Nyu-Yorkda yaşayan azərbaycanlı yazıçı

Nyu-Yorkda yaşayan azərbaycanlı yazıçı

O, Nyu-Yorkda çap olunan rusdilli qəzet və jurnallarda tez-tez Qarabağ həqiqətləri haqqında siyasi məqalələrlə çıxış edir

 

Əsl adı Əvəz olsa da, onu uşaq yaşlarından Azik deyə çağırıblar. Amerikaya gələndən sonra isə ABŞ vətəndaşlığını qəbul edəndə pasportuna adını Ayzek (Izek) yazdırıb. Və bundan sonra nəşr olunan bütün kitabları da Ayzek Əliyev imzası ilə işıq üzü görüb.

 

Atası geologiya-mineralogiya elmləri doktoru, professor Sabir Əliyev olub. 2005-ci ildə vəfat edib. Anası geologiya-mineralogiya elmləri namizədi Dilarə xanım isə hazırda oğlunun yanında, Nyu-Yorkda yaşayır. Bu il 90 yaşını qeyd edəcəklər.

Nyu-Yorkda yaşayan azərbaycanlı yazıçı

Ayzek 1955-ci ildə Bakıda dünyaya gəlib. Orta təhsilini 1972-ci ildə 20 nömrəli məktəbdə başa vurub. Eyni zamanda 1962-1972-ci illərdə 16 nömrəli şəhər musiqi məktəbində fortepiano dərslərinə gedib. 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsində ali təhsil alıb. 1977-1996-cı illərdə AMEA-nın Coğrafiya İnstitutunda kiçik elmi işçidən laboratoriya müdiri vəzifəsinədək yüksələ bilib. Arada iki il AMEA-nın Geologiya və Geofizika İnstitutunda çalışıb. 
1982-ci ildən coğrafiya elmləri namizədidir. 1996-cı ildən ABŞ-ın Nyu-York şəhərində yaşayır.

 

Ömür-gün yoldaşı Tamara xanım milliyətcə gürcüdür. Hələ Bakıda yaşayarkən pediator-həkim ixtisasına yiyələnib. İki övladı var. Böyük qızı Ayla xanım 33, ikinci qızı Dilarə xanım isə 28 yaşındadır.

Elman Eldaroğlu adlı şəxsin şəkli.

Ayzek Amerikaya gələndən sonra beş il müxtəlif işlərdə çalışıb, dil kurslarına gedib. 2001-ci ildən “Human Resources Administration” təşkilatında işləyir. O, burada “social worker” vəzifəsindən “supervisor” vəzifəsinədək yüksələ bilib.

 

Uzun illərdir ki, bədii yaradıcılıqla məşğul olur. Rus dilində yazıb-yaradan yazıçılardandır. “Deletantın özünü dərk etməsi” adlı ilk kitabı 1994-cü ildə Bakıda nəşr olunub. “Axırıncı illyuziya” adlı ikinci kitabı isə 2007-ci ildə ABŞ-da işıq üzü görüb. İki cildli “Rusiya imperiyasının qara qızılı” tarixi romanları isə 2017-ci ildə Rusiyada nəşr olunub. Bunlardan əlavə "Etiraf" adlı bir kitabı da var. Yardıcılığı bir sıra mükafatlara layiq görülüb. Bir neçə dəfə “Müasir ədəbiyyatın yeni adları” proqramının laureatı olub. “Rus Mükafatı”na layiq görülüb və s.
Bununla yanaşı Nyu-Yorkda çap olunan rusdilli qəzet və jurnallarda tez-tez Qarabağ həqiqətləri haqqında siyasi məqalələrlə çıxış edir.

Elman Eldaroğlu adlı şəxsin şəkli.

Bədii və tarixi romanları mütaliə etməyi xoşlayır. Qarabağın tezliklə işğaldan azad olunmasını arzulayır. Amerikaya gəlmək istəyənlərə tövsiyəsi isə: “Gəlin, görün, qərar verin”- oldu.

 

Çox danışmağı xoşlamır. Bu səbəbdən söhbətimiz elə də uzun çəkmədi. Sakit, sadə, təvazökar, zəhmətkeş insandır. Həm bir alim, həm də bir yazıçı kimi bacardığı qədər Azərbaycan həqiqətlərini amerikalılara çatdırmağa çalışır. 

Elman Eldaroğlu adlı şəxsin şəkli.

Ondan ayrılarkən: “Harada yaşamağımdan asılı olmayaraq, özümü Azərbaycanın bir parçası hesab edirəm”- söylədi.

Elman Eldaroğlu adlı şəxsin şəkli.

 

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

3 İyul 2019 10:49
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin