“YAP-ın qərarına qarşı çıxanların barəsində tədbir görüləcək”

“YAP-ın qərarına qarşı çıxanların barəsində tədbir görüləcək”

Aydın Mirzəzadə: “Biz gəncləşmənin tərəfdarıyıq, amma bu, o demək deyil ki, bizim deputat korpusumuz ancaq gənclərdən ibarət olacaq”

 

2020-ci il fevral ayının 9-da ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Bəzi siyasi partiyalar VI çağırış parlament seçkilərinə hazırlaşmağa başlayıb. O cümlədən hakim Yeni Azərbaycan Partiyası.

 

Partiya İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə mövzu ətrafında AYNA əməkdaşının suallarını cavablandırıb:

 

- Aydın müəllim, üzvü olduğunuz Yeni Azərbaycan Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcəyini açıqlayıb. YAP budəfəki seçkilərə hansı yeniliklərlə gedir?

 

- Yeni Azərbaycan Partiyası seçkilərin mahiyyətindən asılı olmayaraq, partiya daxilində seçkilərə həmişə ciddi hazırlıq işləri həyata keçirib. Belə ki, biz gözlənilən seçkidə komissiyalarda təmsil olunacaq nümayəndələrimizi dəqiqləşdirir, təbliğatçı və müşahidəçilərimizi prosesə hazırlayır, seçki məcəlləsi üzrə daxili kurslar təşkil edirik. Bundan əlavə, üzvlərimizin ideoloji hazırlıq məsələsinə də diqqət yetiririk. Yəni prinsipcə növbədənkənar parlament seçkiləri YAP üçün heç də gözlənilməz olmadı. Sadəcə olaraq noyabr ayı üçün hazır olan planlarımızı fevral ayı ərəfəsində həyata keçirəcəyik. Hal-hazırda namizədlər siyahısı üzərində iş bölgüsü aparılır. Müəyyən dövrdən sonra onların adları açıqlanacaq. Seçki məcələssinin tələblərinə uyğun olaraq namizədlərimiz, komissiya üzvlərimiz, müşahidəçilərimiz, eyni zamanda təbliğat dövründə fəaliyyət göstərəcək təbliğatçılarımız artıq hazırdırlar. Hesab edirik ki, təbliğatımızı yüksək şəkildə apara biləcəyik.

- YAP Siyasi Şurasının iclasında gənclərdən ibarət deputat korpusunun formalaşdırılması ilə bağlı açıqlama verilmişdi. Bu qərar qüvvədə qalırmı?

 

- Əslində belə deyilməmişdi. Doğrudur, biz gəncləşmənin tərəfdarıyıq, amma bu, o demək deyil ki, bizim deputat korpusumuz ancaq gənclərdən ibarət olacaq. Yəni bütün yaş və sosial qruplardan bizim namizədlərimiz olacaq. Biz yalnız indi deyil, hər bir seçkidə namizədlərimizin gəncləşməsi məsələsinə diqqət yetiririk.

 

- V çağırış parlamentdə Yeni Azərbaycan Partiyasını təmsil edən millət vəkilləri çoxluq təşkil edirdi. VI çağırış parlamentdə də YAP say üstünlüyünü qoruya biləcək?

 

- Hər halda bizim hədəfimiz budur və buna istiqamətlənmişik. Yenə də istəyirik ki, parlamentdə çoxluq bizim partiyanın üzvlərindən ibarət olsun.

 

- V çağırış parlamentdə YAP-ı təmsil edən deptatlar, VI çağırış parlamentə də öz namizədliklərini irəli sürəcəklər?

 

- Bununla bağlı ciddi partiya intizamlarımız olur. Yəni ki, ancaq partiyanın rəsmən irəli sürdüyü namizədlər dəstəklənir. Müstəqil şəkildə namizədliyini irəli sürən partiya üzvləri ilə də söhbət edilir və onlardan namizədliyini geri götürmək, yaxud partiya ilə vidalaşmaq təklif olunur. Çünki biz resurslarımızın və tərəfdarlarımızın parçalanmasının heç vaxt tərəfdarı olmamışıq. İlk növbədə bununla bağlı ümumi qərarımız olacaq. Lakin kimsə partiya qərarımızı özü üçün vacib hesab etməyərək namizədliyini irəli sürəcəksə, o zaman biz həmin şəxs və şəxslərlə intizam qaydaları barəsində söhbət edəcəyik.

 

- Siz necə, parlament seçkilərində namizədliyinizi irəli sürəcəksiniz?

 

- Mən partiyanın qərarını gözləyirəm. Partiya hansı qərarı versə, elə də hərəkət edəcəm.

Müəllif: Mərahim Nəsib      11 Dekabr 2019 16:01
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin