Yediyimizə nə qədər pul, o pulu qazanmaq üçün nə qədər vaxt sərf edirik – İNDEKS

Yediyimizə nə qədər pul, o pulu qazanmaq üçün nə qədər vaxt sərf edirik –         İNDEKS

“Keçmiş Sovet ölkələri üçün “borş indeksi” xarici hamburgerdən daha aktualdır”

 

Müxtəlif ölkələrdə iqtisadi vəziyyətin qiymətləndirilməsi üçün bir neçə qeyri-rəsmi indeks mövcuddur. Ən tanınmışlarından biri, 1976-cı ildə “The Economist” tərəfindən hazırlanan “Biq Mak” indeksidir. Onun sayəsində, bəzi iqtisadçıların fikrincə, əhalinin alıcılıq qabiliyyətinə müstəqil qiymət vermək mümkündür.

 

Bu günlərdə "Forbes" jurnalı “Biq Mak” (hamburger) almaq üçün ödənilən məbləğ və həmin məbləği qazanmaq üçün sərf olunan vaxtla bağlı məqalə dərc edib. Onun ölkəmizdəki dəyəri 2.33 dollardır. Bu, orta saatlıq əmək haqqından yüksəkdir. Sərf etdiyimiz vaxt isə 80 dəqiqədir.

 

Müqayisə üçün, Rusiyada “Biq Mak”ın qiyməti daha aşağı - 2,04 dollar, onu qazanmaq üçünsə 41,8 dəqiqə kifayətdir. İsveçrəli bu “fast fud” üçün 6.5 dollar ödəməli olur, ancaq həmin məbləği qazanmaq üçün cəmi 15 dəqiqə işləməsi kifayətdir.

İqtisadçı-ekspert Natiq Cəfərli AYNA-ya şərhində, “Biq Mak” indeksinin elmi bir göstərici olmadığını, ancaq bir sıra maraqlı iqtisadi detalları göstərə bildiyini deyib: “Bu, araşdırmaya ehtiyac duyan bir mövzudur. Düzgün göstəricilərin seçildiyi təqdirdə, ölkədəki iqtisadi vəziyyət haqqında çox maraqlı şeylər söyləyə bilər. Xüsusilə, Azərbaycan haqqında danışarkən maraqlı bir mənzərə yaranır. Orta məvacibin “Biq Mak” üçün qiymətə nisbəti ilə məlum olur ki, vətəndaşlarımız bunun üçün bir çox inkişaf etməkdə olan ölkələrin sakinlərindən daha çox pul ödəyirlər. Bu, əhalinin hesablanmamış gəlirləri, kölgə iqtisadiyyatının yüksək səviyyəsindən xəbər verir. Yeri gəlmişkən, MDB ölkələrinin əksəriyyətində, o cümlədən Rusiyada gəlir və xərclər sistemi tam şəffaf deyil”.

 

Ekspertin sözlərinə görə, “Biq Mak” indeksi, əsasən valyuta məzənnələrinin sərbəst rejimdə olduğu ölkələr üçün aktualdır: “Bizim manatın tənzimlənən məzənnəsi var. Buna görə də manatın dollara nisbətdə dəyərdən düşməməsi və ya qiymətləndirilməməsi ilə bağlı bu indeksdən nəticə çıxarmaq mümkün deyil. Məsələn, Rusiyada birja var, rubl məzənnəsinin enib-qalxması var, Azərbaycanda ümumiyyətlə bu cür bir şey yoxdur. Manatın məzənnəsi dəyişməlidir, bu, normaldır”.

 

AYNA-nın digər həmsöhbəti, iqtisadçı-ekspert Fuad Əlizadə isə bu indeksi, ümumiyyətlə əhəmiyyətsiz hesab etmir: “İstehlak qiymətləri indeksi və müəyyən bir valyuta üçün nə qədər mal və xidmət almaq mümkün olduğunu açıq göstərən digər indekslər kimi tanınan indekslər var. “Biq Mak”ın qiyməti çox göstəricidən, xüsusən də məhsulların istehsal olunduğu yerdən və onların tədarükündən asılıdır. Burada logistika nəzərə alınmır”.

 

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev isə AYNA-ya deyib ki, “Biq Mak” indeksi alıcılıq qabiliyyəti paritetini göstərir: “Lakin bu indeksin bir sıra çatışmazlıqları var. Məsələn, “fast fud” şəbəkələrinin fərqli ölkələrdə əhalinin fərqli alıcılıq qabiliyyətinə yönəldildiyi nəzərə alınmır. ABŞ-da əməkhaqqı saatda, ən azı 9 dollar, bəzi ştatlarda daha çoxdur. Azərbaycanda isə daha azdır. Maaş nə qədər yüksək olsa, “Biq Mak”ın dəyəri bir o qədər yüksək olacaq”.

 

“Əlbəttə ki, bu indeksdən çıxarılan nəticələr şərtidir. Məsələn, siyahıda Rusiya da var, lakin Moskva və Sankt-Peterburqdakı qiymətlər kiçik vilayət şəhərindəki qiymətlərdən fərqlənir. Bəzi ölkələrdə “Biq Mak” populyardır, amma bəzilərində o yeyilmir. Keçmiş Sovet İttifaqı ölkələri və keçmiş “Varşava müqaviləsi”nə qoşulan ölkələr üçün adi bir “borş indeksi” xarici hamburgerdən daha aktualdır”.

Müəllif: Elya Beliskaya      16 Dekabr 2019 22:11
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin