Donbass Dağlıq Qarabağa oxşamağa başlayıb

Donbass Dağlıq Qarabağa oxşamağa başlayıb

Dağlıq Qarabağ münaqişəsinin həllində olduğu kimi Ukraynada da bu cür vəziyyət separatçıların maraqlarına uyğundur

 

Gözlənildiyi kimi, Donbass böhranının həll ilə məşğul olan “Normand formatı” çərçivəsində – Fransa, Almaniya, Ukrayna və Rusiya liderlərinin Parisdəki görüşündə ciddi nəticə əldə olunmadı. Tərəflər münaqişənin hansı şəkildə həll olunması ətrafında razılaşmadılar. Donbassa xüsusi statusun verilməsi məsələsində ümumi razılıq var. Ancaq Ukrayna bu statusu bir, Rusiya isə tamamilə fərqli şəkildə görür. Məsələn, görüşdən sonra keçirilən birgə mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin dedi ki, Donbasın xüsusi statusu Ukrayna Konstitusuyasında təsbit olunmalıdır.

 

Ukrayna prezidenti Vladimir Zelenskiy isə bildirdi ki, Konstitusiyanın dəyişdirilməsinə və Ukraynanın federallaşmasına yol verilməyəcək. Zelenskiy haqlıdır. Donbassın xüsusi statusu Konstitusiyada təsbit olunsa Ukraynanın başqa bölgələri də eyni yola baş vuracaqlar. Məsələn Ukraynada yaşayan macarlar və rumınlar da xüsusi status tələb edə bilərlər. Onsuz da Rusiyada bəlli siyasi mərkəzlər Ukraynada yaşayan digər azsaylı xalqları da separatçılığa başlamağa qızışdırırlar.

 

Paris görüşündə yeganə irəliləyiş kimi atəşkəsin qorunmasının vacibliyi göstərildi. Ancaq tərəflər təmas xəttinin sadəcə 3 məntəqəsindən geri çəkilmə məsələsini razılaşdırıblar. Bu məntəqələr barədə konkret məlumat yoxdur. Digər tərəfdən silahlı qüvvələrin bütün təmas xəttindən geri çəkilməsi məsələsi razılaşdırılmayıb. Kiyev əvvəlki tək haqlı olaraq tələb edir ki, Donbass üzərindən Ukrayna-Rusiya sərhəddinə nəzarət etmək istəyir. Rusiya buna qarşıdır və bu məsələni münaqişənin həllinin sonrakı mərhələsində mümkün sayır. Donbassda yerli seçkilərin nə vaxt keçiriləcəyi də Parisdə müəyyənləşmədi. Zelenskiy yerli seçkilərin mütləq Ukrayna qanunlarl əsasında keçirilməsini tələb edir. Seperatçılar bunun əleyhinədirlər.

 

Buna baxmayaraq, o da aydındır ki, Ukraynanın prezidenti müharibə istəmir. Kiyevlə Moskvanın bir başqa razılaşması girovların dəyişdirilməsinin davam etidirlməsiylə bağlıdır.

 

Beləliklə, Parisdə münaqişənin həllinin konseptual məsələləri deyil, bəzi detalları razılaşdırıldı. Fransa və Almaniya vasitəçidirlər. Paris və Berlin anlayır ki, münaqişəni yaxın illərdə həll etmək çətin olacaq. Dağlıq Qarabağ münaqişəsinin həllində olduğu kimi böyük dövlətləri münaqişənin həlli yox, atəşkəsin qorunması və müharibə ehtimalının azaldılması maraqlandırır. Və yenə də Dağlıq Qarabağ münaqişəsinin həllində olduğu kimi Ukraynada da bu cür vəziyyət separatçıların maraqlarına uyğundur. Rəsmi Kiyev isə Ukraynanın ərazi bütövlüyünü təmin etmək istəyir. Beləcə Donbass problemi Dağlıq Qarabağ probleminə oxşamaq başlayıb.

Müəllif: “Atlas” Araşdırmalar Mərkəzi      10 Dekabr 2019 12:30
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin