Məktəblilərin faciəsi ilə bağlı yeni məqamlar ortaya çıxıb

Məktəblilərin faciəsi ilə bağlı yeni məqamlar ortaya çıxıb

Valideyn: “Uşaqlar dəhşətə gəliblər, hadisəni eşidəndən bütün məktəb yas içindədir”

 

Bu günlərdə ölkə gündəmi daha bir faciə ilə silkələndi. Söhbət dekabrın 10-u axşam, Binəqədi rayonu Sulutəpə qəsəbəsində, iki məktəblinin yük maşını tərəfindən vurulmasından gedir.

 

Yayılan məlumatlarda həmin yeniyetmələrin əvvəl orta məktəb şagirdi, daha sonra ali məktəb tələbələri olduqları bildirildi. Hadisə yerinə cəlb olunmuş YPX müfəttişlərinin sözlərinə görə, “KAMAZ” markalı yük maşını Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən tələbə qız və oğlanı vurub.

 

Lakin həlak olan yeniyetmələrdən birinin sinif yoldaşının anası Afaq Əsgərova AYNA-ya deyib ki, onlar tələbə yox, məktəbli olublar: “Uşaqlar mənim uşaqlarımla bir məktəbdə oxuyublar - 314 saylı məktəbdə. Həmin vaxt yolda başqa uşaqlar da olub. Əslində, o gün oğlan hazırlıqdan gəlsə də, qızın hazırlığı yox imiş, sadəcə məktəb yoldaşları olan qızlarla sabahkı dərsin vaxtını öyrənməyə gedibmiş. Çox pis təsir edib uşaqlara, hadisəni eşidəndən bütün məktəb yas içindədir”.

 

Binəqədi rayonunun, Biləcəri qəsəbəsində yerləşən 314 saylı məktəbdən AYNA-ya açıqlamada, qəzada ölənlərin həqiqətən məktəbin şagirdləri olduqları bildirilib. Onların hər ikisi 2003-cü il təvəllüdlü olub.

 

Xatırladaq ki, dekabrın 10-da saat 21 radələrində Şabran rayon sakini, 1993-cü il təvəllüdlü Ağayev Təbriz Rövşən oğlunun etibarnamə əsasında idarə etdiyi “KAMAZ 53212” markalı 17-BC-869 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsindən Sulutəpə qəsəbəsi istiqamətində hərəkət edərkən yolu keçən piyadalar - Cabbarlı Tural Mustafa oğlu və Sultanlı Dilarə Bəxtiyar qızını vurması nəticəsində sonuncular hadisə yerində vəfat ediblər.

Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilib, şahidlərin və sürücünün ifadəsi alınıb, zəruri sənədlər toplanaraq cinayət işinə əlavə edilmiş və digər istintaq hərəkətləri yerinə yetirilib.

 

T.Ağayev iş üzrə şübhəli şəxs qismində saxlanılaraq müdafiəçinin iştirakı ilə dindirilib.

Müəllif: Raminə Eyvazqızı      12 Dekabr 2019 19:23
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin