdən iş yerlərimə adətən piyada, yaxud da 5-10 dəqiqəlik avtobusla gedib-gəlirəm. İşlədiyim telekanallar bəxtimdən evimizin yaxınlığında yerləşir”.

 

Elgün Mənsimov: “Elə məsələlər var ki, adam seçim edə bilmir. Ona görə də məcburən hər gün tıxaclarda ömür çürüdür. İş yeri belədir ki, onu istədiyin zaman dəyişmək çox vaxt sənin ixtiyarında olmur. Qalır kirayə evi dəyişmək. Bunu da hər adam edə bilmir. Çünki övladı ya o ərazidə bağçaya, məktəbə gedir, onu yarımçıq qoyub çıxmaq olmur ya da başqa bir səbəbdən tez-tez köçə bilmir. Bütün hallarda, insan işlədiyi yerə yaxın qalsa, yaxşıdır. Bu, həm vaxta qənaətdir, həm də əsəb sisteminə faydalıdır”.

 

Kənan Paşabəyli: “İş yerim evdən 55 km uzaqda yerləşir. Ona görə də səhərlər evdən tez çıxıram ki, işə vaxtında çata bilim”.

 

Elyar İslam: “Onsuz da kirayədə yaşayıram. Evi iş yerinə yaxın tuturam. Çox zaman işə piyada gedib-gəlirəm”.

Rüstəm Fərman İsmayılov: “Sadəcə olaraq metronun yaxınlığında kirayə ev tutmuşam. İşə metro ilə gedib-gəlirəm”.

 

Aynur Cavid: “Qobustanda işləyirəm. Əvvəllər evdən işə getmək üçün 2 dəfə taksiyə minməli olurdum. Gördüm ki, ömrümün yarısı yollara, qazancım taksilərə gedir. Köçdüm Qobustana. İşimə 10 dəq məsafədə kirayə ev tapdım və kirayə xərcim taksidən daha ucuz başa gəlir”.

 

Savalan Talıblı: “Bakının bütün kənd və qəsəbələrində nəqliyyat sistemi iflic vəziyyətdədir. Buna əmin olmaq üçün Bakı kəndlərinə gedən avtobusların nə vəziyyətdə olduğunu görmək kifayətdir. Avtobusların sayı olduqca azdır, vaxtlı-vaxtında da işləmir. Əhalinin əksər hissəsi məcbur olub bir manatlıq taksilərdən istifadə edir. Orta əməkhaqqı alan biri üçün bu, heç də əlverişli deyil. Demək olar, hər gün axşam saat 17:30-dan Neftçilər prospektində saatlarla tıxac olur. Sədərək və Binə bazarlarından gələnlər saatlarla tıxacda qalırlar. Dünyanın heç bir ölkəsində belə biabırçılıq yoxdur. Bakının nəqliyyat sistemi təcili sürətdə yenidən işlənməlidir. Çox acınacaqlı vəziyyətdir”.

 

Vəfa Fərəc: “Heç bir iş yerim evimə yaxın olmayıb. Canımıza cəfa verib tıxaclarda əsəb xərcləyə-xərcləyə (metroda da, marşrut avtobuslarında da “ças pikdə” vəziyyət bərbad olur) gedib-gəlmişəm. Çox yorğun olanda tıxacdakı zülümlə getməmək üçün, hamı kimi (saat 10.00-19.00) iş vaxtı bitəndə çıxmayıb, işdən 1-2 saat gec çıxmışam”.

 

Elyar Həsənov: “İşimi elə qurmağa çalışıram ki, tıxac vaxtına düşməyim. Bu cəhdim hərdən alınır, hərdən də alınmır”.

 

Eltən Törəçi: “Tıxacda audio versiyada kitab dinləyərək, itirdiyimiz vaxtı geri qazanırıq”.

 

Aynur Həsənzadə: “Evdən işləyirəm”.

Müəllif: Təranə Xudabaxşiyeva      16 Dekabr 2019 18:55
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin