Xaricdəki soydaşlarımızdan çağırış: “Bizə yox, ölkədəki imkansızlara yardım edin”

Xaricdəki soydaşlarımızdan çağırış: “Bizə yox, ölkədəki imkansızlara yardım edin”

Diasporla İş üzrə Dövlət Komitəsinin sosial yardım və “soydaş vəsiqəsi” təklifi, xaricdə yaşayan həmvətənlərimiz tərəfindən “isti” qarşılanmır

 

Xəbər verdiyimiz kimi, Azərbaycan dövləti xaricdə yaşayan azərbaycanlılara sosial yardım etməyi düşünür. Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) İnsan resursları, hüquq və sənədlərlə iş şöbəsinin müdir müavini Şahin Camalov əməkdaşımızla söhbətində bildirmişdi ki, xaricədə yaşayan soydaşlara yardım göstərilməsi ilə bağlı Prezidentin müvafiq sərəncamından sonra qanunda dəyişiklik edilib və bundan irəli gələrək yeni qaydalar hazırlanıb. Həmin qaydalarda kimlərə, necə, hansı halda maddi dəstəyin verilməsi nəzərdə tutulur.

 

Bundan başqa, "Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında" Qanun layihəsində "soydaş" anlayışı müəyyən edilib. Bu anlayış xaricdə yaşayan və özünü azərbaycanlı sayan hər kəsə şamil olunacaq. Valideynləri Azərbaycandan olan, Azərbaycan SSR-in və indiki Respublikanın vətəndaşı olmuş, amma indi xarici ölkə vətəndaşı olanlara "soydaş vəsiqəsi" veriləcək.

 

“Dünya təcrübəsindən yararlanaraq, Azərbaycan da özünü azərbaycanlı sayanlara müxtəlif imtiyazlar verməyi düşünür. Məsələn, “soydaş vəsiqəsi” olanlar və onların ailə üzvləri 90 gün ərzində Azərbaycana vizasız gəlib qala biləcəklər. Onlara başqa imtiyazlar da veriləcək”, - deyə Ş.Camalov vurğulamışdı.

Sözügedən yeniliklər xaricdəki soydaşlarımızı nə dərəcədə məmnun edir. Onlar dövlətin yardımı və “soydaş vəsiqəsi” üçün müraciət etməyi düşünürlərmi? AYNA bu digər sualları, xaricdə yaşayan bəzi soydaşlarımıza ümvanlayıb.

 

Almaniyada yaşayan həmyerlimiz Nəzakət Zeynallının fikrincə, bu məsələdə məqsəd “özünüzü yaxşı aparın”dır: “Yəni “özünü yaxşı aparan” xaricdəki soydaşlarımıza ikinci pasport əvəzi veriləcək. Azərbaycan ikili vətəndaşlığı qəbul etmir. Maraqlıdır, hansı ölkədəki soydaşlara vəsiqə veriləcək. Misal üçün, Rusiyada çörək, qazanc dalınca gedənlərə də veriləcəkmi? Onlara yardım olunursa, elə öz ölkəsində olunsun da”.

 

“Hesab edirəm ki, Komitənin bu yeni təklifləri ölkədən pul çıxarılması və vəsaitin “yeyilməsi” üçün əlavə vasitədir. Narahat olmasınlar, xaricdə olanlar sosial yardım alırlar, üstəlik qazandıqlarından Azərbaycandakı yaxınlarına da göndərirlər. Komitə əvvəlcə xaricdəki səfirliklərin fəaliyyətinə göz gəzdirsin, bu barədə həmin ölkədəki azərbaycanlıların fikrini alsın. Mənim əmim oğlu Rusiyada itdi, onda bildim ki, Rusiyadakı səfirliyimiz necə bir bataqlıqdır. Bir də tutaq ki, sosial yardım üçün müraciət edirəm, bəs mənim Almaniyadakı gəlirimi necə müəyyən edəcəklər? Almaniya hökuməti məlumat verən deyil”, - Zeynallı bildirib.

 

Almaniyada yaşayan başqa bir soydaşımız Tünzalə Rafiqqızı da yeniliklərə “isti" yanaşmır: “Həmin Komitənin  fəaliyyətini Vətənimdə hiss etmirdim, amma Almaniyaya gələndən sonra daha yaxşı hiss edirəm - Komitənin fəaliyyəti 0 səviyyəsindədir. Azərbaycanın xaricdəki səfirliklərinin işi isə deyiləsi deyil. Ən əvvəl burada 10 il yaşayan azərbaycanlılar var ki, hələ də övladına şxsiyyət vəsiqəsi ala bilmirlər. Burada yüzlərlə insanımız var ki, yetkinlik yaşına çatsa da, bunu təsdiq etdirə bilmir. Soydaşlarımız qanuni sənədlərini əldə edə bilmirlərsə, hansı soydaş vəsiqəsindən söhbət gedə bilər?!”

 

“Azərbaycanda yaşayan vətəndaşlar doğru-düzgün sosial yardım ala bilmirlər. Çox adam keyfindən buralara gəlməyib, miqrant kimi gəlib, hələ də zülm içindədirlər. Məsələnin kökü sosial yardım almaq, bir-iki yardımla kampaniya yaradıb “şirinlik” etmək lazım deyil. Özüm də tezliklə, 2 ildir yaşadığım Almaniyada azərbaycanlıların problemlərini əks etdirən araşdırma və təkliflərimi Komitəyə göndərəcəyəm”, - Rafiqqızı vurğulayıb.

O, başqa problemə də toxunub: “Almaniyada diaspor fəaliyyəti ilə yanaşı hər əmələ əl atır, hətta bir-birinin zərərinə şər-böhtanlar yağdırır, öz aralarında qarşıdurmalar yaradırlar. Təəssüf ki, soydaş dediyimiz insanların çoxu etibarını itirib. Bu, bizim ölkəmiz üçün utancdır. Yaxşı olardı ki, Komitənin dəstək verdiyi diaspor təşkilatlarını monitorinq edərdilər. Biz Azərbaycanı istədiyimiz kimi təbliğ edə bilmirik. Diaspor adından pullar yeyən şəxslər bizim də işimizə mane olurlar. Gələn ilin martında maraqlı konsertimiz olacaq, hazırlaşırıq. Məqsəd Azərbaycanı hərtərəfli təbliğ etməkdir. Diaspordan bir nəfər də bizə dəstək vermədi, iş adamlarımıza müraciət edək, hər hansı söz demədilər. Sual verirəm: bu ötən illər ərzində nə iş görmüsünüz? Gördüklərinizi ortaya qoyun baxaq, əlamətdar günlərdə 10-15 nəfəri konfrans zalına yığıb danışmaqla iş olmur”.

 

20 ildən çoxdur Niderlandda yaşayan kulinar Mədinə Məmmədova düşünür ki, əgər həmin sosial yardım və “soydaş vəsiqəsi” xaricdəki diaspor təşkilatlarının əli ilə veriləcəksə, indidən ümidi üzmək lazımdır: “Diaspor təşkilatı bir qəpik də xərcləməz, bilmiş olun. Diasporun işi ayda-ildə bir dəfə yığışıb konsert keçirməkdir. Bayram günlərimizdə konsertin bileti də çox baha olur, burdakı azərbaycanlının cibinə uyğun deyil. Gətirdikləri müğənnilərin pulunu da bizdən çıxarırlar, üstəlik özləri pul qazanırlar. Bir qrup diaspor nümayəndəsi heç buranın dilini də bilmir. Onlar bizim öz gücümüzə qazandığımız uğurlarımızı tanımır, maraqlanmırlar da”.

 

“Hollandiyada müxtəlif sahələrdə uğur qazanan xeyli soydaşımız var. Mən özüm Hollandiyada ötən il ən sağlam çörək növü yaradıcısı kimi ölkə əhəmiyyətli müsabiqədə birincilik qazandım. Biri məni təbrik belə, etmədi. Amma mənə “soydaş vəsiqəsi” versələr də, verməsələr də, mən ölkəmi sevirəm, məni burada azərbaycanlı kulinar kimi tanıyırlar, illərdir, milli adət-ənənəmizi, mətbəximizi təmsil edirəm”, - soydaşımız deyib.

 

“Qaldı ki, Komitənin yeni qanun layihəsindəki məsələlərə, yazılanlar, təkliflər çox əhəmiyyətlidir, cazibəlidir. Amma indi bunlara şəffaf şəkildə əməl olunacaqmı? Bir də Komitə təklif etdiyi sosial yardımdansa, ölkəmizdəki imkansızlara yardım etsin. Yeni qanun layihəsində deyilir ki, 18 yaşına qədər valideynini itirmiş adama, cənazəsi olana sosial yardım ediləcək. Axı Avropada, xaricdə yaşayanlara həmin dövlət bu yardımları onsuz da edir. Sadəcə xaricdə yaşayan azərbaycanlılara Vətənə qayıdanda yad kimi yox, doğma kimi baxmaq lazımdır”, - Məmmədova əlavə edib.

 

Türkiyədə yaşayan soydaşımız Məhsəti Şərif məsələ iki aspektdən yanaşır: “Məncə, “soydaş vəsiqəsi” Türkiyədə rəsmi olaraq yaşayan insanlara verilə bilər. Məlumdur ki, burada sənədsiz minlərlə soydaşımız var. Bəlkə də bu vəsiqə onların qeydiyyatı məsələsinə müsbət təsir edər. Amma sosial yardım məsələsini qəbul etmirəm. Azərbaycanda yardıma ehtiyacı olan kifayət qədər insan var. Sağlamlıq problemi olan insanlarımız evini satıb bura gəlirlər. Dövlət əvvəlcə belə insanları tapıb yardım etsin”.

 

“Ya da insanların rahat iş tapması üçün iş yerləri açılsın, sosial təminat budur. Tez-tez burada toplantılara qatılıram, təəssüf doğuran məqamlara şahidlik edirəm. Burada çalışan QHT-lər Diaspor Komitəsindən yardım almaq üçün mübarizə aparır, amma ortaya faydalı iş qoymurlar. Bu mübarizə hərdən çox çirkin hal alır”, - Şərif vurğulayıb.

Müəllif: Raminə Eyvazqızı      16 Dekabr 2019 13:14
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin