Bakıda avtobus qəzası: 6 nəfər yaralanıb

Bakıda avtobus qəzası:         6 nəfər yaralanıb

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb

 

Bakı Nəqliyyat Agentliyi (BNA) marşrut avtobusunun qəzaya uğraması ilə bağlı məlumat yayıb. Agentlikdən AYNA-ya bildirilib ki, bu gün səhər saat 09:00 radələrində Suraxanı qəsəbəsi “Daş yol” adlanan küçədə yol nəqliyyat hadisəsi baş verib.

 

Belə ki, KİA markalı minik avtomobili əks hərəkət istiqamətinə çıxaraq 104 nömrəli müntəzəm marşrut xətti üzrə (Dövlət Qeydiyyat Nişanı 90 OJ 542) sərnişin avtobusu ilə toqquşub. 104 nömrəli müntəzəm marşrut xətti üzrə daşıyıcı Nazim Qəhrəmanovun verdiyi məlumata əsasən, hadisə zamanı avtobusda olan sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb.

 

Şahidlərin sözlərinə və ilkin araşdırmalara görə, hadisəyə səbəb KİA markalı minik avtomobili sürücüsünün sükan arxasında yuxulaması olub.

 

*** 10:53

 

Bakıda marşrut avtobusu qəzaya uğrayıb. 

 

AYNA xəbər verir ki, hadisə Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yanında qeydə alınıb. 

 

Səhiyyə Nazirliyindən bildirilib ki, 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 08:45-də daxil olub. Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili gedib. Qəza nəticəsində ikisi azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlara lazım olan yardım göstərilib və müalicələri davam edir.

 

Faktla bağlı araşdırma aparılır. 

Müəllif: Ayna.az      14 Dekabr 2019 12:21
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin